Əli Əhmədov başda olmaqla hakim partiya ideoloqları görünür, hakimiyyətdə olacaqları son günədək bu mövzudan əl çəkməyəcəklər. AXC hakimiyyəti zamanı siyasi mənsubiyyətlərinə görə “təqib” olunmaqları və buna adekvat olaraq mətanətlə, usanmadan qeyri-leqal (?) şəkildə göstərdikləri “şücaət” nəticəsində bu günə gəlib çıxmaqları, bol-bol reklam olunur. Gözlərimiz önündə qurulan və 1991-92-ci il tərkibindən əsər-əlamət qoymadıqları YAP-ı öz adlarına çıxarmaqları və bu məsuliyyəti öz üzərlərinə götürmələri “təqdirəlayiq”dir. Amma Elçibəy hakimiyyətindən şikayət edib, onu özləri üçün siyasi dividend vasitəsinə çevirmək sözün əsl mənasında nankorluqdur.
1992-93-cü illərdə mərhum professor, ərəbşünas alim Aida Imanquliyevanın AMEA-da institut direktoru olduğu yəqin ki, hər kəsə məlumdur. O zaman Əbülfəz Elçibəyin bir nömrəli siyasi rəqibi Heydər Əliyev idi. ABŞ kimi fövqəldövlətdə səfir isə, birinci xanım Mehriban Əliyevanın əmisi Hafiz Paşayev idi. Akademik Cəlal Əliyev daxil olmaqla hamısı əvvəlki postlarında idi. Əqidələrinə görə dövlət işinə irəli çəkilməsələr də öz işlərini itirməmişdilər.
…Keçək bu insanlardan fərqli olaraq bu illəri “dəhşətlə” xatırlayanlara…YAP-ın indiki icra katibi Əli Əhmədov elmi kommunizm üzrə kifayət qədər təcrübəli bir alim idi. 1992-ci ildə Bakı Dövlət Universitetində elmi kommunizm, Sov.IKP tarixi, elmi-ateizm və bir sıra əhəmiyyətini itirmiş elmlər tədrisdən çıxarıldı. Ramiz Mehdiyev başda olmaqla indiki YAP generaliteti işsiz qalmaq təhlükəsi ilə üzləşmişdi. Naxçıvanda isə H.Əliyev Sovet quruluşundan qalan bütün nişanələri çoxdan yığışdırmışdı. Hazırda topa tutduqları Elçibəy hakimiyyəti humanist bir addım atdı. BDU-da, eləcə də digər ali məktəblərdə elmi kommunizm siyasi tarix kafedrasına, elmi ateizm din tarixi kafedrasına, Sov.IKP tarixi isə, siyasi tarix kafedrasına çevrildi və yüzlərlə müəllim, o cümlədən Əli Əhmədov başda olmaqla heç kim narazı qalmadı…
YAP-ın qurucularından olan professorlar M.Ələsgərov və S.Musayev BDU-da ən aparıcı kafedra müdirləri idi və mən şəxsən mərhum Səfiyar müəllimin kabinetində Heydər Əliyevin portretini öz gözlərimlə görmüşdüm. YAP-ın o zamankı sədr müavini Əli Nağıyevin kabinetində partiya iclasları keçirilirdi. Siyasi fəaliyyətinə və mənsubiyyətinə görə o zaman kiminsə işdən çıxarılması mümkün deyildi və elə bir fakt olsaydı, bunu çoxdan kampaniyaya çevirərdilər. Əli Əhmədov tez-tez müxalifət nümayəndələrini savadsızlıqda ittiham edir, onların hətta orta məktəbdə dərs deməyə layiq olmadıqları haqda ittihamlardan əl çəkmir. Məsələ başqa cürdür. Əslində adi bir cəbhəçinin məktəbdə müəllim işləməsini hakimiyyət özü üçün “təhlükə” hesab edir. Orta məktəb müəllimləri qeyd-şərtsiz YAP-a üzv yazılmalı və mütləq “Səs”, “Palitra” və “Paritet” qəzetlərindən birinə abunə olmalıdır. Müxalifət nümayəndələrinin Azərbaycanda hər hansı dövlət struktrunda işləməsini bir kənara qoyun, hətta onlara iş verən özəl qurumlar təqiblərdən yaxa qurtara bilmir. Məhz bu səbəbdən onlar dünyanın dörd bir yanına səpələniblər. Rejimin savadsız və lazımsız (oxu – müxalifət) saydığı həkimlər, alimlər, mühəndislər bu gün Türkiyə və Avropada adlarından söz etdirirlər…
Bir yandan onları qınamaq da olmur, televiziya kanalına çıxandan sonra nədən danışa bilərlər axı?.. “Azərbaycanda rüşvət, korrupsiya yoxdur, ədalət var” deməklə xalqın qəzəbinə gəlməkdənsə, “hazır” mövzuya müraciət edirlər. Müxalifətə böhtan, şərə görə hələlik heç kimi məsuliyyətə cəlb eləmirlər, əksinə ənam və vəzifə verirlər…
…Misirdə hakim partiya elliklə Mübarək devrilməmiş ondan imtina etdi.Müxalifəti də mat vəziyyətinə qoydular, Misir xalqını da. Amma qatar artıq getmişdi. Bir neçə ay gecikmişdilər…