Doğrusu, üzücü bir durumdur – yayın istisi bir tərəfdən, hakimiyyətin təzyiqi o biri tərəfdən… Adamın “nikbinlik əmsalı” heçə enir. Yazılar da daha çox uğursuz bir insanın pərakəndə gündəliklərini xatırladır. Düşünürsən, bunlar bizim günümüzü qara etdiyi kimi, sən də elə yazasan ki, azacıq onların özü də narahat olsun, bir az qanları qaralsın… Amma insan həmişə yüksək hiss və duyğulardan yazmaq istəyir. Elə şeydən yazmaq istəyirsən ki, ondan bir əbədiyyət qoxusu gəlsin. Bunlar insanlarda məhz elə əbədiyyət duyğularını öldürüblər, hər şey mənasını itirib. Bu cəmiyyətin, bu ölkənin qanunları ilə yaşamaq istəməyən təkcə “avtoş”lar qalıb. Mən onlara bəraət qazandırmaq istəmirəm, etirazın bəlkə başqa formasını da tapmaq olardı. Lakin nə etmək olar? Onlar da bu yolu seçiblər…
Yol dedim, yadıma başqa şey düşdü. Hə, AXC-nin də yaranmasından düz 22 il keçdi. Bütöv bir tarix! Mən indilər söz qoşub, nəsə demək istəmirəm. Hərçənd, B.Oucavanın bir mahnısındakı tək, “Yüksək sözlərdən, təriflərdən çəkinməyin” demək istəyirəm. Yəqin ki, bu olacaq və olmalıdır da!..
Adam qəribə hisslər keçirir. Mən keçmişə görə elə də peşmançılıq çəkmirəm. Bu yolu kimlərsə getməli idi, biz getdik. Adam o şeylərə görə peşmançılıq çəkir ki, başqa işlər də görmək olardı, amma biz bunu etmədik, özümüzü çox məhdudlaşdırdıq. Yadıma fizik A.Miqdalın bir fikri düşür: “Həyat elə bir nemətdir ki, onu tək bir şeyə həsr etmək olmaz!” Indi bu prizmadan yanaşanda həyatı təkcə siyasətə də həsr etmək düzgün deyildi, yanlışlıq idi. Çox yanlışlıqlara yol verdik. Bəli, indi bəzi adamlar belə ərz edir ki, bunlara baxın, çıxıb özlərini döydürürlər… Mən bu cür münasibət görəndə o qədər də təəccüblənmirəm, təəssüflənmirəm. Bəlkə onlar qismən haqlıdırlar. Bəli, daha sanballı işlər görmək olardı. Lakin nə etmək olar? Biz indi bundan artığına qadir deyilik, həm də şərait yoxdur… Yubiley keçirmək olmur, ondan qala, başqa şey ola!
B.Franklin deyirdi ki, vaxt puldur, qızıldır. Bu baxımdan bəli, biz vaxtı o qədər də qiymətləndirmədik. Indi mən başqa ölkələrin təcrübəsinə baxıram. Elə bilirsiniz, oralarda hər şey asan olub? O qədər üzücü illər, aylar olub ki, insanlar depressiyaya düşüblər, artıq hər bir şeyin bitdiyini, tükəndiyini zənn ediblər.
Çoxumuzun ürəyində bir yaradıcı qığılcım var. Biz bu qığılcımı alovlandıra, şölələndirə bilmədik. Bəli, demək olar ki, nə qoyub getdiniz özünüzdən sonra? Etiraf edim ki, bu suala cavab vermək ildən-ilə çətinləşir… Mən demirəm ki, biz böyük bir binanın memarı olmuşuq. Yox, onun adidən də adi fəhləsi olmuşuq və indi görürük ki, bu binanı sökürlər. Buna baxmaq dəhşətdir. Bunları görəndə adam elə doğrudan da döyülmək istəyir… Amma bunların aqibəti bizimkindən də pis olacaq. Budur, Liviyada səhrada od püskürülür. M.Qəzzafinin “əmanətini” də, dondurulmuş 30 milyard dollarını da müvəqqəti hakimiyyətə vermək, onu tanımaq qərarlaşdırıldı! “Ekkleziast”da deyildiyi kimi: hər şey, gec olsa da, axır ki, öz dairəsinə qayıdır…
Mübarizə üçün daha nə etmək lazımdır?
Kimin gücü nəyə çatır, onu da edir – bir yazır, digəri mitinqə çıxır. O gün çox maraqlı fikrə rast gəldim: bir oyanmış adam yüz min yatan adamdan daha qüvvətlidir! Bizim də missiyamız budur – heç olmasa, bircə nəfəri oyatmaq, onu düşünməyə vadar etmək. Bunu hərə öz bildiyi tək edir. Kimi yazır, kimi də öz şəxsi nümunəsi ilə insanlara təsir edir. Effekt hər iki halda eynidir, elə bu səbəbdən özümüzü qınamayaq. Təbii ki, əvvəldə dediyim kimi, hamı çox istərdi ki, daha böyük iş görsün, daha böyük işin qulpundan yapışsın. Lakin nə etmək olar? Buna da şükr! Məgər ruslar təkcə yazmaqla ölkənin düz 100 illik dövrünü irəlidən müəyyən etmədilərmi? Hətta sosializmin də maraqlı şüarı vardı: hamıdan qabiliyyətinə görə, hamıya əməyinə görə! Düzdür, indi keçmişə münasibətdə bir nihilizm var, amma yaxşını niyə qeyd etməyəsən? Hətta daş belə, müəyyən bir həddə qədər yararlı olur, ondan qala, insan ola. Insanın da dözüm əmsalı var, bəli, hətta insanın da…