Polislər 2 aprel mitinqində saxlanılanları avtobuslara doldurub qazla boğurmuş
Bunu məhkəmədə zərərçəkmiş qismində ifadə verən avtobus sürücüsü də təsdiqlədi
Ictimai Palatanın bu il aprelin 2-də keçirdiyi mitinqə görə həbs olunanlardan 6 nəfərin işi üzrə məhkəmə prosesi dünən davam etdirildi. Məhkəmə qarşısına çıxarılanlardan Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazov və Elnur Israfilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməvə ya bu cür hərəkətlərdə iştirak) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələrilə ittiham olunur. Elşən Həsənov və Babək Həsənova isə yalnız 233-cü maddə ilə ittiham elan olunub.
6560 manatlıq iddia
2 aprel məhbuslarıyla bağlı cinayət işi üzrə zərərçəkmiş kimi tanınanlar isə aşağıdakılardır:
– “Transqeyt” MMC-nin nümayəndəsi Elvin Məmmədov;
– “EN Trans Çinar” MMC-nin nüməyəndəsi Elxan Qubadov;
– “3 N-li Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümyəndəsi Ayaz Qasımov;
– Fiziki şəxslər – Şahnisə Məmmədova və Sarvan Məhərrəmov.
Xatırladaq ki, adı sadalananlardan fiziki şəxslər istisna olmaqla, digərləri hazırda Nəsimi rayon məhkəməsində elə 2 aprel mitinqinə görə mühakimə olunan 4 nəfər gənc fəala qarşı da eyni iddianı qaldırıb.
Ittiham aktında yazılıb ki, məhkəmə qarşısına çıxarılan 6 nəfər ümumilikdə zərərçəkənlərə 6560 manat ziyan vurublar.
Alqış qadağası
Məhkəmə iclası başlayan kimi hakim zalda yerdən danışmamaq və əl çalmamaq barədə xəbərdarlıq etdi. Qeyd edək ki, ötən məhkəmə iclasında həbsdəki gənc fəalları alqışladığına görə beş nəfər zaldan çıxarılmışdı.
Hakimin alqışla bağlı xəbərdarlığına zalda əyləşən AXCP funksioneri Nemət Əliyev etiraz etdi. O dedi ki, alqışlamaqda heç bir cinayət tərkibi və əxlaqa zidd element yoxdur: “Bu, sadəcə, emosiyanın təzahürüdür”.
“Gedin, emosiyanızı zaldan kənarda nümayiş etdirin” deyən hakimə dustaq Sahib Kərimovun cavabı belə oldu: “Kənarda da emosiyamızı nümayiş etdirəndə tutub bura gətirirlər də…”
Şüşəni kim sındırdı?
Zərərçəkmiş qismində tanınan Sarvan Məhərrəmov dünənki məhkəmə iclasında ifadə verdi. Ötən məhkəmə iclasında onun nümayəndəsinin izahatı olmuşdu. Lakin vəkillər bunu qaneedici saymaraq, zərərçəkənin özünün prosesdə iştirakını tələb etmişdilər.
316 saylı marşrutda sürücü işləyən Sarvan dedi ki, 2 apreldə səhər saatlarında onu Nizami Rayon Polis Idarəsinə aparıblar. Heç bir haqq ödəmədən polislər onun avtobusuna minərək “Fəvvarələr meydanı”na gəliblər. Rus Dram Teatrının yaxınlığında bir qədər dayandıqdan sonra polislər təxminən 11 nəfər mitinq iştirakçısını tutub onun avtobusuna doldurublar. Həmin yerdə olarkən avtobusun arxa hissəsində yan şüşəsi sınıb. Şüşənin kimin sındırdığı barədə Sarvanın heç bir məlumatı yoxdur. O, tez-tez yalnız bunu təkrarlayırdı ki, “avtobusun içindəkilər qapının açılmasını istəyirdilər; polislə mübahisə edirdilər”.
Sarvan onu da bildirdi ki, avtobusun şüşəsi sınandan yarım saat sonra hərəkət edərək Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə işıqforda dayanıb. Bu vaxt avtobusun içəridən və çöldən təpikləndiyini görüb. Həmin vaxt avtobusun qapılarının şüşəsi, həmçinin ön şüşə sınıb. Vəkillərin və prokurorun çoxsaylı suallarına baxmayaraq, Sarvan şüşəni kimin sındırdığı barədə heç nə deyə bilmədi. Vəkillər altı dustağın hər birini göstərərək, şüşələri sındıranların onların arasında olub-olmadığını soruşdular. Lakin hər dəfə cavab “yox” oldu.
Pulu polisdən istəyir
“Yox” cavabından sonra vəkillər Sarvan Məhərrəmovdan soruşdular:
– Bir halda ki, bu adamlar avtobusun şüşəsini sındırmayıb, bəs niyə onlara qarşı iddia qaldırmısan?
Sarvan bu suala uzun müddət cavab verə bilmədi. Vəziyyəti o qədər gərginləşdi ki, o, içməyə su istədi. Su içib özünə gələndən sonra dedi ki, ona ziyan dəyib, avtobusunun dörd bir yanı zədələnib, bu səbəbdən ona fəaliyyət göstərməyə də imkan vermirlər: “Mənim pulum yoxdur onu düzəltdirməyə. Avtobus da işləməyəndə mən evimə çörək apara bilmirəm. Başqa şey demirəm ki… Mənə vurulan zərəri tələb edirəm”.
“Kimdən istəyirsən?” sualına isə Sarvan Məhərrəmov əsəbiləşərək belə cavab verdi:
– Polisdən, məni onlar ora aparmışdı.
Zərərçəkənin bu cavabı zaldakıların hər biri tərəfindən rəğbətlə qarşılandı.
Sarvan Məhərrəmov ifadəsində onu da göstərdi ki, mitinq iştirakçıları avtobusu əhatə edərkən hazırda təqsirləndirilən şəxslər arasında əyləşmiş Sahib Kərimov heç bir kobudluq, zorakılıq etmədən “qapını aç, camaat düşsün” deyirmiş.
Avtobus sürücüsü də az qala boğulacaqmış…
Bu yerdə Sahib Kərimov zərərçəkmişin söylədiklərini inkişaf etdirərək dedi ki, Bakıda hər zaman razılaşdırılmamış aksiyalar olub və bu aksiyalarda insanları tutub avtobuslara basıblar. Ancaq onların heç birində şüşələr qırılmayıb:
– Sənin şüşələrinin sınmasının səbəbi odur ki, insanları bu dəfə avtobusa doldurub qazla boğurdular. Ona görə də sən polisə qarşı iddia qaldır, Sarvan!
Sarvan Məhərrəmov da polislərin avtobusun içinə qaz buraxmalarını və bunun nəticəsində özünün də boğulub, gözündən yaş gəldiyini təsdiqlədi.
Sahib Kərimovun çıxışı alqışla qarşılandı. Bundan əsəbiləşən hakim zaldan 7 nəfəri uzaqlaşdırdı.
Yalana don geyindirmək cəhdi
Sarvan Məhərrəmovun mülki iddia ərizəsinin necə və hansı şəraitdə yazılması barədə vəkillər Yalçın Imanov və Natiq Mustafayevin verdiyi suallar istintaqı növbəti dəfə ifşa etdi. Vəkillərin bu sualına çətinliklə cavab verən Sarvan orada yazılmış ən adi fikirləri də izah edə bilmədi.
Məsələn, “aksiya nədir?” sualına Sarvan çiyinlərini çəkərək reaksiya verdi.
Vəkillər iddia etdilər ki, prokurorluq özünün qurama, saxta işinə əsas yaratmaq üçün Sarvan və onun kimilərdən istifadə edib, iddia ərizəsi prokurorluqda həmin şəxslərə diqtə edilərək yazdırılıb.
Vəkil Yalçın Imanov təklif etdi ki, bunun əksini sübut etmək üçün Sarvan Məhərrəmov iddia ərizəsində yazalınların heç olmasa, bir cümləsini məhkəmə zalında oturüb yazsın. Onun bu təklifinə dövlət ittihamçısı isterik reaksiya ilə qarşı çıxdı. Həmişəki kimi, bu dəfə də hakim mövqeyi prokurorla üst-üstə düşdü.
“Özümü nə işə saldım əəə…”
Vəkillərin tələbi ilə Sarvan Məhərrəmovun ibtidai istintaqa verdiyi ifadə də elan olundu. Orada yazılanlar onun məhkəmədəki ifadəsindən fərqlənirdi. Məsələn, məhkəmədə polislə aksiyaçılar arasında yalnız mübahisə olduğunu desə də, ifadəsində yazılıb ki, “aksiyaçılar polisi küçə söyüşlərilə təhqir edib”.
Bu ziddiyyəti Sarvan heç cür izah edə bilmədi. Ancaq ifadə verdiyi kürsüdən arxaya boylanaraq, zalda əyləşənlərə xitabən “off, özümü nə işə saldım əəə…” kimi reaksiya verdi.
Sahib Kərimov zərərçəkmişdən soruşdu ki, onu gördüyü vaxt avtobusun arxa şüşələri qırılmışdımı? Sarvan suala “hə” cavabı verdi. Belə olan halda, Sahib Kərimov ona başqa bir sualla müraciət etdi:
– Bəs onda başqasının qırdığı şüşənin pulunu bizdən niyə istəyirsiniz?
Sarvan Məhərrəmovun cavabı isə belə oldu:
– O iki şüşə sizə qurban olsun…
Tıxac
Daha sonra məhkəmədə “Transqeyt” MMC-nin nümayəndəsi Elvin Məmmədov, “EN Trans Çinar” MMC-nin nümayəndəsi Elxan Qubadov, “3 N-li Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov, fiziki şəxs Şahnisə Məmmədovanın nümayəndəsi Həbib Nəbiyev dindirildi.
Dörd nəfərin məhkəməyə verdiyi ifadələrin həddindən çox bir-birinə bənzəməsi onların eyni mənbədən təlimatlandırıldığı qənaətini gücləndirirdi. Onların hər biri ifadəsində deyirdi ki, 2 apreldə tıxac ucbatından gəlirdən məhrum olublar və bu məbləği audit yoxlaması müəyyən edib.
Belə ifadədən sonra vəkillərin belə bir sualı meydana çıxdı:
– Bakıda demək olar ki, hər həftə dövlət tədbirlərilə əlaqədar tıxac olur. Həmin tıxaclara görə heç məhkəmə iddiası qaldırmısınızmı?
Bəlli oldu ki, xeyr, indiyədək belə hal olmayıb. Yəni, ilk dəfə belə bir əsasla 2 aprel dustaqlarına qarşı iddia qaldırılıb.
Yalançı audit
Audit yoxlamasıyla bağlı da maraqlı məqam ortaya çıxdı. Vəkillər soruşdu ki, avtobusda gedişhaqqıya görə heç bir mədaxil, məxaric qəbzləri olmadığı halda, audit nəyi, hansı sənədləri yoxlayaraq, zərəri müəyyən edib. Zərərçəkənlərin cavabı belə oldu ki, “onların sürücülər üçün müəyyən etdiyi gündəlik plan var, bu plan yerinə yetirilməyib və zərər də buna əsasən müəyyənləşdirilib”.
“Bir halda ki, bu zərəri özünüz müəyyən edə bilirdiniz, onda audit yoxlamasına nə gərək vardı?”, – deyə soruşan vəkillərə isə heç bir cavab verə bilmədilər.
Şişirtmə məbləğlər
Vəkillər zərərin şişirdildiyini də məntiqi müqayisə ilə sübut edə bildilər. Məsələn, “3 N-li Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov onların gündəlik planının 5566 manat olduğunu, 2 aprel mitinqinə görə bu məbləğin 2255 manatını itirdiklərini dedi. Ayaz Qasımovun sözlərinə görə bu ziyan təxminən saat 13.20-16.00 arası yaranan tıxaca görə olub.
Vəkillər isə bildirdilər ki, qeyd edilən saat əhalinin ictimai nəqliyyatda ən az hərəkət etdiyi vaxta düşür. Bu səbəbdən cəmi 2 saat yarımlıq tıxaca görə şirkətin gündəlik gəlirinin az qala, yarısını itirməsi mümkün deyil.
Şahnisə Məmmədovanın nümayəndəsinin “2 marşrutda 2 saat tıxaca görə 850 manat gəlirdən məhrum olması” barədə söylədikləri də etirazla qarşılandı. Vəkillər bildirdilər ki, bu rəqəmin ciddi araşdırmaya ehtiyacı var, çünki rəqəm kifayət qədər böyükdür. Yox, əgər bu rəqəm həqiqətdirsə, onda sərnişindaşımada gediş haqqının aşağı olması barədə deyilənlər uydurmadır, bu sahədə kifayət qədər böyük gəlir var. Digər tərəfdən, gəlir bu qədər çoxdursa, deməli, şirkətlər onu gizlədərək vergidən yayınır.
Daha bir anlaşılmazlıq
Zərərçəkmiş qismində tanınan şəxslərin hər biri məhkəməyə ifadələrində bildirdilər ki, onların konkret olaraq hazırda təqsirləndirilən şəxs qismində tanınanlara qarşı iddiaları yoxdur. Onlar tıxac nəticəsində düşdükləri ziyana görə şikayətçidilər.
Zərərçəkənlərin göstərdiyi məbləğlə bağlı anlaşılmaz qalan başqa bir məqam da oldu. Aydınlaşmadı ki, onların iddiada göstərdiyi məbləğ təmiz gəlirdir, yoxsa vergiləri də əhatə edir. Vəkillər tələb etdilər ki, növbəti məhkəmə iclasında bu məsələyə aydınlıq gətirilsin. Əgər dövlətə çatacaq vergi də məbləğə daxildirsə, çıxarılsın.
Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.
Natiq Güləhmədoğlu