Dövlət qəzeti ətin qiymətinin bahalaşmasında onların da günahkar olduğunu yazdı
“Azərbaycan” qəzetinin dünənki sayında ətin qiymətinin bahalaşması ilə bağlı “Ətlə cib kəsənlər” başlıqlı yazı dərc edilib. Yazıda bildirilir ki, ətin qiyməti süni şəkildə qaldırılır və yenə də əsas səbəb inhisarçılıqdır. Dövlət qəzeti hədəfə düzgün vuraraq yazır ki, bu gün ölkədəki milyonlarla baş mal-qaranın çox böyük hissəsi, heyvandarlığın inkişafında mühüm şərt sayılan yaylaqların əksəriyyəti azsaylı bir dəstənin əlindədir. Və bu baxımdan ətin qiymətinin liberal bazar iqtisadiyyatının qaydalarına uyğun tənzimlənməsi çətin məsələdir.
Qəzet ətin bahalaşmasının başqa bir səbəbi kimi isə icra başçılarının yarıtmaz fəaliyyətini göstərib: “Xüsusən paytaxtda ticarət obyektlərinin çox baha qiymətə icarəyə verilməsinin də satılan məhsulun ”maya dəyəri”nə az təsir etmədiyini unutmaq olmaz. Ət satışı ilə məşğul olanlar deyirlər ki, bu gün Bakıda 10-15 kvadratmetrlik obyekti yerinə görə, 500-1000 manatdan ucuz tapmaq mümkün deyil. Bunun günahı isə yerli icra orqanlarındadır. O icra orqanları ki, öz inzibati sərhədləri daxilində müasir tələblərə cavab verən heç olmasa bir neçə müvafiq ət satışı mərkəzləri yarada və onları ucuz qiymətə icarəyə verə bilərlər. Sözsüz ki, boş ərazi qalıbsa…”. Qəzet bununla başqa bir faktı – paytaxtda yerlərin ucdantutma satıldığını da ortaya qoyub.
İnformasiya şöbəsi