Vahid Məhərrəmov: «Azərbaycan bazarı dünya bazarından təcrid olunmuş vəziyyətdədir»
BMT Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı qlobal ərzaq qiymətləri indeksi aşağı düşməkdə davam edir. Indeks avqust ayında 2008-ci ilin dekabr ayından bu yana ən böyük aylıq enişini qeyd edib. Qlobal ərzaq qiymətləri indeksi keçən ayda 5,2 faiz azalmayla 155,7 səviyyəsinə enib. Azalmaya yanacaq qiymətlərinin aşağı düşməsi və Çin iqtisadiyyatındakı ləngimə təsir göstərib. Eyni ayda taxıl qiymətləri indeksi 7,0 faiz azalma ilə 154,9, yağ qiymətləri 8,6 faiz azalma ilə 134,9 səviyyəsinə qədər enib. Şəkər qiymətləri indeksinin 10,0 faiz azalmayla 163,2 bəndə endiyi ayda, ət qiymətləri dəyişməyərək 172,9 bənddə qalıb. Süd qiymətləri indeksi isə 9,1 faiz azalma ilə 135,5 səviyyəsinə enib.
Beləliklə, FAO-nun məlumatına görə, dənlilərin qiymət indeksi 7 faiz azalıb, bitki yağı 8,6 faiz, süd məhsulları 9,1 faiz ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub – 10 faiz.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi bir müddət əvvəl məlumat yaymışdı ki, Azərbaycanda ərzağın qiymətləri cüzi də olsa, yəni cəmisi 0,3 faiz ucuzlaşıb. Fevralda baş verən devalvasiya ilə əlaqədar Azərbaycanda ərzaq məhsullarının qiymətləri qaldırılmaqda davam edir. Devalvasiya qiymət artırmağa əsas versə də, dünyada ərzaq qiymətlərinin və enerci qiymətlərinin aşağı düşməsi nəzərə alınmır. Nəticədə dünyada baş verən qiymət enmələri prosesi ölkəmizdən yan keçir. Görəsən, dünyada ərzağın qiyməti ensə də bizdə eyni vəziyyətin olmamasının səbəbi nədir? Bahalaşmanın səbəbləri kimi hansı əsaslar var?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, ölkə bazarının dünya bazarından təcrid olunması bu məsələni şərtləndirən əsas amillərdəndir. Ekspert söyləyir ki, daxili bazar və idxal inhisara alındığından ölkəyə malın idxalı və topdansatışı, pərakəndə satış şəbəkələri müəyyən dairələr tərəfindən idarə olunur:
“Idxal liberal deyil və liberal olardısa, istənilən sahibkar xaricdən mal-məhsul gətirərək ölkədə nisbətən aşağı qiymətə sata bilərdi. Rəqabət mühiti yoxdur və bunun da səbəbi inhisarçılıqdır. Dövriyyənin hesabına deyil, daha çox malın, məhsulun qiymətini artırmaqla gəlir əldə etmək istəyirlər. Yəni məqsədlərinə bununla nail olurlar. Əvvəllər də belə hallar olurdu. Dünya bazarında çoxsaylı məhsulun qiyməti bizdəkindən ucuz idi…
Gömrükdən keçən zaman məhsulları bəyannamədə aşağı qiymətlərlə dəyərləndirirlər. Lakin biz bilirik ki, təxminən 20-30 qəpiyə idxal olunan kartof idxal qiymətindən üç-dörd dəfə baha təklif olunur. Idxal olunan bütün məhsulların belə baha olması oliqarx məmurların idxalı nəzarətdə saxlamasının nəticəsidir”.
Vahid bəy söyləyir ki, daxili istehsal kifayət qədər güclü deyil. Ölkənin özündə kartof, meyvə-tərəvəz, süd və s. məhsul istehsal edilərdisə, o zaman bazarda qiymətlər nisbətən düşə bilərdi. Ekspertə görə ölkədə mövcud olan inhisarçı mühit imkan vermir ki, daxildə istehsal olunan mal-məhsul Bakı bazarına çıxarılsın. Bütün bunlar isə qiymətlərə təsirsiz ötüşmür.
Nigar