«Fövqəlnazir» Rusiyadan gətirdiyi «Natsionalnıy lider» araqlarını necə satdırır?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov spirtli içkilər bazarının tam nəzarətə götürməyə çalışır. “Azadlıq”a daxil olan xəbərə görə, Kəmaləddin Heydərov Rusiyadan iri partiya “Natsionalnıy lider” adlı araq gətirib.
Bütün topdansatış məntəqələrinə, ticarət obyektlərinə həmin araqları almaq tapşırılıb. Həmçinin şadlıq evlərinə göstəriş verilib ki, “Natsionalnıy lider” araqları menyuya salınmalıdır. Qısası, Kəmaləddin Heydərov “Jalə” şirələrini hansı üsulla satdırırsa, Rusiyadan gətirdiyi araqları da eyni qaydada “əridir”.
Məlumatlarda o da qeyd olunur ki, qanunsuz olsa belə, “Natsionalnıy lider” araqlarının üstünə Azərbaycanın aksiz markası vurulmur. “Fövqəlnazir”in bu araqları Azərbaycanda istehsal etmək planlarının olduğu da gələn xəbərlər sırasındadır.
Oxucuların diqqətinə çatdıraq ki, Kəmaləddin Heydərovun spirtli içkilər bazarında kifayət qədər payı var. Bu bazarda söz sahibi olan oliqarxlardan biri də prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur.
Informasiya şöbəsi