Böyük Britaniya isə yeni təhlükəylə üz-üzədir
İngiltərədə anarxistlərin ölkəboyu törətdiyi iğtişaşlar səngimək bilmir. Polis rəsmiləri iğtişaşlarda iştirakda şübhəli bilinən 464 adamın həbs olunduğunu açıqlayıb.
Qərbi Midland polisi Birmingemdəki Dadli küçəsində bir avtomobilin 3 nəfəri vurduğunu və onlardan ikisinin hadisə yerində digərinin isə xəstəxanada həyatını itirdiyini bildirib. Ölən şəxslərin qonşularını iğtişaşlara qatılmamağa çağırdığı üçün anarxistlər tərəfindən öldürüldüyü söylənilir. Ötən gecə paytaxt Londonun şimalındakı Enfild bölgəsində ingilislərlə zəncilər arasından qarşıdurma yaranıb. “İngiltərə, İngiltərə” kimi şüarlar səsləndirən irqçi qrup zəncilərə hücum edərək onlara xəsarətlər yetiriblər.
Bundan başqa paytaxt Londonun Tottenhem bölgəsindəki anbarlardan birində 4 partlayış baş verib. Yaxınlıqdakı yaşayış evlərinin sakinləri evakuasiya olunub. İğtişaşların davam etməsinin qarşısını almaq üçün Birləşmiş Krallıq hökuməti şəhərlərdə asayiş keşikçilərinin sayını 16 min nəfərə çatdırıb. İtişaşların baş qaldırmasına səbəb olmuş Mark Daqqan adlı gəncin ölümü də araşdırılır. İstintaqı aparan müstəqil komissiya bildirib ki, əvvəllər iddia edildiyindən fərqli olaraq, Mark Daqqanın polis əməkdaşlarına atəş açmadığı müəyyənləşib.
Baş naziri Devid Kameron Londonda və digər şəhərlərdə kütləvi iğtişaşları bir daha pisləyib. O, London küçələrində baş verənləri iyrənc əməllər, qarət, vandalizm, oğurluq və soyğunçuluq adlandırıb:“Bu adi, açıq-aşkar cinayətdir və bu cinayətə qarşı çıxaraq onu əzmək lazımdır. Mən törədilmiş yanğınlarla əlaqədar öz evlərindən çıxmalı olmuş günahsız insanlara, zərər çəkmiş ailələrə, öz iş yerlərinin və mülkiyyətlərinin məhv olmasına tamaşa etmiş sahibkarlara təəəsüf hissi keçirdiyimi bildirmək istəyirəm”.
Baş nazir hökumətin böhran tənzimlənməsi üzrə fövqəladə komitəsinin iclasında iştirak edib. Kameron həmçinin London polisinin başçısı və daxili işlər naziri ilə də görüşərək, ölkədəki vəziyyəti müzakirə edib. Devid Kameronun sözlərinə görə, asayiş keşikçiləri qanunu pozanlara qarşı hədsiz cəsarət nümayiş etdiriblər, lakin küçələrdə daha çox polisə ehtiyac var.
Bu arada İngiltərədən sonra talanlar və qarətlər İsveçdə də başlayıb. Paytaxt Stokholmun rayonlarından birində onlarla gənc metro stansiyalarının şüşələrini sındırıblar. Bundan sonra gənclər şəhərin mərkəzi meydanına axışıblar, burada çantalarında gətirdikləri daşları polis əməkdaşlarına atmağa başlayıblar.
Hadisələrlə bağlı bir nəfər artıq həbs olunub, daha 4 nəfərin şəxsiyyətini təhlükəsizlik kameralarının sayəsində müəyyənləşdirmək mümkün olub. İsveç rəsmiləri baş verənlərin Londondakı hadisələrlə əlaqəsinin olmadığını bəyan etsələr də, ekspertlər belə talanların vahid kökə malik olduğu qənaətindədirlər.
Elxan