“Onların məqsədi Naxçıvanda AXCP-nin fəaliyyətini zəiflətməkdir ki, buna da nail ola bilməyəcəklər”
AXCP Naxçıvan MR şöbəsinin
sədr əvəzi Yaşar Bağırsoy
İyulun 27-də Nehrəmdə yerli sakinlərin su problemi ilə əlaqədar keçirdikləri aksiyada döyülərək həbs edilən AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy iyulun 29-da sərbəst buraxılıblar. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib.
Xatırladaq ki, Bağırsoy qardaşları “Su təsərrüfatı” ASC-nin və Nehrəm bələdiyyəsinin əməkdaşları tərəfindən döyülüblər və bu barədə dərhal polisə şikayət ediblər. Ancaq ifadə vermək üçün dəvət olunduqları Babək rayon Polis İdarəsində işi Bağırsoy qardaşlarının əleyhinə yönəldiblər və onlara qarşı cinayət işi qaldırılıb, barələrində isə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bağırsoy qardaşlarının günahsız yerə həbs edilməsi Nehrəm sakinlərini ayağa qaldırıb. Sakinlər iyulun 27-də və 28-də Polis İdarəsinin qarşısında toplaşıb Bağırsoy qardaşlarına azadlıq tələb ediblər. Nehrəmlilər tələbləri yerinə yetirilməsə iyulun 29-dan mitinqlərə başlayacaqlarını da elan etmişdilər.
İyulun 29-da isə Bağırsoy qardaşlarından əvvəlcə Zeynal, bir az sonra isə Yaşar azadlığa buraxılıblar.
Asəf Quliyevin bildirdiyinə görə, Bağırsoy qardaşlarına qarşıdakı 2 ayda hər hansı cinayət hərəkətinə yol verməsələr barələrində qaldırılan cinayət işinə xitam veriləcəyini də deyiblər.
Yaşar Bağırsoy isə “Azadlıq”ın əməkdaşı ilə söhbətində bildirib ki, onları zaminə buraxıblar və qarşılarında şərt qoyublar ki, barələrində qaldırılan cinayət işinə xitanm verilməsi üçün bu 2 aylıq müddətdə qarşı tərəf kimi onları döyən şəxslərlə barışığa getsinlər. AXCP funksioneri heç bir halda münaqişə və kiməsə pislik etmək istəmədiuklərini, böyüklük etməyə hazır olduqlarını deyib.
Yaşar Bağırsoy baş verənləri özünün siyasi fəaliyyəti ilə əlaqələndirib. “Hökumət istəmir ki, Naxçıvanda bir nəfər də olsa fərqli düşünən, öz düşündüklərini açıq şəkildə deyən olsun. Burada bir nəfər də müxalif fikirli insanın qalmasını istəmirlər. Onaq görə də şərə, böhtana, psixoloji və fiziki təzyiqlərə əl atırlar. Onların məqsədi AXCP-nin Naxçıvanda fəaliyyətini zəiflətməkdir ki, buna da nail ola bilməyəcəlklər”, deyə Yaşar Bağırsoy bildirib.
İnformasiya şöbəsi
HƏMÇİNİN BAX