Nüfuzlu mükafatın əvvəlcə Rusiya baş nazirinə təqdim olunması nəzərdə tutulsa da, yaranan narazılıq qərarın ləğv olunmasına səbəb olub
Dünən Rusiya baş naziri Vladimir Putinlə bağlı çox ciddi bir qalmaqal yaşanıb. Belə ki, Almaniyanın siyasi mükafatı olan “Kvadriqa”nın Təşkilat Komitəsi 2011-ci il üçün mükafatın Vladimir Putinə təqdim olunması ilə bağlı qərarını ləğv edib.
“Frans Press” informasiya agentliyi bildirir ki, qərarın ləğv olunmasının səbəbi həm təşkilat komitəsinin bir neçə üzvünün, həm də kütləvi informasiya vasitələrinin məsələyə tənqidi yanaşmaşı olub. “Frankfurter Allgemenie” qəzetisə yazır ki, 2011-ci ildə sözügedən mükafatın təqdimatı olmayacaq.
Qeyd edək ki, “Kvadriqa” Werkstatt Deutschland- ın özəl təşkilatıdır. Mükafat ictimai-siyasi xadimlərə birliyin ekspertləri tərəfindən qəbul edilmiş “Maarifçiliyin yayılmasında nümunəvi olmaq, cəmiyyətin rifahına, səadətinə tərəfdar çıxmaq, məsuliyyətlilik və bu işlərə özünü həsr etmə” kimi keyfiyyətlərə görə, təqdim olunur. “Kvadriqa – 2011”in Putinə təqdimatı ilə bağlı qərar çıxarılarkən, təşkilat komitəsinin üç üzvü – “Yaşıllar”ın lideri Cem Özdemir, “Vikipediya”nın yaradıcısı Cimmi Ueyls və Qeydelberq Universitetinin tarixçisi Edqar Volfrum dərhal tədbiri tərk ediblər. Mükafatın Putinə təqdim olunması Werkstatt Deutschland-dan kənarda da ciddi tənqidə səbəb olub. Belə ki, Almaniya Federativ Respublikasının hökumətinin insan haqları üzrə müvəkkili Markus Leninq jürinin seçiminə narazılığını bildirərək, Putini demokratiyanın boğulmasında, azadlıqların məhdudlaşdırılmasında və Rusiyada korrupsiyanın səviyyəsinin artmasında günahlandırıb.
Qeyd edək ki, “Kvadriqa”nın Putinə verilməməsinə artıq Kreml də münasibət bildirib. Baş nazirin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, Werkstatt Deutschland-ın qərarı Moskva-Berlin münasibətlərinə kölgə salmayacaq.
Rəşad Alp