Son çağlar Iranla Azərbaycan arasında baş verən qalmaqal bir tufan deyilsə də, tufan sindromlarındandır. Bu tufanın (tufan sindromunun) başlıca qaynağı başında 40 ildən bəri əliyevçi tayfa hakimiyyətinin durduğu Azərbaycandır. Eləcə Azərbaycan yox, Əliyevlər Azərbaycanı. Ötən yüzilin sonlarında Heydər Əliyevin 70-80-ci illərdəki tayfaçılıq siyasətilə bağlı istər Moskva, istərsə də Azərbaycan qəzetlərində yazılar gedəndə H.Əliyev o yazılara qarşı kəskinliklə çıxaraq onların hamısını yalana çıxarmağa çalışırdı. Qəzetlərsə yalan yazmırdı, olanı yazırdı: H.Əliyev 70-80-ci illərdə Azərbaycanda regional hakimiyyət – ermənistanlı-naxçıvanlı hakimiyyəti qurmuşdu.
***
Hakimiyyətə 93-cü il qayıdışından sonra H.Əliyev qabaqkı Moskva qorxusunun aradan qalxdığını görərək, regional hakimiyyətdən tayfa-klan hakimiyyətinə yönəlik bir yol tutdu. 70-80-ci illərdə H.Əliyev hakimiyyəti daha çox regional xarakter daşıyırdısa, 93-dən sonra bu hakimiyyət daha çox tayfa-klan xarakteri daşımağa başladı. Bu özünü nədə göstərirdi? H.Əliyev Neft başda olmaqla bütün strateji postların başında tayfa-klan adamlarını, tayfa-klana bağlı olan kimsələri oturtdu. Bu adamların ardınca gəlirdi “Ermənistan”-Naxçıvan regionuna bağlı olanlar. Bununla H.Əliyev ikibaşlı bir oyun oynayırdı: gerçək bir tayfa-klan hakimiyyəti qurur, ancaq bu hakimiyyətə regional xarakter verməyə çalışırdı. Bu yalnız siyasi xarakterli kələk deyildi; gizli, uzaq gedən planlar – özünün klan hakimiyyətini qurmaq üçün yürüdülməsi qaçılmaz olan düşünülmüş siyasət idi. Bu siyasət mütləq ata Əliyevdən sonra oğul Əliyevin hakimiyyətə yiyələnməsi ilə sonuclanmalı idi. Elə də oldu.
Di gəl, bütün bu siyasətləri gizlətmək, ört-basdır eləmək üçün H.Əliyevə onun xarakteri, naturası, dünyagörüşü, çoxillik siyasətləri ilə azacıq da olsa uzlaşmayan bir, bir neçə ad tapılmalı idi. Tapıldı: ulu öndər, ümummilli lider… Sözsüz, bütün siyasətləri bütün xalqın deyil, başında durduğu bir tayfanın maraqlarına yönəlmiş istənilən kimsəni ulu öndər adlandırmaq olar. Ən azı, elə o tayfanın özünün istəkləri, güdükləri baxımından. “Ümummilli lider” deyiminə gəlincə, bu, son 40 ilin bəlli gerçəkləri ilə bağlı xalqı aldadıb ələ salmaqdan başqa nəsə deyil. Lider milli olur, olmur. “Ümummilli”, bir daha demək gərəkir: xalqı aldatmaq, aldadıb oynatmaq üçün ortaya atılan qondarma, qurama sözdür. Tayfaçı, tayfa-klan siyasəti yürüdən kimsə milli lider adlana bilməz, onda qalmış “ümummilli” lider ola! Milli lider dar tayfa-klan maraqlarından uzaq olan, milli maraqlarla yüklənən, milli maraqlarla yaşayan, işləyən kimsə deməkdir. Ortada bu sayaq faktorlar yoxdursa, demək, milli lider faktoru da yoxdur.
Olmur – olmasın, bütün hakimiyyət strukturlarını, gizli-açıq polisi, mass-medianı işə qoşmaqla milli lider olmayan yerdə belə, “ümummilli lider” obraz-mifi yaratmaq olar. Hər yerə onun adını verməklə, hər yerdə, eləcə də bir sıra konyunktur hökumətlər olan ölkələrdə ona anıtlar düzəltməklə “ümummilli lider” obrazını daha çox populyarlaşdırıb, daha çox “legitimləşdirmək” olar. Belə bir “legitimləşdirmə” üçün oğul Əliyev, demək olar, getdiyi hər yerdə, daha çox da “xalqla” görüşlərində “ümummilli lider” obrazını populyarlaşdırmağa, gerçəklik olaraq xalqın düşüncəsinə yeritməyə çalışır. Ancaq… çağdaş dünyada, ən başlıcası, Internet-Vikiliks dönəmində mif yaradcılığı ilə çox da uzağa getmək olmaz. Olmur da!
***
Bir sıra dünya qəzetlərinin, ən başlıcası, Vikiliks saytının korrupsioner Əliyevlər hakimiyyəti, ayrıca olaraq I.Əliyevlə bağlı şok açıqlamaları bu ailə, bu hakimiyyətlə ilgili mifləri darmadağın elədi. Ortaya Ilham Əliyevin 11 yaşlı oğlu üçün aldığı 44 milyon dollarlıq (hamısı bir yerdə 75 milyon dollarlıq) Dubay mülkləri, ailənin, ayrıca olaraq qızlarının adına banklar, holdinqlər, kompaniyalar çıxarıldı. Bakıdan uzaq Panamayadək! Ortaya Əliyevlər ailəsinin Azərbaycanı bütünlüklə özəlləşdirmələri, bütöv bir holdinqə, kompaniyaya, kommersiya strukturuna çevirmələri faktı çıxarıldı. Ancaq bunlar hamısı I.Əliyevin, bu “beynəlxalq münasibətlər uzmanının” özümlü diplomatik gedişlərinin yanında boş-boş nəsnələr imiş. Sən demə, Ilham Əliyev qonşu dövlətləri, ən başlıcası, bizə qardaş Türkiyəni ABŞ-a satırmış!
Sən demə, Əhmədinejad başda olmaqla Iran liderlərilə görüşlərində Iranı Azərbaycana qardaş dövlət adlandıran I.Əliyev ABŞ yetkililəri ilə görüşlərində Iranın QORXULU dövlət olmasından danışırmış. Sən demə, bir yandan Rusiyanı rusca Azərbaycanın strateji ortağı adlandıran I.Əliyev o biri yandan ABŞ yetkililəri ilə ingiliscə qonuşmalarında “Rusiya mifini” darmadağın eləməsindən danışırmış (Ancaq gerçəklik başqadır: özünün demokratik dövlət quruculuğu ilə regionda Rusiya mifini dağıdan bir dövlət başçısı varsa, o da Gürcüstan prezidenti Mixail Saakaşvilidir. I.Əliyev də, dostu Serj Sərkisyan da regionda Rusiya mifi yaradan, bu mifi ölməyə qoymayan iki başlıca hökumət başçısıdır). Sən demə, bir yandan Türkiyə liderlərilə görüşlərində atası kimi “bir millət-iki dövlət” formulundan dəm vuran I.Əliyev ABŞ yetkililərilə görüşlərində Türkiyənin kimlərəsə qorxu törətdiyindən danışırmış. Görəsən, kimlərə? Burası olduqca ilginc bir soru!Budur ata-oğul Əliyevlərin “uğurlu neft-qaz strategiyası” – əliyevçi tayfa hakimiyyətinin dəmir kontrolu altında yeraltı-yerüstü var-yatırını itirə-itirə gələn Azərbaycan… SATQIN DÖVLƏT imici qazanıb! Korrupsiyanı DÖVLƏT IDEOLOGIYASINA çevirən bir hakimiyyət dünyada yalnız satqın, düşkün Azərbaycan obrazı yarada bilərdi.
***
I.Əliyev qonşuları ABŞ-a satırkən ABŞ adlı super güclə necə bir oyun oynadığını, sözsüz, ağlına gətirməyib. Elə bununla da başında durduğu rejimin çöküşünə start vermiş olub. Bəlli olduğu kimi, ata Əliyev ABŞ-ı, Avropanı uzun illər demokratiya quruculuğu – Avropaya inteqrasiya yalanları ilə aldatdı. Sonra bu estafet I.Əliyevə keçdi. Indi ABŞ da, Avropa da ata-oğul Əliyevlərin özəl maraqlar üzərində necə bir oyun qurduqlarını gözəl bilir. Ata-oğul Əliyevlər ABŞ, Avropa qarşısında insan hüquqları, demokratiya ilə bağlı götürdükləri öhdəliklərin, verdikləri sözün birini də yerinə yetirməyiblər. Belədə ABŞ I.Əliyevin başqa qonşular bir yana, “Rusiya mifini dağıtması” ilə bağlı söyləmələrinə inana bilərmi?
Vikiliksin bəlli açıqlamalarından sonra qonşu dövlət başçılarının da, demokratik dünyanın da I.Əliyevə inamı bütünlüklə itib. Ancaq ən başlıcası ölkə içində, xalq arasında I.Əliyevə inamın itməsidir. Bunun sonuncu parlaq örnəklərindən biri Iran Islam Respublikasının generalı, baş qərərgah rəisi Həsən Firuzabadinin Azərbaycan prezidenti adını daşıyan I.Əliyevə açıqca barmaq silkələməsində özünü göstərir: “Ilham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa, onu qorxulu gələcək gözləyir!”. Burada bizim üçün önəmlisi budur: Əliyevlərin çoxillik ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərinin sonucu olaraq Azərbaycanı qorxulu gələcək gözləyir!!!
***
Iran prezidenti Əhmədinejad son bir neçə ildə I.Əliyevi dönə-dönə Tehrana çağırıb. Qazan görüşündən qabaq da o, uyğun bir çağırışda bulundu. Açıq-aydın görünür: son illər I.Əliyev istər Irana, istərsə də Türkiyəyə çağırışlardan boyun qaçırır. Onun Irana getməkdən boyun qaçırmasını başa düşmək olar – Azərbaycana düşmən “Ermənistana” hər cür QARDAŞLIQ yardımlarında bulunan Iran ISLAM Respublikası Azərbaycanla bağlı açıq düşmənçilik siyasəti yürüdür. Bəs I.Əliyevin bütün çətin çağlarımızda bizə arxa duran, bu arxadaşlıq üzündən “Ermənistanla” sınırları bağlayıb böyük dünya güclərinin ardıcıl təpkiləri ilə üzləşən Türkiyəyə yad, düşməncəsinə yanaşmasını necə başa düşək? I.Əliyevin demokratik dünyadan uzaqlaşaraq işğalçı bir dövlətə – Rusiyaya sığınmasını necə başa düşək? Rusiya prezidenti D.Medvedevin 2008-in Gürcüstan olayları ilə bağlı yaxınlardakı açıqlaması I.Əliyevin Rusiya ilə yalnız hakimiyyətini itirmək qorxusundan “strateji ortaq” oyunu oynadığını açıb ortaya qoydu.
Bütün bunlardan sonra özü blokada içində boğulmaqda olan bir dövlətin – Iran generalının I.Əliyevə barmaq silkələməsi necə də acınacaqlıdır! General, bütövlükdə Iran I.Əliyevin ölkə içində də, ölkə dışında da təkləndiyini gördüyünə görə ona barmaq silkələyir: sənə göstərərəm! Biz o generalı qınamalıyıqmı? Yox. General Əliyevlərin yaratdığı gerçəklikdən çıxış eləyir. Suçlu bu gerçəkliyi yaradan, yaradanlardır!Iran parlamentinin başçısı Əli Laricani generalın çıxışı ilə bağlı bildirib: “Rəsmi şəxslər bəyanatlarında diqqətli omalı, ilişkilərə ziyan vuran düşüncədən yayınmalıdırlar”. Bütünlüklə yalançı, saxta bir reaksiyadır bu. Bunu Azərbaycan torpaqlarını qanlı qırğın yolu ilə tutan erməniliyə hər cür yardımlarda bulunan, illərlə Azərbaycana düşmənçilik sərgiləyən dövlətin yetkililərindən biri deyir. Bizi belə yalanlarla, ikiüzlü siyasətlərlə aldada biləcəklərini düşünürlər. Keçməz! Iranın Azərbaycana düşmənçiliyi SISTEMLI xarakter daşımasaydı, inanardıq. ***Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenent Elçin Quliyev Iran generalına cavab verib: “Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız, qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması…”. Baxın, bunlar elə bil Əliyevlərin başlıca televiziyası olan “Lider” TV-nin, eləcə də güc orqanlarının müxalifətlə bağlı leksikonundan götürülmüş sözlərdir. Bəlli olduğu kimi, general Elçin Quliyev Əliyevlər tayfasındandır. O, indiki strateji postu savadlı, səviyyəli, professional olduğuna görə deyil, tayfadan olduğuna görə tutub. 21-ci yüzillikdə korrupsioner tayfa hakimiyyəti qurmuş bu adamların düşüncəsinə görə, Iran generalı o çıxışı “savadsız, səviyyəsiz, qeyri-peşəkar” olduğu üçün eləyib. Bir daha demək gərəkir: o çıxış Əliyevlərin yaratdığı gerçəkliyə – sosial-siyasi konyunkturaya uyğun bir çıxışdır. Ölkədə xalqı-müxalifəti, dışda, demək olar, bütün dünyanı düşmən gözündə görən, özünün düşməninə çevirən siyasət daşıyıcıları necə başqalarına “savadsız, səviyyəsiz, qeyri-peşəkar” deyə bilərlər? Deyə bilirlər! Pulları çox olduğuna, Xalqı yendiklərinə görə. Bir neçə il qabaq I.Əliyev dünyanın hər yerindən Azərbaycanın çoxu keçmiş korrupsioner olan “diplomatlarını” Bakıya yığıb açıqca demişdi: “Bizim pulumuz çoxdur, buna görə heç bir dövlətdən qorxub çəkinməməliyik”.
E.Quliyev IIR-i bir sıra qanunsuzluqlarda, o sıradan, Azərbaycana “narkotik vasitələrin” ötürülməsində suçlayır. Bunlardan ən geniş yayılanı “narkotik vasitələrdir”. Iran Islam Respublikası uzun illərdən bəri planlı olaraq Azərbaycanla bağlı ardıcıl pozuculuq işləri aparır. Iranın bu pozuculuq işləri uzun illər Əliyevlərin işinə yaradığından illərlə susqunluq göstərilib. Iranın illərlə çalışıb Azərbaycanda yaratdığı sosial baza son illər Əliyevlər hakimiyyətinə qorxu yaratdığından, ortaya tutuqlama-məhkəmə faktları, qorxutma-şantaj, qarşılıqlı suçlamalar çıxır.Indilikdə toqquşan iki dövlətin deyil, biri o birindən seçilməyən, üstəlik, çökməkdə olan iki antihumanist, antidemokratik rejimin maraqlarıdır.