Cənnəti cəhənnəmə döndərən İslam düşməni imiş
Norveçi qan gölünə çevirən Andreas Breyvik nələri planlaşdırırmış?
Bütün dünyanın diqqəti Norveçə yönəlib. “Kainatın cənnəti” adlandırılan Skandinaviya ölkəsi qaranlığa qərq olub. Bir gündə iki terror olayı 100-ə yaxın insanın həyatına son qoydu. Həm partlayışın, həm də qətliamın 32 yaşlı Andreas Breyvik tərəfindən həyata keçirilməsi çoxlarına gözlənilməz gəlir. Norveçli gəncin əlinə silah alıb bəlkə də dünyanın ən müdhiş cinayətini törətməsi, soyuqqanlılıqla özü kimi gənclərin həyatına son qoyması bütün dünyada şok yaradıb. Indi Breyvikin internet fəaliyyətindən siyasi baxışları haqda müəyyən təsəvvürlər ortaya çıxıb.
İslamın və demokratiyanın düşməni
Islamafobiyaya malik cinayətkar, Avropada müsəlmanların sayının artmasını təhlükə kimi qəbul edir. Mühacirətə qarşı çıxmasa da, Norveçə gələnlərin ancaq Qərb ölkələrindən olmasını istəyir. Qeyri-Qərb ölkələrindən olan vətəndaşlara Norveçdə sığınacaq verən sosial-demokratları düşmən sayır. Elə cinayətinin motivi də bu siyasi baxışlarıdır.
Əslində islamafobiya ilə Norveçdə heç kimi təəccübləndirmək olmaz. Belə baxışların daşıyıcılarından ibarət Tərəqqi Partiyası ölkənin ikinci böyük siyasi təşkilatıdır. Təsadüfi deyil ki, Breyvik 2000-ci illərdə həmin partiyanın üzvü olub. Tərəqqi Partiyasının yaradıcısı Karl Ivar Hagen dəfələrlə Islama qarşı çıxışlar etməklə yadda qalmış, Məhəmməd Peyğəmbəri belə, hədəfə götürməkdən çəkinməmişdi.
Breyvik ancaq Islamı deyil, demokratiyanı da cəmiyyətə təhlükə kimi qəbul edir. Onun siyasi rəqiblərinə antipatiyası nifrət həddindədir. Əmək Partiyası (Sosial-demokrat partiyasının adı) gənclərinin düşərgəsinə hücumu da, görünür, siyasi rəqiblərinə olan bu nifrətin nəticəsidir.
Bütün bunlar cinayətkarın internetdəki fəaliyyətini izləyərkən aydınlaşır. Hadisədən əvvəl isə Diplomat ailəsində, Oslonun varlılar məhəlləsində yaşayan Andreası qonşuları və tanışları sakit, mədəni bir adam kimi tanıyırdılar. Sinif yoldaşı xatırlayır ki, Andreas məktəbdə zəifləri incidən dəcəl yoldaşlarına sərt reaksiya verən bir oğlan olub.
Onun ölüm siyahısında kimlər olub?
Andreas Breyvik polisə ifadəsində sabiq baş nazir Qru Xarlem Bruntlanna qarşı sui-qəsd planlaşdırdığını bildirib. 1981-1996-cı illərdə üç dəfə baş nazir vəzifəsində çalışmış Bruntlann Utoya adasında nitq söyləməyi planlaşdırıbmış. Terror aktı bundan bir az əvvəl baş verib və Breyvik 80-dən çox insanı güllələyib. Bruntlann adanı, cinayətkar ora gəlməzdən əvvəl tərk edibmiş.
Ingiltərədə yayımlanan “The Daily Telegraph” qəzetinin yazdığına görə, Breyvikin ölüm siyahısında keçmiş baş nazirlər Toni Bleyer və Qordon Braun, Şahzadə Çarlz, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Nikolya Sarkozinin də adları var. Özünü orta əsrlərdəki “Məbəd Cəngavərlərinin davamçısı” adlandıran Breyvik 2002-ci ilin aprelində Londonda görüşdüyü 2 nəfərlə birlikdə qatıldığı toplantıda vəzifəni boynuna götürdüyünü iddia edir.
Londonun təhlükəsizlik xidməti Breyvikin Ingiltərə paytaxtına səfər edib-etmədiyi və bənzər hücumlar planlaşdırdığına dair araşdırmaya başlayıb. Çünki Breyvik Islama müsbət münasibət bəsləyən hökumətləri devirmək üçün özündən başqa 80-ə yaxın tərəfdarı olduğunu da bildirir.
Iyulun 25-də Breyvikin ilk məhkəmə iclası keçirilib. Onu məhkəməyə gətirən avtomobil məhkəmənin həyətinə toplaşmış kütlənin hücumuna məruz qalıb. Dinləmələr 35 dəqiqə davam edib. Məhkəmə iclası başa çatandan sonra avtomobil ərazidən uzaqlaşıb. Məhkəmə qapalı keçirilib və jurnalistlər zala buraxılmayıb.
Məhkəmə, Breyvikin sübut-dəlilləri məhv edə biləcəyi ehtimalını nəzərə alaraq, onun ilkin istintaq dövrü kimi 8 həftəlik həbsdə qalması haqda qərar çıxarıb. Hakimlər Breyvikin ilk mərhələdə 8 həftəlik müddətin 4 həftəsini təcrid olunmuş vəziyyətdə keçirəcəyini açıqlayıb. Bu müddətdə onun vəkili istisna olmaqla, digər ziyarətçilərlə görüşməsinə, televiziya, qəzet, məktub kimi xəbər vasitələrindən istifadəsinə icazə verilməyəcək.
Polşa polisi isə Norveçdə törədilən terror aktlarında iştirakda şübhəli bilinən daha bir nəfəri həbs edib. Norveçin “Daqbladet” qəzeti adı açıqlanmayan bir nəfərin Polşada saxlanıldığı barədə məlumat yayıb. Lakin bununla bağlı digər detallar açıqlanmır.