Fikrət Qoca, xalq şairi
Odur ki, kiməsə haqsız ittihamlar verməzdən öncə Xaliq Bahadır papağını qabağına qoyub bir az fikirləşsin, axı faktları təkzib etmək asan iş deyil və tarix də hamıya onların ünvanına atılan böhtanlara görə deyil, məhz gerçəklərə görə qiymət verəcək. Tələsik, əsassız və birtərəfli hökmlər verənlər Tarix qarşısında məsuliyyətləri barədə də düşünsələr pis olmaz… Xaliq Bahadırın həmin yazısında Rəsul Rza haqqında, Nigar Rəfibəyli haqqında dediyi insaflı sözlərə görə ona təşəkkür etmək olar, amma burda da bir yanlışa yol verib. Difai partiyasının Gəncədə yaradıcısı, sonralar isə onun fəxri sədri – el ağsaqqalı, maarifçi Ələkbər bəy Rəfibəylidir. Xaliqin yazdığı kimi, onun oğlu Xudadat bəy deyil. Nigar xanımın atası Xudadat bəy Rəfibəyli Azərbaycan Cümhuriyyətinin ilk səhiyyə naziri, sonra Gəncənin general-qubernatoru vəzifəsini daşımışdır. 1920-ci ilin mayında o, Gəncə üsyanının təşkilatçısı kimi həbs olunub, erməni şahidlərin verdikləri yalan məlumatlara görə, erməni müstəntiqlər tərəfindən edama məhkum edilib, güllələnib.
Sero Xanzadyan Rəsul Rzanı millətçilikdə ittiham edən danosunu Sov.IKP MK-ya yollayıb. 40-cı illərdə NKVD müavini Xoren Qriqoryan Nigar Rəfibəyli və anasının sürgün edilməsi haqqında M.C.Bağırova raport verib (Bütün bu faktlar dediyim kitablarda əks olunub). Odur ki, Xaliq Bahadır erməni millətçilərinin kimlərə düşmən kəsildiyini, kimlərinsə ermənilərin qayğısına qaldığını daha dəqiq müəyyənləşdirə bilər. Əlbəttə, əgər məqsəd həqiqətdirsə…
“Azadlıq” qəzetinin (22 iyul, 2011) bir qəribə replikası da var.
Qəzet yazır ki, Anar “Fikrət Qocaya açıq məktub” adlı yazısını başqa qəzetdə çap etməklə “Azadlıq” qəzetinə qərəzli münasibət bəslədiyini göstərib. Əcaib məntiqdir. Deməli, Anar yazılarını başqa qəzetdə çap etdirirsə, bu, “Azadlıq”a qarşı qərəzli münasibətdir? Məsələ tamamilə ayrı cürdür. Başqa qəzetdə artıq dərc olunmuş bir yazını “Azadlıq” ona görə təkrar çap edir ki, əlüstü Anarın əleyhdarlarıyla əlaqə yaradıb ona qarşı yeni təhqirlərə və təxribatlara yer versin. Qərəzli münasibət bax budur. Nə isə, qayıdaq söhbətimizə. Məqalənin bir yerində mənə “stop!” deyib keçirsən mətləbə. Yəqin “dayan!” demək istəmisən. Indi yazı dilinin niyə belə kələ-kötür olduğunun səbəbini anladım. Olsun ki, sən rusdilli yazarsan. Adətən, köşə yazarları bir neçə dil bilir axı. Rusca düşünüb Azərbaycan dilində yazanda çətin olur. Amma görünür, yazmasan mümkün deyil. Neynək, yaz!
Əkrəm Əylisli bir müsahibəsində mənim “Azərbaycan” qəzetində dərc olunan məqaləmi deyir “oxumamışam, Fikrət Qoca yəqin vəzifədə qalmaq üçün elə yazıb”. Mənim haqqımda dediklərinə cavab verəndə, elə həmin müsahibədə Qarabağ, ermənilər haqqında dediklərinə də münasibətimi bildirdim. Xaliq mənim Əkrəmə cavabımı alqışa layiq bilir. Onillər bundan əvvəl Əkrəmin “Drujba narodov” jurnalında çap olunmuş məktubunu eşib çıxardır. Tarixə müraciət edir. Yüz dəfələrlə deyilmiş şeyləri qaytarıb kövşəyir.
Ermənilərin bu ərazilərə köçürülməsindən, keçən əsrin 18-20-ci illərində ermənilərin törətdiyi qırğınlardan danışır. Yazının başlığından belə çıxır ki, bu hadisələrin hamısında Əkrəm Əylislinin əli olub.
Vallah, gözlərimə inana bilmirəm. Ay Xaliq, doğrudan bu şeylərin hamısını Əkrəm Əylisli eləyib?
Xaliq, mən bilən sən gənclik yaşını keçmisən, ailən, uşaqların olmalıdı. Niyə bacardığın işlə məşğul olmursan, bala! Xaliq, sənin bu meydanda Anarın, Əkrəmin dayandığı yerdə nə işin var axı? Birdən soruşsalar ki, sən kimsən? Hansı məşhur əsərlərin müəllifisən? Hələ bundan əvvəlki bir məqaləndə yazırsan “mənim Anarla savaşım”. Sənin Anarla nə savaşın ola bilər?
Sən hələ yazmağı öyrənəndə Anar “Min beş yüz ilin oğuz şeiri” antologiyasının iki cildliyini oxuculara təqdim etmişdi. Nazim Hikmət haqqında kitab yazmışdı. Həyəcanla oxunan və ətrafında bu gün də gərgin müzakirə gedən “Mübarizə bu gün də var” kitabı əllərdə idi. Onun əsas işi olan bədii yaradıcılığını demirəm, yalnız oxuculara maarifçilik yükü daşıyan əsərlərini sadalasam, yazı xeyli uzanar. Sənə məsləhət görürəm, Əmin Əfəndiyev və Zakirə Əliyevanın çap olunmuş “Anar – ömür yolu, yaradıcılığı” (1-ci cild, 600 səh., 2-ci cild 500 səhifədir) kitabını oxu. Bəlkə onda bilərsən Anar kimdir. O səviyyəyə nə zaman qalxdın, onunla yanaşı hansı xidmətlərinlə dura bildin? Onunla sənin savaşın nədir, heç söhbət üçün mövzun yoxdur. Yaxşı deyiblər, utanmasan oynamağa nə var. Hər kəs gücü çatan yükdən yapışmalıdır. Bir özün haqqında düşün. Özündən “mən kiməm” soruş. Gör cavab tapırsanmı. Sənin məqaləni bağda oxudum. Vaxtıma hayıfım gəldi, cavab yazmaq istəmədim. Həyətdə gözümə bir qarpız qabığı sataşdı. Mirzə Cəlil yadıma düşdü, güldüm. Düşündüm, indiki halda qısa bir cavab qarpız qabığından yaxşıdır. Yazdım!