ABU rektorunun təqdim etdiyi müqavilə ilə bağlı maraqlı məlumatlar
Ramiz Mehdiyev «Inşaat 2002» şirkəti ilə əlaqədə olan dələduzu həbs etdirib
ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı “Azadlıq”a açıqladığı çoxsaylı faktların içində bir müqavilə də var idi. 9 aprel 2005-ci ildə bağlanan həmin müqavilədə deyilirdi: “Biz, aşağıda imza edənlər: bu müqavilənin mətnində birlikdə ”Tərəflər” adlandırılan, ayrılıqda isə:
bir tərəfdən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Nizamnaməyə əsasən hərəkət edən, şəxsiyyəti AZE 01795181 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Abdullayev Elşad Islam oğlu tərəfindən təmsil olunan “Era” ATSC;
ikinci tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti XYII-CQ seriyalı, 673915 saylı pasportla təsdiq olunan Sabir Əmir oğlu Hüseynov;
üçüncü tərəfdən AR hüquqi şəxsi olan, Nizamnaməyə əasən hərəkət edən (!), şəxsiyyəti XXYI-CQ seriyalı 640452 saylı pasportla təsdiq olunan Arzu Firudin oğlu Kazımov tərəfindən təmsil olunan “Inşaat 2002” şirkəti;
dördüncü tərəfdən, AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı, 02620348 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Hüseyn Mustafa oğlu Əhmədov;
beşinci tərəfdən AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı 01290111 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Nizami Firudin oğlu Kazımov (Arzu Kazımovun qardaşı-red.)
Azərbaycan Respublikası Mülki Məcəlləsinin XIX-XXI fəsillərinə və 881-882-ci maddələrinə uyğun olaraq aşağıdakı müqaviləni bağladıq:
I. Müqavilənin predmeti
1.2. …Birinci, ikinci və üçüncü tərəflər etiraf edirlər ki, onların arasında ayrı-ayrılıqda bağlanmış olan 27.12.2003-cü il tarixli müqaviləyə əsasən Üçüncü tərəfin ikinci tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində, Birinci tərəfə isə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pul öhdəliyindən irəli gələn icra edilməmiş öhdəlikləri vardır.
1.2.1. Həmin öhdəliklərin icrasına olan zərurət aradan qalxmış və Birinci Tərəflə Ikinci tərəf Üçüncü tərəfdən həmin müqavilə üzrə ödənilmiş məbləğin geri ödənilməsini tələb edirlər.
1.3. Birinci, Ikinci və Dördüncü tərəf etiraf edirlər ki, onların arasında bu müqavilənin bağlanmasından əmələ gəlmiş öhdəliklər üzrə Birinci tərəfin Dördüncü tərəfə 1.000.000 (bir milyon) ABŞ dolları, Ikinci tərəfin isə Dördüncü tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində borcu vardır…”.
Elşad Abdullayev bildirirdi ki, bu müqavilə Mahir Abdullayevin geri qaytarılması üçün ödənilən külli miqdarda pulun hansısa formada rəsmiləşdirilməsi üçün tərtib edilib.
“Azadlıq”ın bu müqavilə ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb. Bəlli olub ki, müqavilədə göstərilən tərəflərdən Sabir Hüseynov Elşad Abdullayevin yaxın qohumu, Hüseyn Əhmədov isə rektorun qayınatasıdır.
Digər maraqlı məqam sənəddə adı keçən “Inşaat 2002” şirkətilə bağlıdır. Bu şirkətin Arzu Kazımovdan başqa daha iki təsisçisi var: Mirismayıl Əliyev və Əlisəfa Əliyev. Əlisəfa Əliyevin Nəqliyyat Nazirliyində çalışdığı və nazir Ziya Məmmədova yaxın şəxs olduğu bildirilir. Həmçinin bu şirkətin adı başqa bir dələduzluq olayında hallandırılır. Həmin olayın qəhrəmanlarından biri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin göstərişilə həbs edilib. Bu həbs barədə ”Azadlıq”ın ötən saylarında məlumat verdiyimizdən təkrarçılıq etmək istəmirik. Qısaca deyək ki, həbs edilən şəxs qadındır (adı bizə bəllidir, lakin müəyyən səbəblərdən açıqlamırıq). Həmin qadın Ramiz Mehdiyevi düzənlədiyi tədbirə dəvət etmək istəyib. PA rəhbərinə dəvətnamə göndərilib. Ramiz Mehdiyev dəvətnamə göndərənin kimliyini araşdırarkən qadının dələduz olduğu üzə çıxıb. PA rəhbəri dərhal onun həbsi barədə göstəriş verib. Maraqlıdır ki, qadın həbs olunandan sonra Mirismayıl Əliyevlə, Əlisəfa Əliyev dolayı yolla onu müdafiə etməyə başlayıblar.
Informasiya şöbəsi
HƏMÇİNİN BAX:
Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət
Elşad Abdullayevdən yeni sensasiyalar
“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”