23 saylı məktəb, bağça, binalar və obyektlər sökülüb yerində 7 mərtəbəli və istirahət parkı olan məktəb tikiləcək
Sökülməsi planlaşdırılan körpələr evinin təmirinə 180 min manat nədən ayrılıb?
Daha bir söküntüyə başlanılır. Söhbət Bakının mərkəzində – 28 may küçəsi 14 ünvanda yerləşən 23 saylı orta məktəb və ona yaxın daha bir neçə yaşayış binasından gedir.
Istirahət parkı, pansionatlı 7 mərtəbəli məktəb
Öncə 23 saylı məktəbdən başlayaq. Sözügedən təhsil ocağında vaxtilə Mehriban Əliyeva təhsil alıb.
Məktəb və onun yaxınlığında yerləşən obyektlərin hamısını yerlə-yeksan edib yerində daha irisini tikmək istəyirlər. 7 mərtəbəli, istirahət parkı və pansionatı olan məktəb tikilməsi planlaşdırılır.
Ərazidə yaşayan sakinlərə bir həftə ərzində evləri tərk etməklə bağlı şifahi göstəriş də verilib.
23 saylı məktəbin direktoru Iradə Rəhimli “Azadlıq” radiosuna açıqlamasında yayılan məlumatları təkzib etməyib. Ancaq deyib ki, ona məktəbin köçürülməsi ilə bağlı hər hansı rəsmi xəbərdarlıq olunmayıb.
Bakı Şəhəri üzrə Təhsil Idarəsinin sektor müdiri Zəminə Əliqızı isə 23 saylı məktəbin əsaslı təmirinin nəzərdə tutulduğunu, ancaq işlərin nə vaxt başlayacağının hələ məlum olmadığını söyləyib.
Əgər 23 saylı məktəb və ona yaxın obyektlərin sökülməsi planlaşdırılırsa, bu böyük xərc tələb edir. Çünki adıçəkilən ünvanda bağça, onlarla dükan və hündür mərtəbəli yaşayış binaları yerləşir.
Hazırda 108 saylı körpələr evində əsaslı təmir işləri gedir. Binanı Bakı Şəhər Icra Hakimiyyətinin sifarişi ilə “Bərpaçı” MMC təmir edir. Binanın əsaslı təmirinə büdcədən 180 min manat ayrılıb. Əgər həqiqətən bu ərazilər söküləcəksə, niyə təmir işləri gedir?
Bağçanın içərisinə daxil oluruq. Fəhlələrlə söhbət edirik. Onlara heç bir göstəriş gəlmədiyindən təmir işlərini davam etdirirlər. Hətta fəhlələrdən biri deyir ki, tez bir zamanda təmir işlərini bitirməlidirlər: “Bizə işi dayandırmağı yox, tez yekunlaşdırmağı tapşırıblar. Deyəsən, dövlət adamlarından kimsə buranın açılışında iştirak edəcək”.
Ətrafda gəzişib bizə göz qoyan şəxs gəlişimizin səbəbini soruşur. Niyyətimizi, ərazidən reportaj hazırladığımızı söyləyirik. O, körpələr evinin təmir edilməsinin ərazinin sökülüb-sökülməməsinə heç bir aidiyyəti olmadığını deyir: “Istəyirlər buranı söksünlər, ya da saxlasınlar. Bunun heç bir aidiyyəti yoxdur. Işimiz buranı qısa zamanda təhvil verməkdir”.
1500 manat kompensasiya, bir həftəlik müddət
23 saylı məktəbin yağınlığında yerləşən binanın sakinləri ilə söhbət edirik. Onlar söküntüdən narazıdırlar. Çünki bu plan həyata keçiriləcəyi təqdirdə bazar qiymətlərinə uyğun kompensasiya ala bilməyəcəklər. Hətta ətrafda yaşayan sakinlərə “Yaşıl bazar” tərəfdə evlər axtarmağı da məsləhət görüblər. Sakinlər isə bununla razılaşmır: “Bu bizə sərf etmir. Şəhərin mərkəzində yaşayırıq. Indi bizə deyirlər ki, gedin ”Yaşıl bazar”da özünüzə ev tapın. Kompensasiya vermək istəmirlər. Biz buna razı deyilik”.
Dilşad adlı xanım deyir ki, evlərinə xəbərsiz gələn qonaqlardan kompensasiya tələb edib. Hər kvadrat metrə görə 1500 manat kompensasiya ala biləcəyini ona deyiblər. Bu məbləğ onu qane etmir: “Mənim evim 60 kvadrat metrdir. Bu, 90 min manat deməkdir. 90 minə şəhərin mərkəzində iki otaqlı ev almaq mümkün deyil. Təzə təmir etdirmişəm. Onlara dedim ki, hər kvadratmetrə görə 1500 manat yetərli deyil, bu pulla heç nə almaq olmaz. Dedilər ki, qərar belə verilib. Qərarın surətini tələb etsək də, heç nə vermədilər. O, hansı qərardır? Şəhərdən kənarda yerləşən evlərə də 1500 manat, mərkəzdə olan mənzillərə də? Bu axı ədalətsizlikdir. Bu qiyməti müəyyənləşdirənlər şəhərin mərkəzində kvadratı 1500 manata təmirli mənzil ala bilərmi? Mənim evimin qiyməti ən azı 300 min dollardır. Hər kvadratmetrə görə ən azı 3 min manat kompensasiya verilməlidir. Özü də evdən köçmək üçün daha bir həftə yox, bir ay imkan verilməlidir ki, özümüzə ev tapa bilək. Nə ev verirlər, nə pul. Tutuquşu kimi bircə söz deyib dururlar. 1500 manat kompensasiya, bir həftəyə evinizi boşaldın. Normal pul almasaq, evimizdən çıxan deyilik”.
23 saylı məktəblə körpələr evinin arasında Italiya üslubunda restoran tikilir. Daha doğrusu, yer götürüb, təmir etdirilir. Ətrafda yaşayanlardan öyrəndik ki, restoranın əsaslı təmiri üçün rəhbərlik 300 min dollardan artıq xərc qoyub. Indi söküntü işləri başlanılacağı təqdirdə ona da hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif edilir. Ümumilikdə həmin dükana görə 85 min manat pul ödəniləcək ki, bu da 200 min dollardan artıq zərərə getmək anlamına gəlir.
***
Məsələnin görünən tərəfi odur ki, Bakı sakinləri növbəti bir özbaşınalıqla üz-üzə qalıblar. Mehriban Əliyevanın təhsil aldığı məktəbi əsaslı təmir adıyla daha da genişləndirmək istəyirlər.
Məktəb tikmək yaxşı şeydir. Ancaq bunun üçün kimlərisə yurd-yuvasından etmək xeyirxahlığın üstündən çalın-çarpaz xətt çəkməkdir…
Ramin DEKO