Çeçenistan prezidenti Ramzan Kadırov oktyabrın 5-də özünün 35 yaşı tamam olan gün təmtəraqlı bir şənlik təşkil edib. Qroznının “Şəhər Günü” adı altında keçirilən mərasimə Hollywood ulduzları Kevin Costner, Jean-Claude Van Damme, Hilary Swank, məşhur skripkaçı Vanessa Mae də qatılıb.
Kadırovu ad günü ilə bağlı bəzi məqamları təqdim edirik:
– Kadırov ad gününü “Milli müəllimlər günü” və “Çeçen gənclik günü” elan edib.
– Məmurların ad günü tədbirinə qatıla bilmələri üçün rəsmən tətil elan olunub və tədbirə qatılmayanlara işlərini itirəcəkləri xəbərdarlığı edilib.
– Tədbirin keçirildiyi “Grozny City” kompleksinə aparan bütün yollar bağlanıb, ətrafda yaşayanlar evlərinə bir neçə həftə əvvəl onlara paylanmış xüsusi icazə vərəqələri ilə girib-çıxa biliblər.
– Yerli medianın yazdığına görə, Kadırov ad gününə çağırdığı məşhurlara yüksək məbləğdə qonorar verib. Məsələn, tədbirdə bir neçə musiqi ifa edən skripkaçı Vanessa Maenin 500 min dollar aldığı bildirilir. Hollywood ulduzlarına nə qədər qonorar verildiyi isə bilinmir.
– Ünlü pop-ulduz Shakiranın da ad günü tədbirində iştirak edəcəyi və konsert verəcəyi qabaqcadan elan olunmuşdu, amma insan haqları təşkilatlarının təzyiqi Shakiranı dəvəti qəbul etməkdən çəkindirib.
– Bütün gecə boyu atəşfəşanlıqla bitən tədbir Çeçen televizyası vasitəsilə canlı yayımlanıb.