Şişirdilmiş məbləği ayıran, yoxsa yeyən korrupsionerdir…
Respublikanın hansı sektoru varsa, ordan mütləq korrupsiya faktı çıxmalıdır. Bu, elə bil, həyatın normasına çevrilib. Ölkənin prioritet sahəsi kimi, təhsil və məktəb daim göz önündə olduğundan, orda baş verənlər də diqqətdən kənarda qalmır. Xatırladaq ki, ölkə başçısının Bakıətrafı kəndlərə səfərindən sonra həmin ərazidəki təhsil ocaqlarına diqqət daha da artdı. Təmir-tikinti, yenidənqurma işi başlandı, əlbəttə, yeyintilərlə birgə.
Hazırda Respublika Prokurorluğu məktəblərin tikintisi vaxtı yol verilən qanun pozuntularıyla bağlı araşdırmalara başlayıb. Araşdırma vaxtı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkarlanıb. Bu işin yekunlaşacağı təqdirdə, cəmiyyətə ətraflı məlumat veriləcək.
Yeri gəlmişkən, cəmiyyətin əksər hissəsi yaxşı bilir ki, qanun pozuntusu yalnız iki məktəbdə ola bilməz. Başqa sözlə, yeyinti təkcə bir-iki məktəbdədirmi? Yaxud, elə iki məktəbdə olsa belə, yeyintini kimlər reallaşdırıb, bax, məsələnin kökü bundadır.
Mövzunu araşdıran vaxt əlimizə maraqlı fakt keçib. Bu, böyük bir siyahıdır ki, orda respublika məktəblərinin təmir-tikintisi və sair məsələlərə ayrılan fantastik rəqəmlərdən söhbət açılır. Özü də dövlətin pullarını israfla göyə sovuran heç də tikinti şirkəti, yaxud məktəb direktoru, son nəticədə fəhlə və iş icraçısı deyil. Adından göründüyü kimi, icraçılar sonuncu fiqurdur, əsas məsələ dövlətin həmin pullarını tikintiyə yönəldən qurumdur. Bu siyahıya nəzər salanda görürük ki, rəsmi səviyyədə korrupsiya yuxarıdan başlayır. Yəni korrupsiyanın səbəbini məktəbi tikənlərdə axtarmaq yox, pulu ayıranlardan sormaq gərəkdir. Başqa sözlə, korrupsiya ona start verilən mənbədən başlayırmış. Bu isə Təhsil Nazirliyindən də ötərək daha yuxarı eşelona aiddir.
Xülasə, Nazirlər Kabinetinin 2007-ci il 19 fevral tarixli sərəncamına əlavədə göstərilib ki, həmin ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə onun məbləği qeyd olunur. Məbləğ isə bir neçə deyil, yüz minlərlə manatdan ibarətdir. Sadəcə, bir neçə fakta diqqət edək.
Sabunçu rayonunda 22 saylı məktəbin ərazisində yeni məktəb tikintisinə 630, Əzizbəyov rayonunda 218 saylı məktəbə 1396, Daşkəsənin Quşçu kəndinə 202, Göyçayın Ərəbcəbirli kənd məktəbinə 330, Xanlar şəhər 6 saylı məktəbə 400 min manat vəsait ayrılıb. Diqqət etsək, əlavə sinif otaqları üçün ayrılan vəsaitə nəinki otaq, böyük bir məktəb tikmək mümkündür. Belə ki, Nərimanov rayonu 212 saylı məktəbdə 24 əlavə sinif otağı üçün 729 min manat ayrılıb. Şirvan şəhər 16 saylı məktəbə 25 əlavə sinif otağı üçünsə 537 min manat. Masallı rayonu Xırmandalı kənd orta məktəbinin 10 əlavə sinif otağına 290, Balakənin Qazma kənd məktəbinin 10 sinif otağı üçün isə 280 min manat ayrılıb. Ən maraqlısı isə bir sinif otağının tikintisinə lazım gələn vəsaitin həcmidir – 84 min manat. Bu sinif otağı da Tovuzun Həsənli kənd məktəbinə lazımdır ki, orda cəmisi 20 şagird oxuyacaq. Eyni məbləğ Sabirabad rayonunun Nacibəbir kənd məktəbi üçün əlavə otaq tikintisinə ayrılıb, lakin orda 40 şagird və iki sinif otağı nəzərdə tutulub. Siyəzən və Samuxda 4 əlavə sinif otağı üçün heç demə, 153 və 127 min manat lazımmış.
NK-nın 2008-ci il 6 fevral tarixli sərəncamına əlavədə də ayrılan vəsaitin məbləği açıqlanıb. Bildirilib ki, Abşeronun Qobu qəsəbəsində 18 əlavə sinif otağı üçün 712, Şamaxı şəhər 2 saylı məktəbin 30 əlavə sinif otağının tikintisi üçün isə 1180 min manat ayrılıb. Cəlilabadın Şiləvəngə kənd 220 şagird yerlik məktəb tikintisi üçün 832 min, Bakının Nəsimi rayon 28 saylı məktəbin təmirinə isə (!) 921 min manat ayrılıb. Nəsimi rayon 8 saylı məktəbin təmiri üçün 798 min manat, Nizami rayon 129 saylı məktəbin təmirinə isə 687 min manat lazım gəlib. Qaradağ rayonu 274 saylı məktəbin təmirinə 910, Yasamal rayon 199 saylı məktəbin təmirinə 1202 min, Salyandakı 6 saylı məktəbin təmirinə isə 780 min manat ayrılıb.
Bu sıranı artırmaq da olar, lakin tikinti-təmir və digər xərclərə ayrılan vəsaitin həcmi azalmayacaq. Belə böyük rəqəmləri “yeyən” məktəblərdə aparılan yoxlamalarda isə, bəzən işin sifarişçiləri deyil, sıravi icraçılar məsuliyyətə cəlb edilir.
Iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, korrupsiyaya qarşı mübarizə aparılırsa, ondan əldə olunan nəticəyə görə tikinti işini aparanlar məsuliyyətə cəlb ediləcək. Bu mənada, korrupsiya və rüşvətxorluğa görə müvafiq qurumların həyata keçirdiyi tədbirlər, ekspertə görə, imitasiya xarakteri daşıyır: “Əsas günahkarlar azadlıqda gəzdiyindən, bu yöndə aparılan tədbirlərin effekti getdikcə aşağı düşür. Insanlar cəzasızlıq mühitində yaşayır. Sanki korrupsiya və rüşvətə adətkarlıq yaranıb, rüşvətxorlar əlavə rüşvət verməklə, yaxud hansısa vasitəylə bu vəziyyətdən çıxacağına inanır. Bu sahədə çox ciddi tədbirlər aparılmalıdır. Bir neçə məktəbdə yoxlama aparmaqla, bir-iki nəfəri həbs etməklə işi bitmiş saymaq düzgün deyil. Rəsmilərin apardığı mübarizə təəssüf ki, bəzi hallarda lokal xarakterli nəticələrə ünvanlanmış tədbirlərdir. Bu cür tədbirlər həmin nəticələri doğurmuş səbəblərə ünvanlanmalıdır. Səbəblər nə qədər ki aradan qaldırılmayıb, o zaman bu istiqamətdə görülən tədbirlər real nəticə verə bilməz. Düşünürəm ki, onu doğuran səbəblərə qarşı mübarizə aparılmalıdır”.
Nigar