Əslində onu yetərincə yaxşı tanıyırıq. 8 illik iqtidarı dönəmində bütün varlığı ilə hüquqa, azadlıqlara, demokratiyaya qarşı olduğunun o qədər örnəkləri var ki?Zatən hakimiyyətə qan üzərindən gəlmiş bir adamın qanla, qəddarlıqla davam etməkdən başqa əlacı da yoxdur. Əks halda hakimiyyətini qoruya bilməz.
Hakimiyyət əldən gedərsə, geriyə ədalət divanı qalır. Bu qədər zülmün, zillətin hesabını verə bilməyəcəyinə görə, ən yaxşısı nə yolla olursa olsun hakimiyyəti qorumaq, gec-tez qarşısına çıxacağı ədalət divanını gecikdirməkdir.
Ilham Əliyev 2003-dən bəri zərrəcə dəyişməyib. Hakimiyyəti zəbt etdiyi 8 il əvvələ baxın, sonra da bu günə baxın. Onda da total həbslər baş verirdi, indi də. Onda da həbslərin kökündə qondarma, saxta ittihamlar dayanırdı, indi də. Onda da Arif Hacılını tutmuşdu, indi də.
Ilham Əliyev adına, onun korrupsiya, saxtakarlıq, dubinka üzərində bərqərar olan rejimi adına dəyişən heç nə yoxdur: illər bir-birinin təkrarıdır, hadisələr bir-birinin təkrarıdır.
Zaman dəyişir, amma Ilham Əliyev dirəşib, dəyişmir, dəyişmək istəmir. Dünya dəyişir, Ilham Əliyev inad edir, dəyişmir, dəyişmək istəmir. 8 il əvvəl necə idisə eləcə də qalıb.
Hələ də alternativ fikrə ən az 8 il əvvəlki qədər qəzəblidir.
Hələ də 8 il əvvəlki qədər müxalifəti görməyə gözü yoxdur.8 il əvvəlki qədər tənqidlərə dözümsüzdür.
8 il əvvəlki qədər içində böyük bir nifrət var hüquqa, azadlıqlara.
21-ci əsrdə hakimiyyətin təpəsində oturan adama yaraşmayacaq şəkildə “asdığım asdıq, kəsdiyim kəsdik” prinsipi ilə davranır.
Hələ də demokratiyanın “d”sindən belə, anlayışsızdır. Hələ də bir toplumu əzərək, tapdayaraq, şərlədərək, döydürərək, qandallayaraq idarə edəcəyinə inanır.
Bu gördüklərimiz Ilham Əliyevin hamıya tanış ştrixləridir. Hamı onun qabında olana bələddir.
Amma mən yenə də dünənki hökmlərə çox təəccübləndim. Adam Polşadan, onun paytaxtı Varşavadan – Şərq tərəfdaşlığı sammitindən yenicə dönüb, ayağının tozu belə çəkilməyib hələ, üstəlik, orada Azərbaycanın Avropa ailəsinin bir parçasına çevrilməsi üçün yeni öhdəliklər götürüb, digər tərəfdən, Avropa Ittifaqı Azərbaycanın və daha 5 postsovet ölkəsinin Avropaya inteqrasiyasının sürətləndirilməsi üçün səylərini artırmağa çağrılır, bunlar azmış kimi, “Avrovizion”un siyasi məhbusları olan bir ölkədə keçirilməsinin mümkünsüzlüyünə, boykot ediləcəyinə dair mesajlar verilir və dünən məlum olur ki, bunların heç biri Ilham Əliyev üçün heç nə ifadə etmir. O, yoluna qaldığı yerdən davam eməkdə, ölkəni hüququ, azadlıqları əzərək, ayaqlar altına ataraq yönəltməkdə israr edir.
Məlum olur ki, əslində dünyada iki Ilham Əliyev mövcuddur: onun biri hansısa Avropa ölkəsində, hansısa sammitdə durmadan demokratikləşmə mesacları verən, çağdaş, modern bir ölkə olmaqdan danışan, bunun üçün əlindən gələni gələni edəcəyi vədlərini verən Ilham Əliyevdir, digəri daxildə, bunun 180 dərəcə əksi olan bir Ilham Əliyev – qondarma ittihamla, sifarişli məhkəmə hökmləri ilə Azərbaycanda qorxu imperiyasını daha da gücləndirməyə çalışan, fərqli düşüncəni düşmən görən, alternatif fikrə, tənqidlərə dözümsüz, mili iradəyə xor baxan, Azərbaycanın yalnız öz iradəsi ilə, həm də qiyamətəcən idarə olunacağına inanan Ilham Əliyev!
Axı o bunu necə bacarır? Necə Azərbaycanda bir cür, Polşada başqa cür ola bilir?
Dayanmadan, hər ağzını açdığında dünyanı ikili standartlarda ittiham edərkən, özü necə ikiləşə bilir?
Niyə Polşada demokratikləşmədən danışır, amma Azərbaycana qayıdan kimi ayağının tozu ilə dörd müxalifətçiyə haqsız hökm çıxartdırır?
Bu suallara çoxlu cavablar tapmaq olar. Başağrısı vermək istəmirəm. Mənim cavabım çox sadədir: görünür, binaların üzünü çöldən rəngləmək, gözəlləşdirmək əslində bunlar üçün yalnız bir korrupsiya hadisəsi deyil, həm də siyasi fenomendir.
Yəni dərin düşünməyinizə ehtiyac yoxdur, elə Polşadakı Ilham Əliyevi çöldən bəzək vurulmuş, üzü rənglənmiş bina kimi də qəbul edə bilərsiniz. Vəssalam.