Saleh əleyhdarı kölgə parlamentinin yaradılacağını da bildirdi
Yəməndə Əli Abdullah Salehin hakimiyyətdən getməsini tələb edən etirazçılar kölgə kabineti qurduğunu bəyan edib. Müxalifət lideri Təvəkkül Karman etiraz dalğasının fəal və peşəkar üzvlərinin Saleh rejiminin yıxılacağı təqdirdə ölkəni idarə etməyə hazırlaşmaq məqsədiylə kabinet formalaşdırdığını bildirib.
Karman 17 nəfərdən ibarət müvəqqəti Dövlət Başçılığı Şurasının üzvləri arasında köhnə hökumət təmsilçiləri və qeyri-hökumət təşkilatlarının liderlərinin də olduğunu söyləyib. O, şuranın texnokrat bir hökumət formalaşdırılması üçün lider seçəcəyini və yeni konstitusiya layihəsini hazırlayacaq 501 üzvlü kölgə parlamentini açıqlayacağını vurğulayıb.
Xatırladaq ki, yəmənli etirazçılar Əli Abdullah Saleh ilə danışıqları rədd edən müxalifət partiyalarından kənarda müstəqil fəaliyyət göstərir. Kölgə kabineti ilə vahid müxalifət liderinin seçilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir.
İnformasiya şöbəsi