«Mətbuat azadlığı və insan haqlarına qarşı bu cür təqib, hətta Azərbaycan kimi avtoritar ölkələr üçün də görünməmiş haldır»
Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi davam edən “Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə Ismayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Jurnalistin həbsi bir çox beynəlxalq təşkilatların tənqidləri ilə üzləşir. Bu təşkilatlardan biri də Jurnalistləri Müdafiə Komitəsidir. Qurumun Avropa və Orta Asiya Proqramı üzrə koordinator Nina Oqnianova “Amerikanın Səs”inə Skype müsahibəsində Azərbaycanda həbsdə olan jurnalistlərin qeyd-şərtsiz sərbəst buraxılmasına çağırıb. Onun müsahibəni təqdim edirik.
– Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda jurnalistlərin saxlanması və həbsi ilə bağlı bir-birinin ardınca bəyanatlar açıqlayıb. Hazırda Bakıda Xədicə Ismayılovanın məhkəmə prosesi davam edir. Ona bu günlərdə hökm oxunmalıdır. Xədicənin işi ilə bağlı sizin təşkilatınızın mövqeyi nədən ibarətdir?
– Biz dəfələrlə demişik ki,bu məhkəmə prosesi ədalətin tam məsxərəsidir. Biz bunu ədalətli məhkəmə prosesi və istintaqı kimi qəbul etmirik və Xədicə Ismayılın qeyd-şərtsiz, dərhal azad olunmasına çağırırıq. Xədicə Ismayılın peşəkar jurnalist kimi fəaliyyəti, korrupsiya araşdırması, eləcə də Azərbaycandakı digər siyasi məhbuslarla bağlı fəallığına görə həbs edilməsi təkcə Jurnalistləri Müdafiə Komitəsi deyil, beynəlxalq insan haqları ictimaiyyətinin qəbul etdiyi bir faktdır. Daha öncə də dediyim kimi, o, dərhal qeyd-şərtsiz azad olunmalıdır və ona qarşı irəli sürülən bütün ittihamlar ləğv edilməlidir.
– Belə görünür ki, Azərbaycan rəsmiləri hökumətin tənqidçilərini həbs etməkdə eskalasiyaya üstünlük verib. Buraya mükafat laureatı Xədicə Ismayıl da daxildir. Sizcə Azərbaycanın basqıları azaltması üçün Qərb hökumətləri yetərli təzyiq göstərirmi?
– Doğru qeyd etdiniz ki, ifadə, mətbuat azadlığı və ümumiyyətlə, insan haqlarına qarşı bu cür təqib, hətta Azərbaycan kimi avtoritar ölkələr üçün də görünməmiş bir haldır. Azərbaycanda mətbuat azadlığı heç bir zaman mükəmməl olmayıb, amma son bir neçə ildə ifadə azadlığına qarşı təqib misli görünməmiş bir səviyyəyə çatıb. Təbii ki, rəsmi Azərbaycanın həm Vaşinqton, həm də Brüsseldə güclü lobbisi var. Ancaq hətta beynəlxalq insan haqları təşkilatları bu təqiblərə qarşı yekdil çıxış etməsinə baxmayaraq, həm ABŞ, həm də Avropada rəsmi liderlər və siyasətçilər Əliyev hökumətinə təzyiqləri artırmalıdır. Onlar rəsmi Bakı ilə ikitərəfli danışıqlarda siyasi məhbusların, əsasən də hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunma məsələsini prioritet məsələ etməlidirlər. Onlar Bakıya güclü mesaj göndərməlidirlər ki, əgər bu jurnalistlər azad olunmasa, Azərbaycanla ənənəvi münasibətlər kəsiləcək.
– Hazırda Azərbaycanda medianın durumunu necə dəyərləndirərdiniz?
– Dediyim kimi, son bir neçə ildə Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT və media qurumlarının tam məhvi baş verib. Burada ciddi repressiyalar var. Beynəlxalq icma yekdil olaraq səylərini Azərbaycanda ifadə və media azadlığının vəziyyətinin normallaşdırılmasına yönəltməlidir.
– Xədicənin ailə üzvləri ilə, anası ilə əlaqə yaratmaq imkanınız olubmu? Xədicənin işində digərləri ilə bağlı narahatlığınız varmı?
– Bilirsiniz, ailə ilə əlaqə saxlamaq olduqca çətindir, çünki Azərbaycandakı repressiyanın dərəcəsi o qədər yüksəkdir ki, beynəlxalq ictimaiyyətin ölkədəki çox az sayda müstəqil insanlarla əlaqə saxlaması onları təhlükəyə ata bilər. Təbii ki, bizim Xədicənin Azərbaycandakı keçmiş həmkarları və ailəsinə mesajımızı çatdırmaq üçün müəyyən yollarımız var. Ancaq biz Azərbaycana birbaşa zəng etməyə çəkinirik, çünki bir sıra hadisə ilə rastlaşmışıq və belə hallarda həbsdə və ya mühacirətdə olan jurnalistlərin ailələrinə qarşı təzyiqlər olub. Bu isə hazırda Azərbaycandakı təqiblərin nə dərəcədə olduğunun başqa bir göstəricisidir.