elnurastanbeyli@gmail.com
Yaptokratlar özlərini o yerə qoymurlar, elə danışırlar, guya hətta ölkədə neft hasilatı kəskin azalmağa başlayandan, neft az qala su qiymətinə düşəndən sonra da hər şey yaxşılığa doğru gedir, yavaşlayıb-zad eləmirik, çiçəklənirik, xaricilər isə hələ də bizim analoqsuz inkişafımıza baxıb ağızlarının suyunu axıdır, paxıllığımızı çəkirlər.
Amma hətta bu halda belə, sətir aralarında artıq “neft təntənəsi”nin arxada qaldığına dair mesajları aydın görmək, bunun dilxorluğunu, narahatlığını gözəlcə hiss etmək mümkündür. Hətta bunların öz iqtisadçı-ekspertləri belə, devalvasiyanın qaçılmazlığından, ərzağın bahalaşacağından, maaşların, təqaüdlərin ödənilməsində problemlərin yaranacağından yüksək səslə danışırlar. Əlbəttə, mən burada keçmiş maliyyə naziri Fikrət Yusifov kimi “iqtisadiyyatın Zəlimxan Yaqubluğu” ilə məşğul olan bir neçə nəfəri istisna edirəm, onlar ancaq tərifləyirlər. Çünki qabaqdan təzə seçki şousu gəlir, deputatlıq iştahası artanlar da gözlərini ora dikiblər. Elə Fikrət Yusifovun özünü götürək, guya beyqəfil Rusiyadan şələ-küləsini yığıb Azərbaycana niyə gəldiyini bilmirik? Əlbəttə, kabab, daha doğrusu, mandat iyinə gəlib. Gələn gündən də tamadalıqla, hökumətin iqtisadi siyasəti barədə tərifli tostlar deməklə məşğuldurlar. Danışdıqlarının içərisində bir dənə də doğru söz tapmaq çətindir – bu heç. Ən dəhşətli orasıdır ki, o qədər savadsız danışır, yazır, hətta iqtisadi bilikləri sıfırın altında olan adam belə, qulaq asıb, oxuyub uğunub gedə, gülməkdən qarnını tuta bilər.
Nə isə, sözüm onda deyil. Yaptokratların sadəcə, neftə dayalı olan “iqtisadi təntənəsi” getdikcə sarsılır, necə deyərlər, “təkkə düşür, kəl görünür”. Hanı o qırmızı lent kəsmələr?! Hanı o “Heç kim bizimlə diqtə dilində danışa bilməz” kimi meydanoxumalar?! Dünənəcən deyirdilər, “biz müstəqil siyasət yürüdürük, heç kim bizim daxili işlərimizə qarışa bilməz”, indi isə öz səriştəsizliklərini ört-basdır etmək üçün dünyada gedən böhranlı proseslərin Azərbaycana mənfi təsirlərindən basıb-bağlayırlar. Axı deyirdik ki, çağdaş dünyada o cür üslub qəbuledilməzdir, populizmdir, “filan məsələ mənim daxili işimdir” deyib özünü dünyadan təcrid etməklə bir yerə varmaq mümkünsüzdür, bunun sonu puçdur, fəlakətdir. Buyurun, görürsünüzmü, indi hətta Çində yuanın qiymətdən düşməsi belə, sizin daxili işlərinizə necə rahatlıqla qarışır, yüz milyonlarla manatınızı necə itirir?!
Aydın məsələdir ki, hələ bu yaxşı günlərimizdir. Zaman keçdikcə, Azərbaycanın ötən illər ərzində nə qədər yanlış idarə olunduğu bütün çılpaqlığı ilə gözlər önünə səriləcək. Korrupsiyanın idarəetmə normasına çevrilməsinin, insan hüquq və azadlıqlarının amansızlıqla boğulmasının, ədalət, hürriyyət kimi anlayışların top-tüfənglə qarşılanmasının acı fəsadları hər keçən gün daha aydın görünəcək. Məlum olacaq ki, Az.TV-də “çiçəklənən, abad, şən, hər yanı gülşən Azərbaycan” görüntüsü yaratmaqla deyil, yalan ayaq tutsa da, yerimir, problemləri xalça altına süpürməklə, bununla da onları yoxmuş kimi göstərməklə heç nə həll olunmur, reallıqla toqquşma qaçılmazdır.
Bizdə indi məhz bu mərhələ başlayıb. Hər keçən gün daha çox insan Az.TV-dən həyata, reallığa qayıdır. Küçəyə çıxın, qarşınızdan gələn insanların üzünə ötəri baxın. Görün neçə gülümsər çöhrə görəcəksiniz?! Hamının sifətindən qüssə, kədər, əzab, narahatlıq yağır. Hamı nəyəsə qəzəblidir. Hamı əsəbidir. Hamı hirsini, acığını tökməyə yer axtarır.
Və yorğundur hamı. Insanlar üzlərinə xoşbəxtlik maskası taxıb gəzməkdən beziblər. Bəli, əslində 10 il əvvəl də bu ölkədə adamlar xirtdəyəcən dərd-qəmin, problemin içində idilər. Amma əksəriyyət özünü elə aparırdı ki, guya dünyada ondan xoşbəxt yoxdur. Heç kim özünü başqalarının yanında aciz, çarəsiz göstərmək istəmirdi, adamların içi özünü yandırırdı, çölü özgəni.
Amma hiss olunur ki, adamlar artıq “yalançı xoşbəxt” roluna girmək istəmirlər. Xoşbəxtlik maskası taxmaqdan bezib, yorulub hamı. Odur ki, indi istənilən insanın üzündən hətta nə qədər kredit borcu olduğunu da asanlıqla oxumaq olur!