Rusiyanın “Nezavisimaya qazeta” dərgisi maraqlı şeylər yazır. Bəli, qəzetin yazdığına görə Rəcəb Tayyib Ərdoğan hökuməti Azərbaycanın müxalifətinə ciddi siyasi dəstək verməyə hazırlaşır. Hər qəzetin yazdığına, təbii ki, inanmaq və bunun üzərində mühakimə qurmaq olmur. Lakin adını çəkdiyim həmin dərgi özünün nüfuzunu qorumuş nəşrlərdən biridir. Amma mən hesab edirəm ki, rus analitikləri və yazarları bu dəfə öz təlaşlarını reallıq kimi qələmə vermək istəyiblər, bu, həmişə belə olur, əgər nədənsə bərk qorxursansa, həmin şey səni təqib etməyə, hər yerdə gözünə görünməyə başlayır.
Rusiya Türkiyəni ciddi şəkildə izləyir, onun regiondakı rolunu araşdırır və ərəb ölkələrindəki prosesləri analiz edir. Hələ “ərəb baharı”nın pik vaxtında onlar böyük təlaş içində yazmışdılar ki, MDB-də ən birinci güclü etiraz dalğası Ermənistanda olacaq. Indi Azərbaycan sarıdan narahatlıq keçirməyə başlayıb. Təlaşın da səbəbi məlumdur. Rusiya həmişə mürtəce rejimlərin yanında olub və bir kimsə üçün sirr deyil ki, Azərbaycandakı siyasi rejimin də əsas dayaqlarını elə Rusiyada axtarmaq lazımdır. Bəli, ruslar prosesin Azərəbaycana sirayət edə biləcəyindən qorxurlar. Amma indi prezident aparatından uzaqlaşdırılan Q.Pavlovskinin maraqlı fikri vardı: “O şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz!”.
Rusiya Suriya rejimini dəstəkləyir. Bunun bir adı və izahı varmı? Rusiya Qəzzafini dəstəkləyirdi. Amma nə oldu? Məndə belə bir fikir yaranır ki, Rusiya siyasətçiləri ölkənin içində və çölündə tarixi saxlamağa, onu donuq və statik bir duruma gətirməyə çalışırlar. Amma buna ehtiyac və zərurət varmı? Ən başlıcası isə, bu, mümkündürmü? Türkiyənin siyasət və ictimaiyyət dairələrinin Azərbaycanın müxalifətinə qarşı da həmişə diqqəti olub. Düzdür, sonradan bu proses dayandı. Indi yenidən Türkiyənin siyasət adamları Azərbaycan siyasətini də kompleks şəkildə götürməyə, ona sistem kimi yanaşmağa cəhd edirlərsə, bunu yalnız təqdir etmək olar. Hər halda, bir məsələ aydındır ki, əgər Ərdoğan ərəb ölkələrində “rejimlərin deyil, xalqın yanında olacağıq!” deyirsə, bunu Qafqaza da, o cümlədən Azərbaycana da şamil etmək lazımdır. Bu baxımdan rusların təlaşını başa düşmək mümkün işdir, onlar hələ baş verməyən, sadəcə baş verə bilməsi ehtimal və güman edilən bir məsələdən xoflanırlar. Amma tarix təkcə kimlərinsə hissləri, eləcə də emosiyaları üzərində qurulmur, dünya təkcə bununla idarə olunmur, başqa faktorlar da var və Rusiya öz siyasətində həmin faktorları da nəzərə almağı bacarmalıdır. Suriyada mart ayından bu günə qədər 3000 etirazçı ölüb! Bu fakt Rusiyanın siyasət adamlarına nəsə deyirmi? Təəssüf ki, heç nə demir, çünki ruslar “bir adamın ölümü faciə, yüz adamın ölümü isə statistikadır!” məntiqilə yaşayırlar və bu məntiqlə də ölkəni idarə edirlər.
Gecikmiş imtiyazlar
Bəli, deyəsən, eks-prezidentlər haqqında qanunu qəbul edəcəklər. Amma o kimə lazımdır? Eks-prezidentlər həyatını dəyişib, bircə nəfər sağdır, o da ömrünün qoca çağındadır. Indiki prezident isə əsla eks-prezident olmaq və dinamik inkişaf edən ölkəmizin daha bir mütərəqqi aktının verdiyi yüksək və səmərəli imtiyazlardan yararlanmaq fikrində deyil. Elə məhz buna görə də prezidentlik üçün nəzərdə tutulan iki dəfəlik məhdudiyyəti Ali Qanundan öz istəyilə götürdü. Elə digərlərinə də bu qanun lazım deyil. Bəzi adamlarsa buna tarixi ədaləti bərpa edən bir akt kimi baxırlar. Onlar düşünür ki, eks-prezident statusu ilə bağlı qanun kiminsə prezident olmasının, nəhayət ki, təsdiqidir! Amma bu da məsələyə yanlış münasibətdir. Indi eks-prezident statusunu A.Mütəllibova və Ə.Elçibəyə şamil etməsələr, bu o deməkdir ki, onlar heç vaxt prezident olmayıblar? Etiraf edək ki, gülməlidir. Amma o da var ki, dünyada gülməli olan bir çox şey bu ölkədə ciddi şəkildəcə baş verir. Hətta qanun adını çəkdiyim iki nəfərə şamil olunsa belə, bu, gecikmiş, çox gecikmiş etirafdır. Məni ən çox qeyzləndirən budur ki, bu sülalə özünə hər şeyi rəva bildiyi bir halda, başqalarına hətta pensiyanı belə, rəva görmür.