Davudoğlu: “Müstəmləkəçilik keçmişi olan bir dövlətin dərs vermək kimi addım nümayiş etdirmək haqqı yoxdur”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa prezidenti Nikola Sarkozinin “Türkiyənin tarixi ilə təkrar üzləşməsi lazımdır” kimi açıqlamasına sərt reaksiya verib. Əhməd Davudoğlu “Bizim çəkinəcəyimiz bir məqam yoxdur. Amma tarixlə üzləşmə tövsiyəsini bizə söyləyənlər öncə güzgüyə baxsınlar” deyib. Bu cür açıqlamaları siyasi ikiüzlülük hesab etdiyini deyən Əhməd Davudoğlunun sözlərinə görə, Avropada hər seçki dövründə bu cür prinsipsizlik müşahidə olunur.
“Bu, çox yanlış açıqlamadır. Bunlar Türkiyə və Ermənistan arasında başlayan və müəyyən ləngimələrə baxmayaraq davam edən prosesə də mənfi təsir göstərəcək addımlardır. Bunların hər hansı bir slüh prosesinə müsbət təsiri olacağını düşünmək mümkün deyil. Biz tariximizlə üzləşirik. Amma bizim tariximiz eyni zamanda türklərlə ermənilərin əsrlərdir bir yerdə yaşamaq tarixidir. Öz tarixiylə üzləşə bilməyənlərin uzun müstəmləkəçilik anlayışı ilə əsrlərlə rəhbərlik etdikləri cəmiyyətlərlə heç qaynaşmayan, onları aşağı səviyyəli, uşaq kimi görən baxışları ilə öz tarixi ilə üzləşməsi lazımdır. Müstəmləkəçilik keçmişi olan hər hansı bir dövlətin və ya cəmiyyətin tarixlə üzləşmə məsələsində dərs vermək kimi addım nümayiş etdirmək haqqı yoxdur”, deyə Əhməd Davudoğlu bildirib.
“Sarkozi başını Fransanın da batdığı iqtisadi böhrandan çıxarmağa işlətsə, daha yaxşı olar”
Türkiyənin Avropa İttifaqı naziri Egemen Bağış da Fransa prezidenti Nikola Sarkozinin İrəvanda qondarma erməni soyıqırmı ilə bağlı verdiyi bəyanata sərt cavab verib. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, nazir bildirib: “Sarkozi tarixçi roluna girməkdənsə, ölkəsinin daxil olduğu iqtisadi böhrandan necə çıxaracağı ilə məşğul olsun”.
Egemen Bağış ikigünlük rəsmi səfərdə olduğu Bosniya və Hersoqovinanın paytaxtı Sarayevada jurnalistlərin suallarına cavab verərkən belə deyib.
“Hərhalda Fransadaki son siyasi anketlerin nəticəsi Sarkozini o qədər qorxudub ki, o, belə açıqlamar verir”, deyə Bağış əlavə edib.
“Dünən Fransanın daxili işlər naziri ilə görüş zamanı ona da söylədim. Biz siyasətçilərin işi keçmişi və keçmişdə baş verən hadisələri müəyyənləşdirmək deyil. Siyasətçilərin işi gələcəyi müəyyənləşdirməkdir. Cənab Sarkozi tarixçi roluna girməkdənsə, başını ölkəsinin daxil olduğu iqtisadi böhrandan necə çıxaracağı istiqamətində bir az işlətsə, üzv olduğu Aİ-nin gələcəyinə aid layihələr yaratsa, Avropa üçün də, Fransa üçün də və dünya sakitliyi üçün də daha anlamlı olar. Buna sadəcə yaxınlaşan seçkinin istismarı demək olar, başqa bir şərh verməyin mənası yoxdur”, deyə türkiyəli nazir vurğulayıb.
Nikola Sarkozi Ermənistanda səfərdə olarkən Türkiyənin ünvanına təhdid bəyanatı verib. Onun sözlərinə görə, əgər Türkiyə 2011-ci ilin sonunadək “erməni soyqırımı”nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Bu tədbirlərdən biri də “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin qəbuludur.