RLS insanları vaxtından tez qocaldır
Qəbələnin kəndləri radiolokasiyanın qurbanıdır
Qəbələ! Bu adı eşidəndə adamın gözü önünə ilk olaraq Radiolokasiya Stansiyası (RLS) gəlir. Bəlkə buna görədir ki, son illər bu rayona istirahətə gedənlərin sayı azalıb. Ölkənin digər bölgələrinə baxanda Qəbələdə əylənmək üçün çoxlu istirahət mərkəzləri var. Ancaq buna baxmayaraq, RLS insanları – turistləri özündən uzaqlaşdırır.
RLS-in mahiyyəti və…
SSRI-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olan RLS 1985-ci ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada anoloqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə Iran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir.ÿ Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların traektoriyasını müəyyən edə bilir.
Stansiya SSRI dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib.ÿ Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi ili 14 milyon dollara icarəyə verib.
Məlumatlara görə, hazırda stansiyada 1400 Rusiya hərbçisi qulluq edir.
Bəzi politoloqların fikrincə, adıçəkilən stansiyanın əhəmiyyəti olduqca böyükdür. ÿOnlar bu əhəmiyyəti üç prinsiplə çözürlər:
– Hökumət bundan qazanc əldə edir;
– Digər ölkələrin, xüsusilə Rusiyanın Azərbaycanla bir sıra məsələlərdə ortaq mövqe tapmasına kömək ola bilir;
– Regionda Azərbaycanın nüfuzunu artırır.
Tutaq ki, sadalanan bu üç xüsusiyyətin bizə böyük xeyri var. Bəs onun ziyanı, gətirdiyi fəsadlar necə?
Ölürlər, ancaq yenə də qorxurlar
Qəbələ RLS-in radiaktiv tullantılarından, şüalarından bir sözlə, zərər gətirə biləcəyi hər şeydən daha çox Göyçay və Kürdəmir rayonları əziyyət çəkir. Rayonun bir neçə kəndi radiolokasiyaya tuş gəlib. Qəbələnin mərkəzi adları sadalanan məkanlara nisbətən az ziyan çəkir. Elə bunun nəticəsidir ki, RLS-in işçiləri üçün zərər çəkməyən zonada şəhərcik salınıb. Stansiyanın olduğu məkandan çökəklikdə yerləşən kəndlər böyük zərbə alır. Ən böyük fəsad Əmirvan kəndinədir.ÿ Bura getmək üçün bir neçə kəndi – Kiçik Əmilini, Zalamı, Yenikəndi, Tabbağı arxada qoymalısan. Adları çəkilən kəndlərdə olub sakinlərlə söhbət etdik. Ya qorxudan, ya da başqa səbəblərdən insanlar dərdlərini dilə gətirmədilər. Düşünəndə birinci versiyanın həqiqət olduğuna inanırsan. Çünki kənd camaatı ilə RLS barədə söhbət edəndə, “buranın ağsaqqalı odur, gedin ondan soruşun” cavabını verirdilər. Ilk olaraq buna fikir verməyə bilərsən, düşünərsən ki, səni kəndin Ağsaqqallar Şurasının sədrinin yanına göndərirlər. Ancaq biləndə ki, heç bir kənddə belə bir şura yoxdur, onda birinci variantı həqiqət kimi qəbul etməyə məcbursan. Necə deyərlər, ölüm, xəstəliklər, övladlarının gələcək taleyi sual altına düşsə də, yenə qorxurlar…
Vaxtından əvvəl qocalma
“Bu stansiya bizi narahat edir. Bu obyektin yerli sakinlərə heç bir xeyri, yoxdur, yaratdığı problemlər isə saysız-hesabsızdır. Mənə 39 yaş verərsinizmi? Kənardan baxanda 60 yaşlı kişiyə oxşayıram. Stansiya təsiri nəticəsində əhali vaxtından əvvəl qocaldır. Atam ağciyər xərçəngindən əziyyət çəkir. Rayonda onun kimi xəstəliyə tutulanların sayı onlarladır. Şiş xəstəlikləri bu ərazidə həddən artıq geniş yayılıb. Biz bu radiasiyanı hər gün öz üzərimizdə hiss edirik” – bu sözləri Əmirvan kəndində qarşımıza ilk çıxan, ancaq adının çəkilməsini istəməyən sakin deyir.
Dəhşətdi!!! Onun dilindən doğum tarixini təkrar soruşanda şaşırdıq. Həqiqətənmi 40-ı çıxmayan (hər iki anlamda – R.D) adam bu qədər qocalar? Həqiqətənmi, bu ağır vəziyyətdə yaşamağa məhkumdurlar? Yəqin sualın cavabı vaxt ötdükcə tapılacaq…
Keçək stansiyanın bəxş etdiyi növbəti problemlərə…
Örüşdən qayıdan Sənubər adlı xanım rayonda sonsuz qadınların sayının ilbəil artdığını dilə gətirdi: “Sonsuz qadınların sayı, vaxtından əvvəl doğuş, uşaqsalma halları illər ötdükcə artır. Burada stansiya tikilməzdən əvvəl belə hallara rast gəlinməzdi. Indi rayonda doğulan uşaqların əksəriyyəti eşitmə və görmə problemləri ilə dünyaya gəlir, elə uşaqlar var ki, tənəffüs problemləri ilə doğulur. Mənim gəlinim üç dəfə uşaq salıb, yalnız dördüncü dəfə normal uşaq dünyaya gətirə bilib”.
Yerli sakinlərin sözlərinə görə, həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri stansiya var gücü ilə işləyir, qışda isə vəziyyət daha da ağırlaşır: “Stansiyada çalışan hərbçilərlə söhbət edəndə burada ailələri ilə yaşadıqlarını, uşaqların normal böyüdüklərini deyir. Onlara nə var. Hər bir şəraitlə təmin olublar. Bədbəxt biz camaatıq”.
Kənd sakinləri ilə söhbətdə onlar maraqlı bir faktı da dedilər: “Qəbələ radiolokasiya stansiyasının altında mini atom-elektrik stansiyası var. Ona görə ruslar bu stansiyada maraqlıdırlar. Onlar üçün haranısa izləmək o qədər də əhəmiyyətli deyil”.
Bircə kol belə bitmir
Əmirvan kəndinin sakinləri təkcə bu xəstəliklərlə üzləşmir. Buranın əhalisi baş ağrısından, ürək-damar xəstəliklərindən, ayaq tutulmasından əziyyət çəkir.
Əmirvanda almanın heç bir növü yetişmir. Insanların dolanışığı mal-qara saxlamaqdan çıxır. Içməli su problemi olanda isə Əlvan çayına üz tuturlar. Bu çayda nə qədər istəsən radiaktiv tullantı var. Camaat adi qaydada televizora baxa bilmir. Xışıltı, normal təsvirin olmaması səbəbindən televizordan uzaqdılar. Sakinlər, RLS-in Allahın onlar üçün göndərdiyi bir bəla olduğunu düşünürlər. Amma Azərbaycan telekanallarına baxa bilməməyi xoşbəxtlik sayanlar da az deyil məmləkətdə…
Kənd camaatı deyir ki, RLS-in bir üzü ayna kimi olduğu üçün tez qızır: “Yaxşı ki, həmin o üz kəndə tərəf baxmır. Yoxsa lap betərindən olardıq. Çünki tez-tez həmin hissə yuyulur. Su isə cığır ilə aşağıya, o biri tərəfə axır”.
Sakinlərin əli ilə göstərdiyi o cığıra da üz tutduq. Ətrafı çirkab sularla əhatələnən məkanda bircə kol da bitmir.
***
Bu, RLS-in gətirdiyi fəsadların bir qismidir. Hələ bilinməyən, hiss olunmayan ağrılar da var. Aysberqin görünməyən tərəfi kimi…
Kənddən çıxanda qoca bir qarı “bala, elə et ki, daha bu həşərat işləməsin” deyə bizdən kömək umdu. “Işimizin adı yazmaqdır” cavabımız, deyəsən işə o qədər də yaramadı. O, “onda elə yazın ki…” dedi və sözünün dalını gətirmədi.
Biz belə yazdıq…
Ramin DEKO,
Bakı-Qəbələ- Əmirvan-Bakı