Azərbaycan İranın hədələrinə öz vətəndaşlarını tutmaqla cavab verdi
Azərbaycanda dindarların kütləvi həbsinə start verilib. Artıq 3 nəfər – Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıb.
Ramin Bayramov “Islamazeri” saytının baş redaktoru, Arif Qəniyev isə Azərbaycan Islam Partiyasının sədr müavinidir. Hər üç şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılırlar.
Abgül Süleymanovun vəkili Anar Qasımov bildirib ki, onu Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlayıblar.
Arif Qəniyevin həbsi zorakılıqla həyata keçirilib. O, oğlu ilə birgə mülki geyimli şəxslər tərəfindən döyülərək, MTN-nin Sumqayıt bölməsinə aparılıb. Daha sonra MTN və Prokurotura işçiləri Arif Qəniyevin evində axtarış aparıblar. Axtarış zamanı bir neçə dini diskin götürüldüyü bildirilir. Arif Qəniyevin oğlu Yaşar Qəniyev isə sonradan sərbəst buraxılıb.
Abgül Süleymanov isə Ismayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib.
Bəzi saytların yaydıqları məlumatda isə bildirilir ki, Polislər Abgül Süleymanovun olduğu evə basqın edərək onu zorakılıqla polis avtomobilinə mindiriblər. Polis evdə vəhşilik törədib; ev əşyaları sındırılaraq yararsız hala salınıb.
Bu arada MTN-in mətbuat xidməti dindarların həbsi ilə bağlı məlumat yayıb. Məlumatın qısa məzmunu ondan ibarətdir ki, Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyev Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinərək saxlanılıb.
Müəyyən edilib ki, Abgül Süleymanov Iran Islam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrıseçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil edib.
Ekspertlər isə hesab edir ki, dindarların həbsi Irana cavabdır. Xatırladaq ki, bir neçə gün əvvəl Iran ordusunun baş qərargah rəisi Həsən Firuzabadi Ilham Əliyevi hədələmişdi. Ekspertlərin fikrincə, rəsmi Bakı bu hədəyə nota ilə cavab verməklə kifayətlənməyib. Eyni zamanda ekspertlər hesab edir ki, Islam Partiyasının həbsdə olan sədri Mövsum Səmədovun “Bu hakimiyyət tarixdən silinəcək” bəyanatının Iran generalının hədəsi ilə eyni vaxta təsadüf etməsi Azərbaycan hakimiyyətinin narahatlığına səbəb olub. Bu baxımdan da dindarların həbsinə start verilib. Ekspertlərə görə, həbslərin davam edəcəyini gözləmək olar.
Informasiya şöbəsi