YAP icra katibinin müavinindən partiyadaşına “vətənə xəyanət” ittihamı
YAP daxilində qarşılıqlı ittihamlar davam edir. Məşhur YAP-çı Eldar Sabiroğlunun partiyadaşları haqda kəskin açıqlamalarına təşkilatın icra katibinin müavini Siyavuş Novruzov cavab verib. O, “Trend”ə açıqlamasında Eldar Sabiroğlunu açıq-aşkar vətənə xəyanətdə ittiham edib, ağır sözlərlə aşağılayıb. Onun açıqlamasından bəzi məqamları təqdim edirik:
“Eldar Sabiroğlunun bir sıra radikalyönümlü mətbu ruporlarda ortaya atdığı iddialar, səsləndirdiyi cəfəng fikirlər, böhtanlar və yalanlar onun hansı məqsədlərə kökləndiyini təsdiqləyir. Bu şəxsin özü haqqında rəy formalaşdırmaq arzusu, bunun fonunda isə ölkəmizin tanınmış siyasətçilərinə, ictimai xadimlərinə və dövlət məmurlarına qarşı kampaniya aparmaq niyyəti onun əsl simasını bir daha ifşa edir.
Eldar Sabiroğlunun hər kəsə bəlli olan xəyanətləri, riyakarlığı, ikiüzlülüyü, satqınçılığı və digər əməlləri ilə bağlı mətbuatda dəfələrlə bəhs edilib. Özünü 1993-cü ilin fevralından YAP Mərkəzi Aparatının işçisi kimi qələmə verən Sabiroğlu əslində, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsində nəzarət-təftiş komissiyasının üzvü idi. AXC-Müsavat cütlüyünün zor gücü və qeyri-şəffaf yolla hakimiyyəti əldə etdiyi zamanlarda bu şəxs onların tərənnümçüsü və təbliğatçısı rolunda çıxış edirdi. Daha doğrusu, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi uğrunda dəridən-qabıqdan çıxırdı…
Eldar Sabiroğlu 1994-cü ilin fevral ayında kimlərinsə Əli Nağıyevdən xüsusi xahişləri əsasında “Səs” qəzetində müxbir kimi işə başlayıb. Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə qəzet rəhbərliyi və kollektivi bu “xüsusi xahiş”ə qarşı olublar (Həmin dövrdə “Səs” qəzetinin baş redaktoru, hazırda isə “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və hazırda Nərimanov rayon İH-in başçısı Abdin Fərzəliyev bu faktı təsdiqləyər). Həmin ilin avqust ayında partiyanın Mərkəzi Aparatı nəzdində analitik mərkəz yaradıldı. Quruma rəhbərlik Səyyad Arana həvalə edildi. Lakin o, həm də “Səs” qəzetinin baş redaktorunun müavini olduğu üçün bu vəzifə Eldara tapşırıldı. Sadəcə qısa müddətdə analitik mərkəz adlı quruma “rəhbərlik” edən bu şəxsin partiyanın idarəçiliyində və ya hər hansısa təyinatda, təqdimatda necə rolu ola bilərdi? Hətta partiyanın ali seçkili orqanı sayılan İdarə Heyətinin səlahiyyətində olan bir təyinatı Eldar Sabiroğlunun öz adına çıxması onun hansı anormal gərginliklər içində olmasını təsdiq edir…
Özü haqqında yüksək fikirdə olan Eldarın irəli sürdüyü yalan iddialarla özünü 90-cı illərin mühüm fiquru sayması gülünc iddiadan başqa bir şey deyil. Bu gün Eldar Sabiroğlu yalanları ilə elə şəxsləri hədəfə alır ki, həmin insanlar o dövrdə YAP-ın təşkilatlanması istiqamətində işlər aparıb, bölgələrdə partiyanın strukturlarının güclənməsi yönümündə fəaliyyət nümayiş etdirib.
1994-cü ildən 1995-ci ilin sonuna qədər “Səs” qəzetində işləyən E.Sabiroğlu ciddi jurnalistika ilə deyil, rayonlarda icra başçısından narazı olanlar və yaxud onun yerinə keçmək istəyində olan insanlardan xüsusi həvəsləndirmə müqabilində sifarişli məqalələri ilə yadda qalıb (“Səs” qəzetinin həmin dövrdəki saylarına baxa bilərsiniz). O, hətta partiyanın İdarə Heyəti və Siyasi Şura üzvlərinə qarşı şər, böhtan, şantaj xarakterli yazılarla çıxış edirdi (Sirus Təbrizli, Rafael Allahverdiyev, Yusif Hümbətov, Samur Novruzov və başqaları bu qəbildən “hədəf” seçilmişdi). O cümlədən, ölkənin mühüm dövlət postlarında fəaliyyət göstərən şəxslərə qarşı sifarişli məqalələri ilə yadda qalan Sabiroğlunun jurnalistika fəaliyyəti sadəcə pul qazanmağa köklənmişdi. “Siyasi fəaliyyəti” tamadalıqla məhdudlaşan Eldarın əxlaqı, mənəviyyatı həmin dövrdə partiya aparatında fəaliyyət göstərən insanlara yaxşı məlumdur.
Qəribəsi budur ki, E.Sabiroğlu öz yalanlarına o qədər qapılır ki, miqyasını belə itirir. Nə siyasətdə, nə də jurnalistikada imzası olmayan Sabiroğlu bu gün özü haqqında xüsusi rəy yaratmağa çalışır. Təbii ki, bu cəhdlər səmərəsizdir. Axı səni hamı yaxşı tanıyır, ay Eldar!
Bəs Eldar Sabiroğlu özünü Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “tələbəsi” adlandırmaqla ilə nə demək istəyir, nəyə nail olmaq arzusundadır? Eldar Sabiroğlu özünü Ali Partiya Məktəbinin məzunu adlandırır. Akademik Ramiz Mehdiyev isə 1972-1974-cü illərdə o zamankı Azərbaycan Dövlət Universitetində (Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub. Hətta akademik Ramiz Mehdiyevin hansı fəndən ona dərs dediyini belə öz yalanları ilə bəzəyən bu adam o qədər başını itirib ki, yalanlarının miqyasının girdabında itib-batıb. Akademik Ramiz Mehdiyev həmin dövrdə elmi kommunizmdən, həm də rus dilində dərs deyib, Eldar Sabiroğlu isə nəinki rus, heç Azərbaycan dilində doğru-düzgün danışa bilmir. Digər tərəfdən, o zamanlar Eldar Sabiroğlu Azərbaycanda təhsil almamışdı. Həmin dövrdə o, əvvəlcə Zəngibasarın Zəhmət kəndindəki orta məktəbin, daha sonra Yerevandakı Pedaqoji İnstitutun uğursuz yetirmələrindən biri idi. Eldar Sabiroğlunun akademik Ramiz Mehdiyevin mühazirəsini dinləməsi etiraf etməsə də, onun üçün əlbəttə, şərəf olardı…
Bütün həyatını yalnız yalanlar və tərif söyləmək məharəti üzərində quran Eldar Sabiroğlu 1995-ci ilin may ayında Rəsul Quliyevlə parlamentin binasında görüşdükdən sonra birmənalı şəkildə onun məclislərinin tamadasına, Rəsul Quliyevin tərənnümçüsünə çevrildi. Həmin dövrdə E.Sabiroğlu istər mətbuatdakı çıxışlarını, istərsə də açıqlamalarını Rəsul Quliyevə həsr etmişdi. Bütün bu faktlar həmin dövrün mətbuatında öz əksini tapıb. Eldar Sabiroğlu öz yalanları ilə bunun üstünü örtə bilməz. 1998-ci ilin prezident seçkiləri zamanı radikal müxalifət düşərgəsinin xəbərçisi vəzifəsini layiqincə yerinə yetirən Eldar Sabiroğlu YAP-ın seçki qərargahındakı informasiyaları qarşı tərəfə ötürməklə məşğul olmuşdu. Partiya tərəfindən ona verilmiş mobil telefonla radikal müxalifət nümayəndələrinə dəfələrlə zənglər edən, gündüzlər YAP, gecələr isə AMİP qərargahında hərlənən Eldar Sabiroğlu elə həmin dövrdə ifşa edilmişdi. Bir sözlə, Eldar Sabiroğlu özünü üzdə başqa cür təqdim etməyə çalışsa da, hər zaman antipartiya mövqeyində və fəaliyyətində olan birisi olub…
Xəyanətləri, ikiüzlülüyü, riyakarlığı bütün aləmə bəlli olan Eldar 2000-ci ilin parlament seçkilərində partiyanın mövqeyinin ziddinə olaraq namizədliyini fərdi qaydada irəli sürdü və təbii ki, həmin seçkidə də heç kəs ona dəstək olmadı. Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, Eldar Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir…”.
Eldar Sabiroğlu isə Siyavuş Novruzova geniş cavab vermək istəməyib. O, ünvanına səslənən ittihamlarla bağlı “virtualaz.org” saytına açıqlamasında vurğulayıb ki, bundan sonra da tutduğu mövqedə qalacaq.
“Mən Siyavuş Novruzov haqqında heç bir söz demək fikrində deyiləm. Özümü o səviyyəyə endirmək istəmirəm. Mən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqda fikirlərimi demişəm, Siyavuş Novruzov haqda yox” – deyə E.Sabiroğlu bildirib.
Politoloq Qabil Hüseynli də “Yeni Müsavat”a açıqlamasında Eldar Sabiroğlunun Ramiz Mehdiyev haqqında fikirlərinin əsassız olduğunu bildirib. “Moderator.az”a açıqlama verən Eldar Sabiroğlu isə politoloqun fikirlərinin gülünc olduğunu bildirib: “Cavab vermək fikrim yoxdur. Birincisi, o qədər absurd iddialar ortalığa qoyulur ki, adam buna yalnız gülə bilər. Ikincisi, hiss edirəm ki, məsələyə başqa rənglər verib gərginlik yaratmaq istəyində olan şəxslər var. Üçüncüsü, ”Yeni Müsavat”ın cavab hazılayacağını da gözləyirdim. Dördüncüsü, Qabil Hüseynlini “tapıntı” kimi heç ağlıma gətirməmişəm. Aparat rəhbərinin ənənəvi metodunu işə salmağa səylər açıq-aydın görünür. Seçki ərəfəsində ölkə daxilində hansısa xoşagəlməz vəziyyətin yaranmasına qətiyyən yol vermək olmaz. Ona görə də bu mövzuda polemikaya girməyi zərərli hesab edirəm. Bu mənada həm Qabil Hüseynlinin, həm də digərlərinin bundan sonrakı bu və bundan sonrakı heç bir fikrinə münasibət bildirən deyiləm. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Hər kəsin qiymətini öz vaxtında verib…”