Müxalifətçilərin,- istər yaşlısı, istər cavanı olsun,- iqtidarı tənqid etməsi, yamanlaması son dərəcə təbii haldı. Ama YAP üzvü olan bir gəncin belə çıxışı daha təsirlidi və daha böyük ictimai dəyərə malikdi. O, 2 aprel mitinqinə görə həbs edilənə və hətta həbsxanada olduğu son zamanlara qədər əski partiyasının sıra nəfəri olaraq qalırdı. Yadımdan çıxmamış deyim ki, o mətin gəncin adı Ülvi, soyadı Quliyevdi. Bunu da əlavə eləyim: Bu gün YAP-dan Ə.Əhmədovun, hətta I.Əliyevin istefası heç bir ictimai dəyər daşımazdı, ama Ülvinin istefası artıq ciddi faktdı və hər bir gənc yapçı üçün görk olmalıdı.
Adətən, bədii və psixoloji ədəbiyyatlarda fövqəladə hallarda yaranan sevgiləri, ittifaqları uzmanlar dərin və dayanıqlı saymır, mövcudluq şəraitinin yaratdığı keçici affekt halı kimi xarakterizə eləyirlər. Zənnimcə, bu fikirdə, ən azı bu məqamda yanlışlıq var. Xüsusən də, hisslərlə bağlı olan ittifaqlarla əqli addımları, ayrılmaları, birləşmələri tərəzinin eyni gözünə qoymaq olmaz. Həm də söhbət qısa, təbii hadisələrdən doğan təhlükəli məqamdan deyil, upuzun sürən, siyasi sifariş üstdə qurulan saxta məhkəmədən gedir.
Məhbəsdən qıraqda YAP üzvü olmaq son dərəcə adi və məntiqəuyğun, hətta zəruri bir addım sayıla bilər. Buna şəraitə uyğunlaşma da demək olar. Eynən vaxtilə Kommunist Partiyasına üzvlükdə olduğu kimi. Kimsə mövcudluğunu qorumaq və ya daha da etibarlı eləmək üçün bu addımı atır. Mimikriya demək də olar. Ətraf mühitin rəngini almaq. Bu addım maddi zərurət baxımdan çox gerçəkçi olsa da, mənəvi-ideoloji açıdan zərrəcə əsaslandırıla bilməz, çünki mayasında ruhani heç nə yoxdu. Həbsxanada isə siyasi-ideoloji, həm də ətraf mühitin rəngindən qopmaq üçün edilən seçim heç cür qeyri-səmimi və umacaqlı ola bilməz. Söhbət iqtidar partiyasına transferdən getsə, təbii ki, elə sayılardı. Həm də bunu nəzərə alaq – Ülvi bəy, “Azadlıq”a yazdığı məktubdan da görünür ki, savad əhlidi, fikirlərini, ideoloji yanaşmalarını çox sadə, anlaşıqlı, həm də məntiqi cəhətdən kifayət qədər dəqiq ifadə edə bilir. Bu cümlələrin əsaslı analitik təhlillərdən keçdiyi, ciddi götür-qoy edildiyi dərhal hiss edilir. Belə məntiqli bir adamın yanlış qərar qəbul etməsi normalda – basqılar olmadığı halda, əsla mümkün deyil. Həm də bu ölkədə basqı məhz onun əski partiyası tərəfdən ola bilər, daha son 18 ildə əzilmək üçün hədəf seçilmiş müxalifət tərəfdən deyil.
Bəlkə də, həbsxanadan qabaq gündəlik zəruri tələbat malı olan YAP üzvlüyü zamanı Ülvi bəy heydərizmə əks fikirlərlə ürəyində razı olsa da, sözdə onu YAP-ın kimliyi haqda fikirlərə inandırmaq olmazdı. Ən azı, özünü yerə vurmazdı. Həbsxanada isə o, kimsənin inandırmasına gərəyi olmadan, gedən məhkəmə prosesinin, prosesdəki iyrəncliklərin, mitinq iştirakçılarının böhtanlar əsasında ittiham olunmasının canlı şahidi olub, haçansa, onlardan çox əvvəl bu məhkəmələrdə ittiham edilən müxalifətçilərin, media mənsublarının da eyni qaydayla ittihamını yada salıb və üzvü olduğu partiyanın əslində nə olmasını şüurlu şəkildə dərk eləyərək qərarını verib.
Indi o məhbəsdən yazır: “Azərbaycan gənci özünə sual verməlidir: onu təhsilsiz, işsiz, pulsuz, evsiz və ümidsiz yaşamağa məhkum edənlərə dözmək nə dərəcədə insanlığa yaraşan haldır? Bizi talayanlar, bizdən üstün insanlar deyil. Bizə zülm edənlərin üzərimizdə belə bir haqqı yoxdur. Azərbaycanın sərvətləri bir qrup adamın atasından qalan varidat da deyil. Xoşbəxtliyimiz öz əlimizdədir, dünyanı saran demokratikləşmə hərəkatının ölkəmizdə təntənəsi üçün hər kəs əlini daşın altına qoymalıdır”.
Həbsxanada YAP – Robinzon Kruzonun kimsəsiz adada tapdığı qızıl pullara bənzəyir. O yerdə ki, birinci zərurət azadlıqdı. O yerdə ki, bu pullara yox, Robinzonun azadlığa ehtiyacı var. Paranın dəyərsizliyi o adada sübut olunur. Ülvi bəy o dünyadan o dünya haqda yazan ilk adama oxşayır. Qoy, hələ də yapçı qalan gənclər bu haqda düşünsün. Şans düşüb ələ.