«2 aprel»in «təşkilatçıları»nın işinə baxan hakim çətin duruma düşdü
Səbail rayon məhkəməsində Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilən və aksiyanı təşkil etməkdə təqsirləndirilən 4 nəfərin – Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının mühakiməsi başlandı.
Beynəlxalq diqqət
Prosesi izləmək üçün məhkəmə binasının önünə 200-dən artıq müxalifət fəalı toplaşmışdı. Diplomatik korpusdan ATƏT və ABŞ səfirliyinin nümayəndələri də məhkəmədə idi.
Liderlər məhkəmədə
Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri – AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər də məhkəmə iclas zalındaydı. “2 aprel” məhbusları zala alqışlar altında daxil oldular. Liderlər onlarla görüşəndən sonra zalı tərk etdilər. Onlar hərəkətlərini belə izah etdilər ki, növbəti məhkəmənin gedişində şahid qismində ifadə vermək istəyirlər, ona görə də prosedura əsasən, zalda qala bilməzlər.
Siyasi məhbusların görkəmi və ovqatları yüksək səviyyədə idi. Bircə Arif Hacılının nəzərəçarpacaq dərəcədə arıqladığı görünürdü.
Polis şahidlər və 19 min manatlıq təzminat
Ittiham aktında zərərçəkən kimi 28 polis əməkdaşı, obyektlərinə, maşınlarına ziyan dəydiyi iddia olunan 21 nəfər, şahid qismində isə 26 şəxsin (onların da çoxu polisdir) adı çəkilir.
Siyasi məhbuslara qarşı qaldırılan mülki iddiada isə onlardan 19303 manat kompensasiya tələb olunur.
Hakim topa tutulur
Məhkəmə iclasının başlaması ilə dustaqlar və onların vəkillərinin hakim Famil Nəsibova etirazları ard-arda düzüldü. Ilk çıxışçı Arif Hacılının vəkili Əsabəli Mustafayev xatırlatdı ki, hakim Famil Nəsibov müdafiə etdiyi şəxslə bağlı iki dəfə məhkəmə qərarı çıxarıb. Bu qərarların hər ikisi əsassız və qərəzli olub. Ona görə onlarda inam yoxdur ki, hakim bu dəfə işə obyektiv baxacaq.
Əsabəli Mustafayevin növbəti vəsatəti məhbusların dəmir barmaqlıqlar arxasından çıxarılması barədə oldu. O dedi ki, cəmiyyətin tanınmış siyasətçilərini dəmir barmaqlıqlar arxasında oturtmaq insan ləyaqətinə zidd davranışdır.
Arif Hacılı özü də vəkilinin dediklərini təsdiqlədi. O dedi ki, heç bir maddi, hüquqi əsaslar olmadan hakim Nəsibov onun barəsində şəxsiyyətini nəzərə almadan həbs-qətimkan tədbiri seçib. Halbuki, bu cəzanın alternativlərini – ev dustaqlığını, girov qarşılığında azadlıqda olmağı seçməyi Ali Məhkəmə də hakimlərə tövsiyə edib. 2 aprel aksiyasında heç bir cinayət əməli törətmədiyini bəyan edən Arif Hacılı bildirdi ki, 12 cildlik cinayət işini tam oxuyub, lakin orada hər hansı cinayətini görməyib.
Arif Hacılı onu da əlavə etdi ki, hakim Famil Nəsibov onun barəsindəki həbs-qətimkan tədbirinin müddətini iki dəfə əsassız olaraq uzatsa da, onunla bağlı mayın 18-dən bəri heç bir istintaq hərəkəti aparılmayıb və indiyədək qanunsuz olaraq həbsdə saxlanılır. Arif Hacılı dedi ki, hakim Famil Nəsibov ona qarşı qərəzlidir.
Arif Hacılının sözlərinə görə, işlə tanış olan istənilən hüquqşünas təqsirləndirilən şəxslərə bəraət verib məhkəmə zalındaca onları azad edər. Onları qanunsuz həbs edənlərə qarşı isə ittiham irəli sürərdi.
“O, bizə düşmən münasibəti bəsləyir”
Məhəmməd Məcidli də hakim Nəsibovu mənfi xarakterizə edərək ona qarşı yazılı etiraz verdi. Məcidli dedi ki, ötən il AXCP-nin keçirdiyi 31 iyun aksiyasında tutularkən hakim Nəsibov onun barəsində inzibati həbs qərarı verib. Bu qərarı verərkən o hakimdə AXCP-yə qarşı düşmən münasibət müşahidə olunub:
– Hakim Famil Nəsibov öz otağında çay içə-içə, televizorun “pultu” ilə oynaya-oynaya həbsim barədə qərar verdi. O, siyasi müxalifətə qarşı qərəzli və qeyri-etik davranışı ilə seçilir, buna görə də işə obyektiv baxa bilməz.
“Hamınız bir bezin qırağısınız…”
Tural Abbaslı isə hakim Famil Nəsibovu tanımadığını, amma ölkədə hakimlərin necə işləməsi barədə eşitdiyini, buna görə də yoldaşlarına dəstək verərək hakimə etiraz etdiyini söylədi. O, əlavə etdi ki, bu hakimin daha ədalətli hakimlə əvəz ediləcəyinə də inanmır.
Hakimə qarşı qınaq
Vəkil Elçin Namazov da hakimə etiraz edərək dedi ki, o, hakimlikdən daha çox hakimiyyətin sözçüsü təəssüratı yaradıb. Vəkilin hakimə iradı da oldu. Bildirdi ki, təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılmasını onlar tələb etməməlidir, bunu məhkəmə özü düşünməlidir:
– Bu adamları lap çıxarıb məhkəmənin çölündə nəzarətsiz də qoysanız, heç yerə gedən deyillər. Qayıdıb gəlib haqsız tutulduqlarına görə mübarizə aparacaqlar.
“Möcüzə gözləmirik”
Vəkil Osman Kazımov isə Arif Hacılıya nəzərən dedi ki, 20 il əvvəl dövlətin müstəqilliyinə səs vermiş bir şəxsin heç bir cinayətə yol vermədiyi halda, dəmir barmaqlıqlar arxasında saxlanılması yaraşmayan haldır. O da etiraza qoşuldu.
Vəkil Yavər Hüseyn 4 məhbusun heç birinin günahı olmadığını deyərək əlavə etdi ki, normalda onların hər biri barəsində məhkəmə bəraət hökmü çıxarmalıdır. Indiki halda isə hakim belə hökm çıxarsa, bu, möcüzə olar:
– Ancaq mən möcüzə gözləmirəm. Lakin hakimin imkanı var ki, həbs-qətimkan tədbirini dəyişsin və səhvini düzəltsin.
“Sizin mənəvi haqqınız yoxdur…”
Təqsirləndirillən Fuad Qəhrəmanlı da hakimə etirazını bildirdi. O, hakimin Arif Hacılı barəsində çıxardığı iki qərara istinad edərək dedi ki, bu təkcə Arif Hacılının şəxsiyyətinə yox, həm də ümumi işə münasibətdir. O, hakimi siyasi mövqe tutmaqda qınayaraq ona etirazını bildirdi.
Vəkil Ilqar Musayevin çıxışı isə konkret oldu:
– Cənab hakim, görürsünüz ki, sizi özünüzdən və prokurordan başqa heç kim istəmir. Məncə, belə kütləvi etiraz qarşısında qanunlar bir yana, prosesi aparmağa mənəvi haqqınız yoxdur. Siz bu işə baxmayın!
Dövlət ittihamçısı hakimin dəyişdirilməsi ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını istədi. Vəsatətlərə baxmaq üçün məhkəmə fasiləyə çıxdı. Iki saat yarımdan sonra hakim Famil Nəsibov elan etdi ki, hakimə etiraza məhkəmənin sədri qiymət verməlidir. Hazırda isə sədr məzuniyyətdədir. Sədri də o, əvəz edir. Amma o, öz-özünə etiraza baxa bilməz. Buna görə də vəsatət Bakı Apelyasiya Məhkəməsinə göndərilir.
Bu səbəbdən məhkəmənin hazırlıq iclası qeyri-müəyyən müddətə təxirə salındı.
Aksiya
Məhkəmə prosesi yekunlaşandan sonra ora yığışan müxalifət tərəfdarları polisin müdaxiləsi olsa da, “Azadlıq!”, “Istefa!” şüarları ilə aksiya keçirə bildilər.
Natiq