Bakıda ofisində bıçaqlanaraq qətlə yetirilən iş adamı haqda şok məlumat
Avqustun 10-da Bakının Nərimanov rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Metronun “Gənclik” stansiyasının yaxınlğında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində iş adamı Qəhrəman Cəlilovu bıçaqlayaraq qətlə yetiriblər.
Nərimanov Rayon Polis İdarəsinin yaydığı məlumata görə, iş adamını bıçaqlayaraq öldürən Şərur rayon sakini Vaqif Cəfərovdur. O, Qəhrəman Cəlilovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Ağır yaralanmış Cəlilovu xəstəxanaya çatıdrsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.
Vaqif Cəfərovun isə həbsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Vaqif Cəfərov kriminal aləmdə nüfuza malikdir və o, “Kəpənək Vaqif” ləqəbi ilə tanınır.
Elə dünyasını dəyişmiş Qəhrəman Cəlilov da kifayət qədər nüfuzlu iş adamı kimi tanınıb. “Azadlıq”ın əldə etdiyi bilgilər deməyə əsas verir ki, bu qətl ölkədə çox ciddi səs-küy doğuracaq. Söhbət təkcə qətli törədənlə dünyasını dəyişənin şəxsi nüfuzlarından getmir. Ortada daha bir tutarlı amil var – dünyasını dəyişən Qəhrəman Cəlilov ölkə başçısının şəxsi mühafizə dəstəsinin rəhbəri, general Bəylər Əyyubovun qohumudur. “Azadlıq”ın əldə etdiyi bilgilərə görə, mərhum Bəylər Əyyubovla kirvə olub.
Məlumatlarda o da deyilir ki, 66 yaşında həyatına son qoyulan Cəlilov xüsusən də Azərbaycanın kürd icması arasında yüksək nüfuz sahibi olub. Onun özünün də kürd əsilli olduğu deyilir.
Qətlin səbəblərinə gəlincə, ilkin ehtimallara görə, arada maliyyə mübahisəsi olub.
Mərhumun kimliyini nəzərə alsaq, ehtimal etmək olar ki, qatilin tapılıb cəzalandırılması üçün təkcə hüquq-mühafizə orqanları hərəkətdə olmayacaq.
Bu qətllə bağlı xəbərləri diqqətdə saxlayacağımızı qeyd etməklə yanaşı, xatırladaq ki, təxminən bir ay əvvəl Nərimanov ərazisində daha bir iş adamı otağında öldürülmüşdü. Diaspora komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahimə məxsus «Avesta» konserninə daxil olan «Azər-Ross» tikinti şirkətinin sahibi Əflatun Piriyev güllələnərək qətlə yetirilmişdi.
İnformasiya şöbəsi