İctimai Palata aqrar sektordakı böhranlı vəziyyəti müzakirəyə çıxardı
İyulun 26-da İctimai Palatanın aqrar siyasət komissiyanın təşkilatçılığı ilə Müsavat Partiyasının qərargahında “Kənd təsərrüfatı. Müasir vəziyyətin təhlili” mövzusunda dəyirmi masa keçirildi. İP rəhbərliyi və fəallarının, iqtisadçı ekspertlərin iştirakı ilə baş tutan tədbirdə İP aqrar siyasət komissiyasının hazırladığı sənəd əsasında Nemət Əliyevin məruzəsi dinlənildi.
Əhalinin yarısı kəndlərdə, kəndlərsə problemlər içində
Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında aparılan müqayisə və təhlillərə söykənən natiq aqrar təsərrüfatda ciddi böhran hökm sürüdüyünü iştirakçılara çatdırdı. O, məlumat verdi ki, ölkədə məşğul əhalinin 40%-ə qədərinin (1,7 mln nəfər) dolanışığı aqrar sektordan bilavasitə asılıdır: “Əhalinin 4,5 milyon nəfəri kənd rayonlarında məskunlaşıb. Onların da dolanışığı əsasən bu sahədən daxil olan gəlirlərin hesabınadır. Buna baxmayaraq son illər bu sahə diqqətdən kənarda saxlanılıb. Ölkənin sosial-iqtisadi poblemlər məngənəsində sıxılması, bu sahədə dönüş yaratmağın mümkün olmamasının səbəblərindən biri də məhz aqrar sektorda problemlərin zamanında həll edilməməsi ilə əlaqədardır”.
N.Əliyev bildirdi ki, ölkənin məşğul əhalisinin sayı son on ildə 620 min nəfərdən çox artaraq 2010-cu ildə 4,3 mln nəfəri ötüb. Bu müddətdə təkcə kənd təsərrüfatında məşğul olanların sayı 250 min nəfərdən çox artıb ki, bu da ümumi artımda təxminən 40% çəki deməkdir. Deməli, məşğul əhalinin həm sayına görə, həm də say artımına görə kənd təsərrüfatı digər sahələrdən çox fərqlənir. Bu baxımdan aqrar sektorun inkişafının sürətləndirilməsi, buraya əlavə investisiyaların cəlb edilməsi əhalinin daha geniş spektrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə nəticələnə bilər.
Kənd təsərrüfatının ÜDM-də kiçilən payı
Məruzəçi məlumat verdi ki, Ümumi Daxili Məhsulun (ÜDM) istehsalında kənd təsərrüfatının payı 5,4% qədərində olub. Halbuki, 1990-cı ildə bu sahənin ÜDM-də payı 26,6 % təşkil edib. Hətta 1990-1996-cı illərin iqtisadi tənəzzül dövründə, sənayenin, ticarət və xidmətin rolu sürətlə aşağı düşdüyü bir zamanda aqrar sektorun ÜDM-də payı daha da artaraq 32,5 % -ə çatıb: “Son 20 ildə ÜDM-in formalaşmasında sənayenin payı 20%-dən 52,6%-ə, tikintinin payı 6,7%-dən 7,5%-ə, nəqliyyat, anbar təsərrüfatı və rabitənin payı 6,7%-dən 7,9%-dək artdığı halda, kənd təsərrüfatının payı 26,6%-dən 5,4%-qədər aşağı düşüb”.
Əkin sahələri yoxa çıxıb
Bar verən çoxillik əkmələrin səviyyəsinin aşağı düşməsi də məruzədə tənqidi məqam kimi vurğulandı. Göstərildi ki, 1990-cı ildə yaşıl çay əkmələrinin sahəsi 13 min hektar, 1995-ci ildə 11,4 min hektar olubsa, 2009-cu ildə bu göstərici 0,8 min hektara, 2010-cu ildə isə 0,6 min hektara düşüb. 1984-cü ildə bar verən yaşda üzüm əkmələrinin sahəsi 210 min hektar, 1994-cü ildə 105 min hektar olubsa, 2010-cu ildə bu göstərici 11 min hektara düşüb. Meyvə və giləmeyvə əkmələrinin sahəsi də 1990-cı illə müqayisədə 8% azalıb.
Kənd təsərrüfatında texnika çatışmazlığı…
Kənd təsərrüfatında texnikanın çatışmazlığı və yararsızlığı haqda danışan N.Əliyev bu halın məhsulun vaxtında və itkisiz yığılmasına imkan vermədiyini dedi: “1990-cı illə müqayisədə 2008-ci ildə traktorların sayı 1,9 dəfə, kotanların sayı 3 dəfə, becərmə kultivatorlarının sayı 7 dəfə, toxumsəpənlərin sayı 4,6 dəfə, otbiçənlərin sayı 4,4 dəfə, sıxıb bağlayanların sayı 2,8 dəfə azalıb . Göündüyü kimi əkin, becərmə, səpin, biçin texnikalarının sayı əhəmiyyətli dərəcədə aşağı düşüb. Qeyd edilən dövrdə kombaynların sayı 2,2 dəfədən çox, kənd təsərrüfatı maşınlarının sayı 40 dəfədən çox azalıb. Yağışyağdıran maşınlardan, suvarma maşın və qurğularından əsər-əlamət qalmayıb. İndiki halda torpağa gübrə vermək üçün istifadə edilən maşınların, sağım qurğu və aqreqatlarının sayı kəskin şəkildə azalıb”.
Və yanacaq-enerji böhranı
Məruzədə əkin sahələrinə verilən mineral və üzvü gübrələrin miqdarının son illər kəskin şəkildə aşağı düşdüyü açıqlandı. Kənd təsərrüfatının yanacaq-enerji ehtiyyatları ilə təminat səviyyəsi də dözülməz kimi qiymətləndirildi: “Maraqlıdır ki, son 20 ildə ölkənin ümumi yanacaq-enerji ehtiyyatları artsa da, ölkədaxili istehlakın səviyyəsi 3,7 dəfəyə qədər, əhalinin enerji istehlak səviyyəsi 2,3 dəfədən çox azalıb. Ölkənin kənd təsərrüfatına son 10 ildə hər il orta hesabla vur-tut 206 min ton yanacaq-enerji ehtiyyatları buraxılıb. Bu göstərici 1990-cı ilin göstəricisindən 5,9 dəfə, 90-cı illər iqtisadi böhranının ən aşağı nöqtəsi sayılan 1995-ci ilin göstəricisindən 3,7 dəfə azdır”.
Məruzədə qeyd olundu ki, torpaq kənd təsərrüfatında ümumi və əsas istehsal vasitəsi sayılır. Kənd təsərrüfatında istehsalın təşkili, məhsulun istehsalı prosesi, səmərəlilik və s. kimi məsələlər əsasən torpaqla bağlıdır. Əhalinin ərzaq mallarına artmaqda olan təlabatını dolğun ödəmək üçün kənd təsərrüfatı istehsalının ardıcıl, intensiv inkişaf etdirilməsi və torpaqdan səmərəli istifadənin yüksək tempinin təmin edilməsi əsas məsələlərdən biridir.
Yararlı torpaqlar tükənir
Respublikanın Ümumi Torpaq Fondu 8,66 mln hektardır. Ümumi Torpaq Fondunun 74,6 %-i və ya 6,5 mln hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar hesab olunur. Ancaq bu qədər torpağın 4 mln 757,2 min hektarı və ya Ümumi Torpaq Fondunun 55%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Meşə torpaqları 12%, su altında qalan torpaqlar 4,6%, digər torpaqlar 28,5% təşkil edir. Torpaqların 33 %-i və ya 2 mln 861 min hektarı kənd təsərrüfatında istifadə edilmir. Bu torpaqların tərkibində kənd təsərrüfatına az yararlı və ya şərti yararsız sahələr üstünlük təşkil edir. Hazırda kənd təsərrüfatına yararlı torpaq sahələri tükəndiyindən gələcəkdə az yararlı və şərti yararsız torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi həlli vacib problem kimi qarşıda dayanır.
Böhrandan çıxış üçün 34 təklif
Məruzədə həyacan doğruan fakt kimi deyildi ki, Ümumi Torpaq Fondunun 3,5 milyon hektarı və ya 40%-dən çoxu, bəzi rayonlarda isə hətta 70-85%-i müxtəlif dərəcədə erroziyaya uğrayıb: “Kənd təsərrüfatında istifadə olunan torpaqların 770 min hektardan çoxu və ya 17%-ə qədəri eroziyaya uğrayıb”.
Məruzənin sonunda komissiyanın böhrandan çıxış üçün 34 istiqamətdə hazırladığı təklifləri sadalandı.
Pənah Hüseynin iqtisadçılara atmacası
Məruzə ətrafında çıxış edən Pənah Hüseyn öncə demokratik düşərgəyə yaxın iqtisadçıların “bostanına daş atdı”. O dedi ki, həmin iqtisadçılar İP-i boykot xətti seçməklə, özlərini siyasətdən kənarda saxlamaqla əslində gələcək presepektivlərini məhdudlaşdırırlar. P.Hüseyn özünü müstəqil sayan bəzi iqtisadçıları iqtidarın arqumentlərini malaladıqları üçün opportunust adlandırdı. Parlamentın aqrar siyasət komissiyasının sədri Eldar İbrahimovun bu yaxınlarda çıxışında “xüsusi mülkiyyətçilik öz bəhrəsini verməyib, kooperativlər yaradılmalıdır” deməsini Pənah bəy Heydər Əliyev siyasətinin iflası kimi dəyərləndirdi.
Kənd təsərrüfatının ağır durumuna işarə edən P.Hüseyn dedi ki, kəndililərin torpaqları oliqarxlar tərəfindən ələ keçirilib və buna İP mütləq siyasi qiymət verməlidir.
Qoyunların artan sayı və azalan məhsuldarlıq
Dəyirmi masa iştirakçısı Qubad İbadoglu çıxışında ziddiyətli bir fakt açıqladı. O dedi ki, son 8 ildə əkin sahələri 1 milyon 219 min hektardan, 1 milyon 600 min hektara qədər artsa da, məhsuldarlıq azlıb: “Səkkiz ildə əkin sahələri də artıb, qoyunların, eşşəklərin sayı da. Amma qiymətlər bahalaşıb. Bu məhsuldarlığın aşağı olması ilə əlaqədardır”.
Q.İbadoğlu ümumilikdə kənd təsərrüfatındakı problemlərin səbəbi kimi pis idarəetməni, koorupsiyanı göstərdi.
Ciddi aqrar siyasətin yoxluğu
İqtisadçı ekspert Vahid Məhərrəmov da məruzədə göstərilən problemləri təsdiqləyərək onları ölkədə ciddi aqrar siyasət aparılmaması ilə uzlaşdırdı. Ekspert bildirdi ki, hökumət kənd təsərrüfatının inkişafı üçün heç bir stimullaşdırıcı tədbir görmür. Bundan başqa o, aqrar sahə ilə bağlı normativ sənədlərdə ciddi boşluqlar olduğunu dedi. V.Məhərrəmov bildirdi ki, kənd təəssərüfatı sahəsində dövlət sığortalanmanı öz üzərinə götürməsə bu sahədə ciddi uğur gözləməyə dəyməz.
ÜTT-yə üzv olana qədər…
Daha bir iqtisadçı ekspert Məhəmməd Talıblı kənd təsərrüfatına ayrılan kreditlərin yüksək fazili olmasını və ancaq yüksək gəlirli fermerlərə verilməsini tənqid etdi. Ekspert hökumətin kənd təsərrüfatına ayrıdığı subsidiyaların heç bir nəticə vermədiyini iddia edərək dedi ki, bunun əsas səbəbi problemə kompleks yanaşmanın olmamasıdır.
Azərbaycanın yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına qoşulmaq perespektivinə toxunan natiq dedi ki, o vaxta qədər Azərbaycan kənd təsərrüfatında ciddi dönüşlərə nail olmaldır. Çünki ÜTT üzv olduqdan sonra kənd təsərrüfatına istənilən qədər subsidiyaların ayrılmasına icazə imkanı olmayacaq.
İP üzv Hüseyn Naibov ölkənin az qala yarısının yaşadığı kəndlərin milli gəlirdə cəmi 4 faiz yer tutumasını fəalkətli hədd kimi səciyyələndirdi. H.Naibov bildirdi ki, dövlət kənd təsərrüfatının dirçəldilməsi üçün “əlini daşın altına qoymalıdır” – gömrük siyasətindən tutumuş, azad bazar
siyasətinə qədər dəyişiklik aparmalıdır.
Dövlət siyasəti yox, oliqarxların istəyi
Çıxışçı İP üzvü İlham Hüseynli ölkədə arqar siyasətlə bağlı hər hansı islahat cəhdlərinin olmasını inkar etdi. O, dedi ki, Azərbaycanın bütün sahələrdində olduğu kimi kənd təsərrüfatında da konkret dövlət siyasəti yox, oliqarxların arzu və istəklərinə uyğun aparılan iş görülür.
2009-cu ildə Xəzər rayonunda “aeroport yolu” adlanan yolun bir kilomertinə 32-33 milyon manat, həmin il ümumilikdə bələdiyyələrin inkiafına 26 milyon manat ayrıldığını xatrladan İlham bəy bildirdi ki, bu rəqəmlər dövlətin kənd təsərrüfatının inkişafında heç bir marağı olmadığını göstərir.
Müxalifətə irad tutanlara cavab
İP üzvü Vurğun Əyyub isə çıxışında təklif etdi ki, aqrar komissiyanın hazırladığı sənəd daha da təkmilləşdirirlərək dövlət qurumlarına və cəmiyyətə təqdim olunsun: “Bu bizə tez-tez irad bildirib “müxalifət mitinqdən başqa heç nəyi bacarmır” deyənlərə cavab olacaq”
Hakimiyyətin siyasi maraqları
İP Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər hazırlanan məruzəni yüksək qiymətləndirdi. Lakin, başqan hesab etdi ki, məruzənin siyasi çəkisi artırılmalı, orda ölkə təsərrüfatını fəlakət həddinə gətirən səbəblər daha açıq formada göstərilməlidir.
İ.Qəmbər əminliklə bildirdi ki, kənd təsərrüfatının fəalkət həddinə çatması hakimiyyətin siyasi maraqlarına uyğundur: “Onlar bilirlər ki, neftdə, qazda olan gəlirlər kənd təsərrüfatında yoxdur. Onlar maraqlıdır ki, azərbaycanlılar tərk edib ölkədən getsinlər. Onlar istəmirlər ki, kəndlərdəki yüzminlərlə insanımız yaxşı yaşasın”.
Kəndlilərə qarşı əsəb müharibəsi
İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də aqrar sahədəki durumun acınacaqlı olmasını rejimin mahiyyəti ilə əlaqələndirdi: “Burda təkcə pis idarəetmədən söhbət gedə bilməz. Vəziyyətin belə yerə çatması onların həm də niyyətidir”.
AXCP sədri qeyd etdi ki, kəndlinin azad olması, iqtisadi cəhəddən özünü təmin edəcək səviyyədə həyat qurması avrotitar rejimin siyasi maraqlarına cavab vermir, buna görə də hakimiyyət bütün gücü ilə kənd əhalisini və ümumiyyətlə vətəndaşları lümpenlışdirməyə çalışır.
Kənd təsərrüfatına baxımsız siyasətin aparılmasını Ə.Kərimli kəndlilərə qarşı olqarxların psixoloji müharibəsi adlandırdı: “ Onlar əsəb müharibəsi aparırılar. Bu müharibənin əsas məqsədi odur ki, kəndlilərin əlindən bütün torpaqları satın alsınlar, onları nökər edib özlərinə işlətsinlər. Sağ olsun, camaatımız hələ ki, bu döyüşdə təslim olmur. Əgər bu müharibəni olqarxlar udsa heç şübhə etmirəm ki, kənd təsərrüfatına ciddi investisiyalar ayrılacaq”.
Natiq