«Koroğlu» MMC əməkdaşlarına qarşı ən çirkin şantaj, işgəncə metodlarından istifadə edib
“Koroğlu” MMC faktiki olaraq əməkdaşlarına qarşı ən çirkin şantaj, işgəncə, təhqir metodlarından istifadə edən mütəşəkkil cinayətkar qrupdur. Bu kəskin bəyanatla Beynəlxalq Mətbuat Mərkəzində dünən keçirilən mətbuat konfransında hüquqşünas Məcid Quliyev çıxış edib. O, adı çəkilən qənnadı məmulatları müəssisəsinin keçmiş əməkdaşı Natiq Məmmədovun nümayəndəsidir.
Məmmədov və şirkətin bir qrup keçmiş əməkdaşları hüquqşünasın sözlərini təsdiq ediblər. Onların sözlərinə görə, müəssisə şəbəkə marketi prinsipi ilə işləyir: məhsul firma nümayəndələri tərəfindən ölkə rayonlarında ticarət şəbəkəsinə yayılır. Bir müddət sonra firma öz nümayəndələrindən şəbəkəyə təqdim edilmiş məhsulun, o cümlədən satılmamış malların pulunu tələb edir.
N.Məmmədov başına gələn bəlalardan danışıb. 2010-cu ilin avqustunda o, şirkətin Sabunçu rayonunda yerləşən ofisinə çağırılıb (metronun “Əzizbəyov” stansiyası və “Bakıxanov” qəsəbəsi arasındakı yol). Orada icraçı direktor Tahir Əliyevin iştirakı ilə ondan firmaya 20 min manat borcunu ödəməyi tələb ediblər. O, borcu olduğunu etiraf etməkdən imtina etdikdə onu amansızca döyüblər. Sonra çılpaq soyunduraraq, kamera ilə çəkiblər və müəssisə əməkdaşları arasında yayıblar. Bundan sonra ağır vəziyyətdə olan Məmmədovu məhsul verdiyi mağazalardan pul toplamaq üçün Şirvan şəhərinə aparıblar. Növbəti gün onu yenidən şirkətin ofisinə çağırıblar, yenidən döyüblər və çəkilmiş kadrları Internetdə yayacaqları ilə hədələyiblər. Bundan sonra Məmmədov borcunu etiraf etməsi barədə kağız imzalayıb. Indi onu təqib edərək, bu pulları tələb edirlər.
Tusi adına klinikanın həkimləri tərəfindən beyni və daxili orqanlarının zədələndiyi təsdiq olunmuş N.Məmmədov özü Türkiyəyə qaçmaq məcburiyyətində qalıb.
Məmmədovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət etməkdən qorxurdular, belə ki, “Koroğlu” MMC onları müxtəlif dövlət orqanlarında yüksək vəzifəli himayədarları olduğu ilə hədələyirdi. Yalnız bu ilin aprelində ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizə elan etməsindən sonra N.Məmmədovun anası Südabə Məmmədova oğlunun başına gələnlər barədə mətbuata danışmağı qərara alıb. DIN rəhbərliyi buna reaksiya verib və Sabunçu polisinə faktları araşdırmağı tapşırıb. Lakin 12-ci polis bölməsi zərərçəkmişin şikayətinin olmadığını əsas gətirərək, cinayət işi açmayıb.
Hüquqşünas Quliyevin sözlərinə görə, polisin əməlləri qanunsuzdur, belə ki, ağır cinayətlər törədildikdə cinayət işi açılması üçün zərərçəkmişin ərizəsinə ehtiyac yoxdur. Hüquqşünasın fikrincə, bu halda insan oğurluğu, hədələmə, döymə, işgəncə yolu ilə pul tələb etmə, qanunsuz həbsdə saxlamaq kimi bir sıra ağır cinayətlər törədilib.
N.Məmmədov Bakıya 10 gün əvvəl qayıdıb, bundan sonra prezidentə, baş prokurora, DIN rəhbərinə rəsmi şikayətlər göndərilib.
Şirkətin digər keçmiş əməkdaşı Elgün Teymurov da analoji səbəblərlə döyüldüyünü deyib. Bundan başqa, onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar.
Şirkətin daha bir əməkdaşı Mirrəhim Qənizadənin də atasının və əmisi oğlunun başına eyni şey gəlib. Qənizadə öz avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onları buraxıblar.
O digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov tutulması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var. “Koroğlu” MMC ilə əlaqə yaratmaq mümkün olmayıb. Maraqlıdır ki, şəhərin sorğu xidmətində bu şirkətin telefon nömrələri yoxdur.