xanbahadir@mail.ru
O başdan bu başa indiki rejimlə bağlı çoxlu kəskin yazı yazmışam. Himin əyri qoyulduğunu gördüyüm üçün, əyri himin – özülün əyriliklərə aparacağını proqnozlaşdırdığım üçün lap başlanğıcdan kəskin yazılar yazmışam, indiyədək yazmaqdayam. Rejimdən gördüyüm təpkilər, çeşidli qorxutma-çəkindirmə çalışmaları bir yana, müxalifət düşərgəsindən də çoxlu qınaqlarla üzləşmişəm. Onlardan biri – Pənah Hüseynov – hakimiyətə qarşı kəskin yazılarıma görə Müsavat tribunasından məni “psixopat”, Rauf Arifoğlu bəlli “YeM” qəzetində dönə-dönə məni “xəstə” adlandırıb. Nə yazdığımı, niyə yazdığımı gözəl bildiyimdən, illərlə bu sayaq qınaqlara dözümlə yanaşmaqla öz yolumu getmişəm, düzgün bildiyim işimi görmüşəm – Ulusunu, Ölkəsini, Dövlətini sevən, onun SAĞLAM gələcəyi üçün çalışan kimsə olaraq!
Indi qarşımda adına “Milli Məclis” deyilən qurumun Avroparlamentin 10 sentyabr Qərarı ilə bağlı keçirilən yığıncağının qəzet variantı var – özü də dövlət qəzeti! Bundan qabaq biz Avroparlamentin Qərarı ilə tanış olmuşduq. O, 22 illik əliyevçi rejim gerçəklərini yansıdan Qərardır. Azərbaycanı sevənləri, Azərbaycanı Özgür, Demokratik, Insan hüquqlarının üstün tutulduğu, bütövlükdə Insanlığın yüksək dəyər qazandığı gəlişmiş ölkə olaraq görmək istəyənləri sevindirən bir Qərar! Bir sıra saxta-yalançı müxalifət liderləri özəl ambisiyaları üzündən illərlə yeri gəldi-gəlmədi ABŞ-ın, Avropanın ətəyindən tutub sürnürkən mən yalnız Azərbaycanın gərəklərinə uyğun yol tutmuşam, rejimlə bağlı gerçəkləri yazdığım, tribunalardan dilə gətirdiyim kimi, gərəkirkən ABŞ-la, Avropa ilə bağlı neqativ gerçəkləri də yazmışam, dilə gətirmişəm. Sözsüz, Avroparlamentin indiki qərarında Azərbaycana qarşı nəsə olsaydı, yenə susmaz, gərəkənləri yazar, deyərdim. Ancaq, Avroparlamentin indiki qərarı Azərbaycanın diktaturadan qurtuluşuna – uğurlu gələcəyinə yönəlik olduğundan, onu yalnız alqışlamaq olar. Başlıcası da, qarşıdan gələn daha bir saxta-yalançı seçki öncəsi!
Avroparlamentin indiki qərarı sonu görünməyən qaranlıq tunelə girmiş Azərbaycan qatarını IŞIQLIĞA çılxarmağa yönəlik Qərardır. Qərarda Azərbaycanı öz çıxarlarına görə TOLERANTLIQ MƏKANINA çevirmiş rejim üçün dözülməz (tolerantlıq dözümlülük deməkdi!) bir sıra yerlər var. Elə bu yerlər də rejim yetkililərini, bu yetkililərin mandatlı uzantısı olan “parlamenti” özündən çıxardığından, Qərarla, Qərara səs verən deputatlarla, Avroparlamentin başqanı Martin Şultsla bağlı korrupsiya suçlamasınadək nələr deyilmir! Özü də kimlər: ölkəni rüşvət-korrupsiya bataqlığnına batıranlar; kürü – dollar diplomatiyasının gücünə illərlə korrupsioner rejim kefi çəkənlər; təkcə ABŞ-da yarıtmaz lobbiçilərlə işbirliyi üzündən ölkəmizə milyonlarla dollarlıq ITKI qazandıranlar!
Avropa illərlə aşırı tolerantlıq-dözümlülk sərgiləməklə yumşaqcasına “düz yola gəlin” mesajlarında bulundu. Illərlə! Sonda düzəlməz, düz yola gəlməz bir rejimlə qarşılaşdığını görərək indiki qərarını verməli oldu. Birincisi, ölkədə ağıllı hakimiyət, gerçək bir parlament olsaydı, iş bu yerə gəlib çıxmazdı; ikincisi, ağıllı hakimiyət, normal parlament ən azı bu qərardan sonra papağını (varsa!) qabağına qoyub olub-keçənləri soyuqqanlılıqla götür-qoy etməli, obyektiv özünüanaliz yoluyla, gəlib çıxdığı sonuclara uyğun ağıllı, normal davranış sərgiləməli, özü üçün də, ölkə üçün də yeni, demokratik açılım başlamalıydı. Bunun yerinə nə görürük: bir-birindən düşüncəsiz, isterik çıxışlar! Ən başlıcası, “Milli Məclis” yetkilisi, ölkənin baş universitetində Konstitusiya hüquq kafedrasına başçılıq edən adam Avroparlamentin ölkə gerçəkliyini bütünlüklə yansıdan qərarını “tamamilə saxta, böhtan, yalan, əsası olmayan kağız parçası” adlandırır – elə bil çoxillik hakimiyətləri boyunca keçirdikləri seçkilərdən, bu seçkilərin sonuclarını legitimləşdirən qərarlarından danışır!..