90-cı illərdən qalma Türkiyə «reketi» işin içinə necə girib?
Bu adamlar kimi təmsil edir: Ziya Məmmədovu, Kəmaləddin Heydərovu, ya heç kimi?
90-cı illər Türkiyəsində məşhur “Qumarxanalar kralı” Ömər Lütfi Topalla ortaq olan, sonradan onunla çatışmalara keçən Babataş ailəsinin Əliyevlər ailəsi ilə birlikdə biznes planları barədə məlumat verdik. Amma bu, hələ hamısı deyil və Babataş ailəsinin azərbaycanlı ortaqları ilə macəraları yalnız Əliyevlərlə kifayətlənmirmiş. 90-cı illərdə Türkiyədəki iqtisadi cinayətkarlıq fraqmentlərini yaradan nəsillər Azərbaycanda cinayətkar iqtisadi mühitlə daha sıx və daha çoxşaxəli uzlaşmaqdadırlar. Bu seriyadan daha bir fraqmenti təqdim edirik.
Transmilli fırıldağın əsası belə qoyulur
Bir neçə il əvvəl Türkiyə vətəndaşı Atif Fərmandal və Hollandiya vətəndaşı Ronald Rudolf ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri planlaşdırırlar. Bu evlər təqaüd yaşlı, həyatının qalan hissəsini Avropa sivilizasiyasına və Türkiyə Cümhuriyyəti dövlətinə yox, özünə, nəvələri ilə əyləncəyə həsr etmək istəyən yaşlı adamların istirahəti və müalicəsi üçün nəzərdə tutulduğundan şəhərciyin də müalicəvi, təbii istisu ilə təminatı əsas şərtlərdən biri idi. Bodrumdakı ərazi Atif Fərmandalın olmaqla burada tikiləcək evləri satmaq üçün Avropalı müştəriləri tapmaq da Rudolfun üzərinə düşür. Layihə qocalar evi tipli 600 evin tikilməsini nəzərdə tutur. Rudolf da 600 müştəri tapır, onlardan yığdığı pulu Türkiyəyə – Atif Fərmandala ötürür. Amma Rudolf bu pulları Atif Fərmandala ötürərkən özünün yanaşı proyektləri və ya özəl tamahının maliyyələşdirilməsi üçün Fərmandaldan xəbərsiz olaraq ötürüləcək pulların 20 faizini kəsir. Atif Fərmandal isə Rudolfdan xəbərsiz olaraq göndərilən pulun daha 20 faizini özü mənimsəyir, qalanını ortaq projeyə qoyur. Bu azmış kimi, 600 ev əvəzinə 1027 evin inşaatının əsasını qoyur. Deməli, ortaqların qarşılıqlı “sədaqəti” və “doğruluğu” hesabına proyekt üçün nəzərdə tutulan pulun 60 faizi işə qoyulur və proyektin həcmi də 60 faizə qədər artır. Bu o deməkdir ki, bu layihə bəri başdan məhvə məhkumdur. Elə də olur.
Rudolfun topladığı müştərilər müqavilə üzrə nəzərdə tutulan 2 illik vaxtın tamamında evlərini tələb edirlər, amma proyekt üzrə nəzərdə tutulan işlərin heç 50 faizinin də görülmədiyi bəlli olur. Iş məhkəməyə düşmək həddinə çatır. Atif Fərmandal və Ronald Rudolf müştəriləri dilə tutub onlardan daha bir il müddət qoparmağa nail olurlar və işi məhkəməyə düşməkdən birtəhər xilas edirlər.
Bu mərhələyə qədər, hələlik Azərbaycan izi görünmür.
Dələduzluq davam edir
Bir il vaxt alınır, amma bu, sadəcə vaxtdır və onun içində bir qəpik də pul yoxdur. Əl-ayağa düşən uğursuz biznesmenlər özlərinə daha bir ortaq tapırlar: Əslən türk olan Hollandiya vətəndaşı Ərcan Can adlı iş adamını dövrəyə soxurlar (2008). Bu arada Avropada böhran tüğyan edir, Ərcan Canın maliyyə tapmaq planları fiaskoya uğrayır və bu azmış kimi, Ərcan Can da tikintisi başa çatmamış bu başabəla proyektin içindəki 1027 evin 50 ədədini nağd pula satıb layihənin üstünə əlavə borc yığır.
Hələ də Azərbaycan izi yoxdur…
Prosesə Azərbaycan dələduzları cəlb edilir
Amma bu iz nəhayət, peyda olur. Ərcan Can haradansa öyrənir ki, bu geopolitik məkanda dövr eləyən iki möhtəşəm Azərbaycan biznesmeni böyük layihələrlə maraqlanır, para yatırıb pul qazanmaq istəyirlər. Bu iki Azərbaycan biznesmeni diqqəti onunla çəkirlər ki, özlərini Azərbaycanın Nəqliyyat naziri və regionun ən varlı adamlarından biri kimi ad çıxaran Ziya Məmmədovun partnyorları olaraq tanıdırlar. Ərcan Can onların sorağını eşidir, Bakıya gedir və bu adamların ona göstərdikləri iri obyektlərdən başını itirib nəyin bahasına olursa-olsun, bu adamları Bodrumdakı yarımçıq qalmış proyektin başa çatdırılmasına sövq etməyə çalışır. Bu arada əski ortaqlar yeni bir Şirkət qururlar, Bodrum təsisatının 77 faizinin Ərcan Cana verildiyini təsdiq edən sənədlər imzalayırlar, amma Türkiyədəki yerli qanunlara görə bir özəl sözləşmə də imzalayırlar ki, bu 77 faiz söhbətinin ciddi əsası yoxdur və istənilən zaman Ərcan Candan geri alına bilər. Ərcan həmin 77 faizlik sahiblik haqqının tanındığı sənədləri, Bodrum proyektinin bütün digər sənədlərini azərbaycanlı iş adamları Cavidan Hacıyev və Rauf Kərimovun qarşısına qoyur. Layihə hər iki biznesmeni maraqlandırır.
Bu iki biznesmen Azərbaycanda sement istehsalı üçün zəruri xammal olan klinket adlı məhsulun Irandan Azərbaycana idxalı üzrə biznes qurduqlarını bildirirlər və Ziya Məmmədovun oğlu Anar Məmmədovla birlikdə olduqlarını söyləyirlər. Danışıqlar baş tutur, Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici – 77 faizlik payla əsas sahiblərinə çevrilirlər, hətta günün birində iri bir kortejlə Inşaat ərazisinə gələrək orada çalışanlara 15-20 min dollar pul da paylayırlar. Inşaatda hamı sevinir: maaşlar ödənir, yeni və varlı sahibkarlar peyda olub, bir sözlə, hər şey qaydasındadır. Amma bu arada məlum olur ki, sən demə C.Hacıyev və R.Kərimovun biznesində də “fors-major” yaranıb: “Azərbaycanda belədir də. Biz Irandan sement komponenti idxal edirik. Növbəti çox böyük idxal partiyasının üzərinə gömrük ”əl qoydu”. Bizdən 40 faiz rüşvət tələb olundu və biz də bunu ödəməyə məcbur olduq. Indi dövriyyədə nəqd pul çatışmazlığı var, amma problem deyil, çıxış yolları var…”.
Çıxış yolu nədir? Bank Melli Iran və onun Türkiyədəki şöbəsi.
C.Hacıyev və R.Kərimov Iran bankını dövrəyə soxurlar. Bankın ekspertləri Bodruma gəlir, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit tranşı aça biləcəklərini söyləyirlər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunur. Çünki 11 faizlik pay onun heç bir özəl sözləşmə olmadan sahibliyi altındadır. Atif Fərmandal da, Ronald Rudolf da,.. hamı razıdır, amma Ərcan Canın, nəsə, dalağı sancır və başa düşür ki, bu adamların dediyinə razılaşmaq onu tamam məhv və bankrot səviyyəsinə aparır. Buna görə də sənədləri imzalamaqdan imtina edir, min cür bəhanə ilə yayınmağa çalışır.
“Bizimkilər” işi reketə buraxırlar
Amma bizim diribaş azərbaycanlılar prosesdən elə-belə qopmaq niyyətində deyillər. Buna görə də, onlar son varianta əl atırlar: 90-cı illər Türkiyəsindən üzübəri bu cür “razborka”ları saf-çürük etmək təcrübəsinin daşıyıcılarından olan Babataşlara baş vururlar. Əvvəlki materialdan (Əliyevlər Ömər Lütfi Topalın keçmiş ortaqları ilə birləşir) bizə tanış olan Yaşar Babataşı inandırırlar ki, (hər halda, əla qonorarın və ya bir quruca “təşəkkür”ün müqabilində) Ərcan Cana təzyiq etmək lazımdır ki, bu sənədə imza atsın.
Yaşar Babataş özünün bir-iki yaxın adamını da götürüb gecə saat 3-4 radələrində Ərcan Canın evinə hücum edir, onu “inandırır” ki, bu sənədə imza atmamağın çox pis nəticələri ola bilər. Can canının qorxusundan sənədləri imzalayır.
İran Milli Bankı dövrəyə girir və ziyanın yarısından çıxır
Cavidan Hacıyev və Rauf Kərimov sənədləri Iran Milli bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və Irandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər. Bəs, Bodrum Inşaatı? Cəhənnəmə ki! Azərbaycanlı biznesmenlər bu inşaatla ilgilənmək belə, istəmirlər və hesab edirlər ki, nə zamansa, bu sement biznesindən qazanılan 50-60 milyon avro qazanc yaransa, o zaman da Bodrum işi ilə maraqlanmaq olar.
Amma bu arada azərbaycanlı biznesmenlərin bunları aldatdığını başa düşən Atif Fərmandal, Ronald Rudolf və Ərcan Can Iran Milli Bankına bu əmlakın mübahisəli olduğunu, ortalıqda inşaat obyekti ilə bağlı həm özlərinin qapalı sözləşmələrinin, həm də avropalıların məhkəmə iddialarının olduğunu izah edirlər. Iran Milli Bankı kredit tranşını bağlayır. Avropalıların məhkəməni təxirə saldıqları bir il müddət də gəlib keçir və iş Iqtisad Məhkəməsinə verilir. Atif Fərmandal həbs edilir. Ərcan Cana Türkiyədən çıxmaq yasaq edilir. Cavidan Hacıyev və Rauf Kərimov Türkiyədə axtarışdadır. Yaşar Babataş isə Türkiyənin turizm bölgələrində Əliyevlərlə biznes planları cızmaqda davam edir. Anar Məmmədov Türkiyədəki ortaqlarını inandırmağa çalışır ki, Cavidan Hacıyev və Rauf Kərimov onunla heç bir əlaqəsi olmayan adamlardır. Əksinə, Türkiyənin biznes çevrələrinə soraq yayılıb ki, bu iki biznesmen Ziya Məmmədovun oğlunun yox, Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun ortaqlarıdır. Anar Məmmədov Türkiyədəki biznes ortaqlarını inandırmağa çalışır ki, bu adamlar hətta Quzey Iraqda da onun adından istifadə ediblər, əslində isə onların ortaq heç nəyi yoxdur.
Beləliklə, top Kəmaləddin Heydərovun qapısına ötürülüb…
Azad Akifoğlu