Sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalisti müstəntiq Ramiz Alıverdiyev dindirib.
Bu barədə Meydan TV-yə danışan S.Vaqifqızı bildirib ki, ona verilən suallar avqustun 20-də Mingəçevir şəhərində baş vermiş hadisələrlə bağlı olsa da, sonradan sualların məcrası dəyişib: "Əvvəl sual etdilər ki, Mingəçevirə nə vaxt getmisən, həmin kadrları kim yayımlayıb, güya bunlar istintaq sirri sayılır. Mən cavab verdim ki, artıq şəhərə daxil olanda hadisələr sakitləşmişdi. Bundan sonra suallar Meydan tv haqqında oldu, rəhbərlik kimdir, qeydiyyat varmı, ümumiyyətlə, ordakı fəaliyyətim nə ilə bağlıdır, deyə sual edirdilər. Belə olanda suallara cavabı dayandırdım və "siz məni Mingəçevir, yoxsa Meydan TV ilə bağlı çağırmısız" sualını verdim. İmtina etdim və dedim: "Mənə ifadə verəcəyimi bu gün demisiniz və həmkarım Xədicə İsmayılın məhkəməsinə getməliyəm, başqa planlarım var". Bu zaman Sənan Paşayevi çağırdılar ki, ifadəsini bitirmir, o da bunun mümkünsüz olduğunu deyib davam etdirilməsini istədi. Hətta məni Xədicə İsmayılla görüşdürəcəyini də dedi, cavab verdim ki, bilirəm necə görüşdürəcəksiniz. Bildirdi ki, yox, məktub verəcək, yalnız o şəkildə".