Mülkləri əlindən alınmış iş adamı mübarizədən çəkilməyəcəklərini bəyan etdi
“Alın təri ilə qazandığımız mülkləri heç kimə bağışlamaq fikrində deyilik”
Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.
– O arada Sizə də vergi yoxlamaları oldu?
– Biz ölkədən çıxandan sonra müəssisələrimiz yeni yoxlanmışdı, amma buna baxmayaraq hər bir müəssisənin 3 illik fəaliyyəti üçün təzə yoxlamalar açdılar, bu günə kimi bunlar açıqdır. Gözləyirlər ki, Nurəddin və Loğman Zülfüqarlı ölkəyə girən kimi bu yoxlamaları başlayıb bizi həbs etsinlər. Qanuna görə hər müəssisəni ildə bir dəfə yoxladıqları halda, bizim müəssisələri iki dəfə yoxlayırlar. Vergilər Nazirliyinin Istintaq Idarəsinin rəis müavini Qurban Mehrəliyevi Bəylər Əyyubov təyin etdirib və onun göstərişi əsasında da fəaliyyət göstərir.
– Ədliyyə Nazirliyində “bir pəncərə sistemi” yaradılıb, yəni, müəssisələri qeydə alandan sonra yoxlayırlar, bu ildən bu prosedur tətbiq olunub…
– Əslində “bir pəncərə sistemi” yoxdur, ona “bir qapı” deyirlər. Vergilər Nazirliyində bir qapını ayaqları ilə basıb açırlar, sahibkarı içəri salırlar, şərtlərini deyirlər, qəbul etməsən həbs olunursan. Bax, “bir pəncərə sistemi” budur! Bakı Vergi Departamentində Habil adlı bir nəfəri oturdublar, ayağı ilə düyməni basır, qapı açılır, sahibkar girib hesabını verirsə, buraxılır, hesabı verməsə çölə çıxa bilmir. Məsələ ondadır ki, Azərbaycanda vergi qanunlarını nazirliyin işçiləri hazırlayır və parlamentdə müzakirə olunarkən bir sahibkar belə, dəvət olunmur. Halbuki, mən əvvəllər Milli Məclisə müzakirələrdə iştirak üçün müraciət etmişdim. Bugünkü Vergi Məcəlləsinin hər maddəsində iş adamları üçün bir “torba” tikilib. Mən neçə illərdir Dubayda işləyirəm, bir dəfə qapımı döyməyiblər, o cümlədən Türkiyədə. Prezident dəfələrlə yersiz yoxlamaları dayandırmaq göstərişi verdi, amma təsiri olmadı.
– Iş adamı kimi dünyadakı tendensiyaları bilirsiniz, əgər maneələr olmasa, Azərbaycan dəyişən dünyada hansı yeri tuta bilər?
– Mən heç zaman siyasətçi olmayacağam, iş adamıyam. Amma bir vətəndaş kimi mövqeyim belədir: iş adamlarına minimum şərait yaradılsa, Azərbaycanda çox istehsal sahələri açılar, büdcə gəlirləri artar, iş yerləri açılar. Biz hələ kiçik iş adamlarıyıq, hələ nə qədər iri iş adamları var ki, potensiallarını kənarda göstərirlər. Qayda-qanun və onlara şərait yaradılsa, biz neftdən asılı olmarıq. Baxın, 70 illik sovet dövründə inşaat materialları istehsal olunmayıb, bizim Poladtökmə Zavodu 40 il öncə qurulanda aylıq istehsal gücü 2 min ton olub. Zavod darmadağın oldu, biz yeni texnologiyalar gətirdikdən sonra istehsal gücünü 3-4 dəfəyə qaldırdıq, bu kiçik göstəricidirmi? Biz ən kiçik diametrdən tutmuş böyük diametrə qədər boru istehsal edən zavod qurmuşuq. Sıradan çıxmış Elektroştamp Zavodu, vaxtilə yalnız Kondisioner Zavoduna işləyirdi, bu müəssisənin profilini dəyişib xaricə məhsul verdik. Önümüzü kəsməsəydilər onlarla müəssisəni dirçəltmişdik. Bir çıxışımda bildirmişdim ki, əngəlləri yığışdırın, hər il 2 min iş yeri açıram. Dövlətdən nə kredit istəyirəm, nə də başqa yardım, yalnız maneçilik etməyin, amma mən vergimi verirəm və hər il də 2 min iş yeri açıram. Necə ki, Dubayda dəvə otlayan ərazidə fabrik qurub pul qazandıq. Niyə bunu Azərbaycanda etməyək?! Axı Azərbaycanın buna imkanı var. Təəssüf ki, bu gün iş qurmaq üçün yüksək vəzifəli məmur arxanda olmalıdır. Əks təqdirdə fəaliyyətinin heç bir faydası yoxdur. Bu reallığı hamımız bilirik.
– Normal şərait olsa, vətənə qayıdıb fəaliyyətinizi bərpa edə bilərsiniz?
– Hər zaman buna hazırıq. Neçə illərdir stressin içində olsaq da, fəaliyyət göstərə bilərik. Baxın, həbsdən çıxandan sonra qısa müddətdə boş ərazidə zavod açdıq. Biz bunları bacaran adamlarıq, sadəcə, qollarımızı “kəsirlər”. Əslində məmurlar mənim kimi iş adamlarına əngəl olmaqdansa, fayda göstərsələr, bu onların da xeyrinədir. Halbuki, ölkənin ictimai-siyasi həyatında da nə qədər iş görmüşük, seçki məntəqələrini təmir etdirmişik…
– Amma bu, sizin işiniz deyildi, çünki büdcədən MSK-ya maliyyə ayrılır…
– Bəli.
– Məktəb tikməmisiniz ki?! Axı bizdə iş adamlarına zorla məktəb tikdirirlər…
– Bu iş zorla ola bilməz, amma biz özümüz bunu istəmişik. Qazancımızı xalqla, ölkə ilə bölüşmək üçün. Şəffaf şəkildə. Bir dəfə müraciət etdik ki, kəndlərin birində boş ərazi verin, məktəb tikək, amma razılıq vermədilər. Səbəb də odur ki, Zülfüqarlı qardaşları xeyriyyə işi görər. Demirik ki, qazandıqlarımızın hamısını cibimizə qoyaq, amma məmurlar başqa şeyi istəyirlər, onlar nə var hamısının özlərinin olmasını və xarici banklara yatırılmasını istəyirlər. Götürün, Ramiz Mehdiyevin oğlunu, vəzifə sahibidir, jurnalist araşdırması aparın, bu adam 365 günün neçə gününü xarici ölkələrdə olur?! Onun işi mənim kimi adamların sərvətini alıb xaricdə xərcləmək və eyş-işrətdə olmaqdır. Bu adam məmurdur, amma kommersiyası var. Rasim Məmmədov onun üçün çapıb-talayır və onlar da xarici banklarda yerləşdirir, ya da daşınmaz əmlak alır. Azdan-çoxdan bilirik, məmurların təkcə Istanbulda yüzlərlə evləri var, bunları necə alıblar? Cəmiyyətdə belə yanlış fikir formalaşdırıblar ki, iş adamının pulu olmamalıdır, yalnız məmurun olmalıdır. Korrupsiyaya qarşı mübarizə başlayanda birbaşa Respublika Prokurorluğu ilə təmasa keçdim, vəziyyəti izah etdim, dinləyəndən sonra araşdıracaqlarını dedilər. Deməli, hər kəs vəziyyəti bilir. Necə ki, Ramiz Mehdiyev kimiləri qalacaq, Azərbaycanda düzən olmayacaq…
“Vergi yoxlamaları heç vaxt bitmirdi”
– Söhbət zamanı belə anladım ki, təhdidlərlə üzləşmisiniz və bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciətlər etmisiniz. Bəs bunların bir təsiri oldumu?
– Ailəmiz təhdidlər altında olduğu zaman mən Respublika Prokurorluğuna, MTN və DIN-ə müraciətlər etdim, çünki davamlı olaraq Rasim Məmmədov tərəfindən təhdidlər gəlirdi. Hətta Türkiyədə də onların adamları ayaq açmağa başlayıblar. Amma müraciətlərimizə baxmayaraq, bu günə qədər heç bir reaksiya yoxdur. Təhlükələr isə qalır.
– Bəs bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
– Xeyr, amma bu barədə düşünürəm. Sadəcə, açıq şəkildə yox, işarətlər verirlər ki, məhkəmə iddianızı geri götürməsəniz, Türkiyədə də, Azərbaycanda da problemlərlə qarşılaşacaqsınız. Danışığa gələn “Vətən Mədənçiliyi” şirkətinin nümayəndəsi şərtlərini çatdırdı və bizi Türkiyə vətəndaşı olan, kürd əsilli olduğu deyilən Mətin adlı adamla calaşdırdı, Mardindəndir. Bu adam dedi ki, Azərbaycanda əraziləri var, bu cür məsələləri çözməkdə imkanları da genişdir. Demək istəyirəm ki, işarətlər var.
– Nə üçün iş adamları öz problemləri barədə susur?
– Mən bir iş adamı kimi qəsbkarlıq hallarının ortalıqdan qaldırılmasını istəyirəm. Iş adamlarının əmlakını almaq olmaz, əgər bunu edirsinizsə, bu ölkəyə kim gəlib investisiya qoyacaq? Əgər bütün sahələri inhisarlaşdırırsınızsa, bizlər nə iş görək? Hər sahənin məmur adında inhisarçısı var, əgər o, iş adamı olmaq istəyirsə, istefa verib biznesə qatılsın. Bu vəziyyət dəyişməyəcəksə, iqtisadiyyatımız bir çöpdən asılı olacaq. Iqtisadiyyat möhkəm olmalıdır, ölkə rəhbəri də bunu istəyirsə, ona görə birləşib işləmək lazımdır. Yeni qurulmuş dövlətik, əksliklərimiz var, hələ sovet psixologiyası Ramiz Mehdiyevlərin təfəkküründən çıxmayıb. Belə adamların zoruna gəlir ki, Nurəddin Zülfüqarlının niyə iki zavodu olmalıdır? Halbuki, cəmiyyətə öz haqqını vermək lazımdır. Mən problemləri yaşamadan öncə də bu barədə danışmışam. Bəs bu barədə neçə kişi danışıb, nə qədər mülkiyyəti alınan gözüyaşlı sahibkar görmüşəm. Ona görə hər kəs haqqını tələb etməlidir. Bu cür davam edəcəksə, belə cəmiyyətdə övladlarımız necə yaşayacaq? Iş adamları ölkədən qaçırsa, bu çox ciddi problemdir…
– Indi Türkiyədə yaşadığınız üçün bilmək maraqlı olardı, burdakı azərbaycanlı iş adamları görüşəndə nədən söhbət edirlər?
– Mənim buradakı iş adamları ilə çox təmasım yoxdur. Son hadisələrlə bağlı bir iş adamı bizə çıxdı, amma bəlli oldu ki, məmurlarımızın burdakı işini aparır, “Vətən Mədənçiliyi” şirkətini idarə edir. Ona tapşırmışdılar ki, Zülfüqarlı qardaşları nə işlə məşğul olur, ona burada “torba” tikə bilmirik, heç olmasa orda nə edə bilərik. Mənim oğurlanmış pulları Türkiyədə leqallaşdıranlarla nə işim ola bilər? Türkiyədəki iqtisadi duruma gəldikdə, biz ölkəmizdə də gözəlliyin olmasını istərdik, burada işləsək də, sərmayəmizi Azərbaycana qoymaq istərdik. Mənim könlümdən keçir ki, hər şeyim Azərbaycanda olsun. Inşallah, Azərbaycanda da olacaq, vəziyyət belə xaotik qala bilməz, sadəcə zamana ehtiyac var. Biz Rusiyadan və başqa ölkələrdən yox, Türkiyədən örnək götürməliyik. Mən inanıram ki, bizim ölkədə də bu düzən olacaq!
Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu
HƏMÇİNİN BAX:
“Deyirdilər, səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur”
“Başıma torba keçirib, «bandotdelə» apardılar”
“Ramiz Mehdiyevin adamı 15 silahlı ilə qardaşımın kabinetinə gəlib”
“Əlixan Məlikov Əli Insanovun yanına getmək istəmədiyini söylədi”