Bir həftə qabaq Bakıda yüksək səviyyədə qəbul olunan senatoru XIN «persona-non-qrata» elan etdi
Bir neçə gün əvvəl Bakıda səfərdə olan amerikalı senator Cozef Simityanın Azərbaycana gəlişinə rəsmən qadağa qoyulub. Azərbaycan Xarici Işlər Nazirliyi kaliforniyalı senatorun adını arzuolunmaz şəxslər siyahısına daxil edib. XIN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, bu qərara səbəb senatorun Azərbaycan tərəfi ilə razılaşdırmadan işğal altında olan ərazilərimizə səfər etməsidir.
Maraqlısı odur ki, cəmi bir neçə gün əvvəl Azərbaycanda olarkən C.Simityan prezident Ilham Əliyev tərəfindən yüksək səviyyədə qəbul olunmuşdu. Həmin görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Əliyev ikitərəfli münasibətlərin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etmişdi. Prezident bu səfərin senatorla gələn nümayəndə heyətinin ölkəmizi yaxından tanıması üçün yaxşı imkan olduğunu deyərək Simityanın ölkəmizə səfərindən məmnunluğunu bildirmişdi. Bütün bunlardan sonra Azərbaycan XIN-i C.Simityanı arzuolunmaz şəxs elan edib. Halbuki sözügedən senatorun erməni əsilli olduğunu, ermənilərin sıx yaşadığı Kaliforniya ştatının yerli qanunvericilik orqanını təmsil etdiyini və Qarabağın işğal altında olan ərazilərinə bundan əvvəl də belə səfərlər etdiyini Azərbaycan hökuməti bilməmiş deyildi. Görünür, Azərbaycan hökuməti amerikalı senatorun Ilham Əliyevlə görüşündən təbliğat məqsədilə yararlanmağa çalışıb. Lakin sonradan senatorun bu addımı onları fakt qarşısında qoyub.
Əslində “vətənpərvərlik hissi” sonradan oyanan Azərbaycan hökuməti əvvəldən amerikalı senatorun milli maraqlarımıza zidd addımlarına münasibətini açıqlamalı idi. Lakin həmişə şəxsi maraqları milli mənafelərdən üstün tutan Azərbaycan iqtidarı buna ehtiyac duymayıb. Nəticədə növbəti dəfə gülünc vəziyyətə düşüb…
Cozef Simityan İlham ƏLiyevlə görüşdə, 26 sentyabr 2011, Bakı
İnformasiya şöbəsi