İctimai Palata Bakının qurtuluş gününü qeyd etdi (FOTOLAR)
Qafqaz-Islam ordusunun 1918-ci ildə Bakını işğaldan azad etməsi münasibəti ilə Ictimai Palata Türk Əsgəri abidəsi önündə ziyarət mərasimi keçirdi. Mindən artıq insanın qatıldığı mərasimdə 15 sentyabr şəhidlərinin abidəsi önünə güllər qoyuldu, onların ruhuna dualar oxundu. Ictimai Palatanın liderləri – Müsavat başqanı Isa Qəmbər və AXCP sədri Əli Kərimli mərasimdə Türkiyə-Azərbaycan münasibətləri barədə qısa çıxışlar etdilər.
Isa Qəmbər: “Azərbaycanın Türkiyə ilə birgə olmağı zəruridir”
“Bu gün Azərbaycan əsgərinin, türk əsgərinin böyük qələbə günüdür. Cümhuriyyətin paytaxtında birgə əməliyyatlar nəticəsində türk əsgərinin qalib gəldiyi gündür.
Biz müqəddəs Şəhidlər xiyabanına adətən 20 Yanvar günü, torpaqlarımızı itirdiyimiz günlərdə gəlirik. Amma tariximizdə qələbə günləri də var. Onlardan ən şərəflisi 15 sentyabrdır. Biz milətimizə, gənclərimizə, uşaqlarımıza bu qələbə gününü təbliğ etməliyik. Onları qələbələrə həvəsləndirməliyik, ruhlandırmalıyıq.
Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin kifayət qədər mürəkkəb mərhələsində əsrin əvvəlindəki bu yüksək əməkdaşlıq, birlik, bütövlük təcrübəsini xalqımızın, gənclərimizin diqqətinə təkrar-təkrar gətirməliyik.
15 sentyabr həm də təhsil ilinin başlandığı gündür. Böyük Məhəmməd Əmin Rəsulzadə 15 sentyabrı tariximizdə 28 may qədər önəmli gün hesab edirdi. Nədən 15 sentyabr bütün ölkədə “Bakı günü”, “Türkiyə-Azərbaycan birliyi günü” kimi qeyd olunmasın? Ziyalılarımız, mütəxxəssilərimiz, siyasətçilərimiz dəfələrlə bu məsələni qaldırıblar.
Inanıram ki xalqımız bütün çətinliklərə baxmayaraq tarixindəki şərəfli günlərin qədrini, qiymətini bilməkdə davam edəcək. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan birliyinin qiymətini biləcək. Türkiyənin nəhayət ki, regionda ən güclü dövlət olduğunu özü qəbul edib, başqalarına da qəbul etdirdiyi dövrdə Azərbaycan Türkiyənin yanında olacaq. Tarixin ən çətin dövrlərində Türkiyə bizimlə birgə olub, Azərbaycanın da Türkiyə ilə birgə olmağı təbiidir, normaldır və zəruridir.
Qələbə günü münasibəti ilə hamını təbrik edirəm. Arzu edirəm ki, xalqımızın fədakar mübarizəsi nəticəsində növbəti qələbələri əldə edək, torpaqlarımızı işğaldan azad edək. Və həmin günləri dövlət səviyyəsində bayram edək. Bu günlər mütləq olacaq. Tanrı Azərbaycanı, Azərbaycan-Türkiyə birliyini qorusun”.
Əli Kərimli: “Bu ziyarət bizim sədaqət borcumuzdur”
“Heç bir dövlət bəşər tarixində öz-özünə yaranmır. Kimlərinsə fədakarlığı, qəhrəmanlığı olmasa, heç bir coğrafiyada imkan verməzlər ki, müstəqil dövlət meydana gəlsin. Azərbaycan dövlətinin yaranması da belə olub. Xalqımızın bu coğrafiyaya sahib olması üçün çoxlu sayda insanlar fədakarlıq edib.
Buna görə ilk növbədə Xalq Cümhuriyyətinin qurucusu olan babalarımızı xatırlamalıyıq. Bakını işğaldan azad etməkdə Xalq Cümhuriyyətinə təmannasız xidmət edən Türk-Islam ordusunu xatırlamalıyıq. Və yenidən Azərbaycanın müstəqilliyini bərpa etməyə səy göstərmiş Əbülfəz Elçibəyin öndərliyi ilə Azərbaycan Xalq Hərakatını xatırlamalıyıq.
Çox təəssüf ki, Azərbaycanı quranların, onu düşmənlərdən təmizləyənlərin, o üç rəngli bayrağı yenidən dalğalandıranların bir qədər də bəxti gətirməyib ki, hazırda ölkəmizdə onların xidmətlərini layiqincə qiymətləndirənÿ hakimiyyət yoxdur. Ona görə də biz xalq olaraq ikiqat qədirbilən olmalıyıq. Həm xalq kimi, həm də onların dəyərini bilməyən hökumətin əvəzindən həmin insanlara minnətdarlığımızı ifadə etməliyik.
Hər il bura gəlib, Bakının azad edilməsində şəhid olan insanları ziyarət etməyimiz də bunun üçündür. Bu ziyarət bizim sədaqət borcumuzdur. Azərbaycanla Türkiyə münasibətlərinə bu insanların canı-qanı hesabına qurduğu bu abidədən yaxşısı abidə qurmaq mümkün olmazdı.
Bu insanlar yalnız bizim torpaqların azad olması üçün canlarını verməyiblər, həm də bütün əsrlər boyu Azərbaycan-Türkiyə dostluğunun əbədi olması üçün canlarından keçiblər. Bizlərə həmişə xatırladıblar ki, bu iki ölkə hökumətlərin yanlışlıqlarına fikir vermədən əbədiyyətə qədər qardaşlıqlarını davam etdirməlidirlər.
Biz qədrbilən xalq kimi unutmamalıyıq ki, hər zaman Türkiyənin dəstəyini görmüşük. Mən soruşuram, Bakını işğaldan azad etməkdən ötəri ikinci bir millətin əsgəri, zabiti canını fəda edibmi?
Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanın üzünə 18 ildir sərhədlərini bağlayan ikinci bir dövlət varmı? Azərbaycanın Xəzərdəki neft yataqlarını Iran gəmiləri təhdid edəndə bizim səmamızda gövdə göstərisi ilə Azərbaycanın arxasız olmadığını Türk şahinlərindən başqa biri nümayiş etdiribmi? Təbii ki, yox. O zaman biz çox uca və əmin səslə deməliyik: Türkiyəni istənilən başqa birÿ dövlətlə, hər nə qədər bizə yaxın olmağından asılı olmayaraq, eyni bilib aralarında balans yaratmaq səhvdir. Türkiyə bizim vazkeçilməz müttəfiqimizdir.
Fürsətdən istifadə edib onu da bəyan edirəm ki, biz tarixən Türkiyənin dəstəyini görmüşük. Buna baxmayaraq, düşünmürük ki, həmişə bizə kömək edilməlidir. Biz qürurluyuq, ona görə də Türkiyənin istənilən sınağında, Allah göstərməsin, dar günündə ordakı bacı və qardaşlarımız bilməlidirlər ki, bizlər də onlarla bərabər olacağıq. Biz heç vaxt Azərbaycan torpaqlarının azad olunmasında canından keçən bu qəhrəmanları unutmayacağıq”.
Türk əsgərinin abidəsindən sonra IP fəalları Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğurunda şəhid olanların da məzarlarını ziyarət etdilər.
Natiq Güləhmədoğlu