Müəmmalı şəkildə ölən 20 günün əsgərinin əmisi «Azadlıq»a danışdı
20 gündür hərbi xidmətə çağırılan Fərrux Hüseynov iyulun 24-də ölüb. Ilkin məlumatlarda onun günvurmadan öldüyü deyilirdi. Ötən gün “Azadlıq”a açıqlamasında mərhumun əmisi Fərman Hüseynli deyib ki, qardaşı oğlu əsgər yoldaşı ilə söhbət etdiyi yerdə müvazinətini itirib, elə orda da keçinib: “Oturduğu yerdə yıxılıb. Həmin gün bazar günü olduğundan görüşə gedirdik. Biz hərbi hissəyə çatmışdıq, məlumat gəldi ki, bədbəxt hadisə baş verib”.
Fərman Hüseynli bir gün əvvəl Fərruxla danışdıqlarını bildirir: “Bir gün əvvəl (23 iyul-red) Fərruxla danışdıq. Dedik ki, sabah görüşdü, ora gələcəyik. O da sevindi. Heç bir şeydən şikayəti yox idi. Deyirdi ki, hərbi xidməti normal şəkildə keçir”.
Müsahibimizin əsgərin ölüm səbəbi haqda heç bir məlumatı yoxdur: “Ekspertiza olunub, müstəntiqlə bu gün (dünən – red.) danışmışam, araşdırma gedir. Yəqin nəticəsini yaxın günlərdə biləcəyik. Istintaq, araşdırma gedir”.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev mətbuata açıqlamasında Fərruxun ürək çatışmazlığından öldüyünü deyib. Ancaq əmisi mərhumun sağlam olduğunu, ürəyindən heç vaxt şikayət etmədiyini söyləyir: “Günün altında olmayıb. ”Kurilka”da əsgər yoldaşları ilə siqaret çəkirmiş.
Hərbçi-ekspert Üzeyir Cəfərov “Azadlıq” radiosuna açıqlamasında 2011-ci ilin tam olmayan 7 ayında 52 əsgərin öldüyünü, 57 nəfərin yaralandığını deyib: “Onlardan 12 nəfər cəbhə xəttində atılan güllədən, mina partlayışından ölüb. Yerdə qalanlarısa qeyri-döyüş şəraitində ölüb. Yəni, xəstəlikdən, avtomobil qəzasında, ehtiyatsızlıqdan ölüblər. Bizim Müdafiə Nazirliyi ancaq statistika aparır”.
Hərbçi-ekspert qeyd edir ki, ildən-ilə əsgər ölümlərinin sayı artır. O, bunu komandirlərin əsgər həyatına etinasız yanaşmasının nəticəsi sayır.
Ötən gün daha bir əsgər ölümü haqda məlumat yayıldı. Hərbi xidmətinin 7-ci ayında olan 19 yaşlı əsgər Murad Tağıyev də müəmmalı şəkildə ölüb. O, meşədə asılmış vəziyyətdə tapılıb. Murad Tağıyev Müdafiə Nazirliyinin Lənkərandakı hərbi hissələrinin birində xidmət edirdi.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyir ki, əsgər bir gün əvvəl hərbi hissəni özbaşına tərk edib və ayın 25-də Masallıdakı meşədə asılmış vəziyyətdə meyiti tapılıb. Indi araşdırma aparılır”.
Ramin DEKO