Koordinasiya Şurası Ayaz Mütəllibovla bağlı bəyanat verdi
Avqustun 10-da İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal “Azadlıq”a açıqlamasında bildirib ki, yığıncaqda İctimai Palatanın növbəti sessiyasının vaxtı müəyyənləşib, ölkədəki ictimai-siyasi proseslər, o cümlədən keçmiş prezident Ayaz Mütəllibovla bağlı bəyanat qəbul olunub. Bəyanatda xüsusi vurğulanır ki, A.Mütəllibovun Bakıda daimi yaşayışı təmin edilməli, barəsindəki cinayət işi xətm edilməli və onun eks- prezident statusu tanınmalıdır.
İctimai Palatanın sessiyanın tarixinə gəlincə, V.Mirkamal bildirib ki, tədbirin avqustun 27-də Müsavat Partiyasının qərargahında keçirilməsi qərara alınıb. Yığıncaqda həmçinin İP-in “Demokratiyaya yumşaq keçid – yol xəritəsi” adlı sənədinin avqustun 17-də ictimai müzakirəyə çıxarılması barədə qərar verilib. Müzakirəyə ölkədəki bütün siyasi qüvvələrin, o cümlədən YAP-ın da dəvət olunması məqsədəuyğun sayılıb. Toplantıda Koordinasiya Şurası İP-in beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələsini də müzakirə edərək, prosesin davam etdirilməsini əhəmiyyətli hesab edib.
İclasda həmçinin, İctimai Palata üzvlərinin məhkəmə prosesləri müzakirə edilib. Müzakirələrdə məhkəmənin gedişindəki pozuntulardan narahatçılıq ifadə edilib və proseslərin siyasi sifarişə uyğun getdiyi vurğulanıb.
Xüsusilə, qeyd edilib ki, məhkəmələrdə audio-video çəkilişlərə qadağalar, proseslərin kiçik zallarda keçirilməsi, Nəsimi rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya qarşı polis zorakılığı, Vidadi İsgəndərlinin məhkəməsində hətta vəkillərin xüsusi qurğularla yoxlanılması məhkəmə prinsiplərinə ziddir.
İnformasiya şöbəsi