Hökumətimiz həmişəki kimi ayıq-sayıqdı. Yenə də ölkəmizin inkişafını gözü götürməyən 3 qadın jurnalisti “cinayət” başında yaxalayıblar. Çünki, bu 3 jurnalist qadının hava limanından havaya qalxması milli maraqlarımıza ziddir, uğurlu inkişafımıza kölgə salır və multikulturalizmin ölkəmizdə çiçəklənməsinə təhdiddir. Əldə olunan bəzi məlumatlara görə bu 3 jurnalist təyyarənin buludların arasında olduğu vaxtdan istifadə edib, yad planetlilərlə təmas qurmaq istəyirmiş. Əminliklə demək olar ki, Sevinc Vaqifqızı Yupiterdən maliyyələşir və bu planetdəki “islamafob”ların təsiri alıtndadı. Bunlar elə bilirlər ki, hökumət yatıb və bu məkrli planlardan bixəbərdi. Xeyr, bizim hökumətmiz sadəlövh deyil ki, fikrini yeni model telefon, analoqu olmayan avtomobil, uzaq məsafədəki düşməni dəf edə bilən raket istehsalına yönəltsin. Bizim hökumətimiz bütün diqqətini ölkədəki sabitliyə yönəldib və heç bir anti-milli ünsür bu sabitliyi poza bilməz.
Məsələnin başqa tərəfi də var. Axı, aeroport gənc jurnalistlərin mürgü vurmaq yeri deyil. Düzdür,qocaman YAP-çı Kərim Kərimov bu fikirləri Milli Məclis üçün demişdi. Amma nə dəxli var ki, aeroport da Milli Məclisin uçan variantıdı. Bu möhtəşəm hava limanından ancaq mötəbər adamlar uça bilər. Ümumiyyətlə, bu 3 qızın hansı mənəvi haqqı var ki, məmurlarımızın uçduğu məkana meyl eləyiblər?
Yerdəki inkişafı, görülən işləri, kəsilən lentləri görməyən adam, göyə qalxsa nə edəcək?
Təklif edirəm ki, bu 3 özündənrazı, erməni dəyirmanına su daşıyan jurnalist Kürdəxanıya göndərilsin. Xədicə İsmayılın, Leyla Yunusun həbsi bunlara dərs olmadı. Ölkədə bir hadisə baş verən kimi uçub Obamaya çatdırırlar. Bu ağsifət qızların qaradərili ABŞ prezidentinin agenti olması da araşdırılmalıdır.
Azərbaycan demokratik, hüquqi, sivil bir dövlət olduğu üçün başqa təkliflər verə bilmirəm. Yoxsa, bu 3 jurnalisti şallaqlamağı tövsiyyə edərdim. Hələ utanmaz-utanmaz selife də çəkdiriblər.
Bunların təxribatçı olması işlədikləri saytın adında məlumdur. Sizə kim haqq verib ki, “Meydan.TV” açırsız? Bilmirsiz ki, bu ölkədə bütün meydanlar qapadılıb? Əgər meydan yaxşı bir yer olsaydı hökumətimiz Azadlıq meydanını mitinq üçün müxalifətə verərdi də. Belə çıxır ki, siz müasir Azərbaycanın memarı olan YAP hökumətinə meydan oxuyursuz
Fikirləşəndə ki, bu qızlar böyüyüb kim olacaq, adamın tükləri biz-biz durur. Ay nankorlar, Avropa oyunlarının açılış mərasimi burnunuzdan gəlsin. Hər şeyi qara rəngdə gördüyünüzə görə, qaradərili Obamanın agentinə çevrilmisiz.
Onları mütləq cəzalandırmaq lazımdır. Hələ bunlardan da zəhərli jurnalistlər daş altında yatır. Bunların tayları Avropa oyunlarında könüllü olur, uğurlu daxili və xarici siyasətin təbiğatını aparır, bunlar isə yad qüvvələrə könül veriblər.
Bir daha bu ayıq-sayıqlığa görə hökumətimizi alqışlayır və qadınlarla döyüşdə uğur arzulayıram. Allah belə jurnalistlərin aviabiletindən kəsib, hökumətimizin ömrünə calasın.
Bunları hava limanına yox, havasız yerə salmaq lazımdı. Belə jurnalistlərdən prezidentə dost olar?