“Yeni Müsavat”ın dərc etdiyi ifadələr deyil, prokurorluğun yazdığı ittiham aktıdır”
“Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır”
Həbsdəki araşdırmaçı jurnalsit Xədicə İsmayıl cəmiyyətə yeni mesaj yollayıb. Bu barədə jurnalist Natiq Cavadlı özünün facebook səhifəsində məlumat paylaşıb. N.Cavadlı bildirir ki, X.İsmayıl həbsə düşəndən bəri ilk dəfə ona zəng edib. Söhbət zamanı X.İsmayıl ondan bəzi fikirlərinin ictimailəşməsini istəyib.
“Həbsə düşəndən sonra ilk dəfə Xədicə İsmayılla danışdım. Sevincimin həddi yoxdur. Hamıya salamlar söylədi. Lukaşenkonun siyasi məhbusları azad etməsini dedim, uğunub güldü. Neftin qiymətindən xəbəri var. Səsi gümrah idi.
Xədicə xanım xahiş etdi ki, cəmiyyətə çatdıraq: “Yeni Müsavat” qəzetinin dərc etdiyi ifadələr deyil, bu, prokurorluğun yazdığı ittiham aktıdır və orada onlara sərf edən yalanlar yazılıb, hətta ifadələr saxtalaşdırılıb, guya ifadələrdə belə söylənilir deyə ona saxta ittiham düzəldilib. Adamların ifadələrdə demədiyi sözlərə istinad olunub, yalan şərhlər və çıxarışlar edilib. Nəinki başqalarının, hətta onun öz ifadəsi orada yanlış və prokurorluğa lazım olan kimi qələmə verilir. Bu, saxta və uydurma bir sənəddir”, – deyə N.Cavadlı yazıb.
X.İsmayıl deyib ki, hətta prokuror ona iş istəyərkən də məhkəmədəki ifadələri saxtalaşdırıb və yalandan çıxarışlar edib. Ekspertlər də yalan danışıblar.
“Amma hətta qorxu və şantajla aldıqları ifadələr də doğrulmadı, “zərərçəkən” belə məhkəmədə ifadəsindən imtina etdi, onu hansı basqı altında verdiyini söylədi. Başqa cür ola da bilməzdi, çünki ortada heç bir cinayət yoxdur” – deyə X.İsmayıl bildirib.
X.İsmayıl sonda onun həbsinin gerçək səbəbindən diqqəti yayındırmaq cəhdlərina qarşı mövqeyini ifadə edib: “Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır. “Yeni Müsavat”a gəlincə, mən artıq ona “Səs” qəzeti kimi yanaşıram”.
Xatırladaq ki, bir neçə gün qabaq “Yeni Müsavat” qəzeti X.İsmayıla qarşı quraşdırılmış ittiham aktını dərc edib. Əlbəttə ki, ittiham aktı X.İsmayılı “cinayətkar” çıxarmaq üzərində qurulub və işin mahiyyəti baxımından orada maraq doğuracaq bir detal, sirr yoxdur. Prokurorluğun hazırladığı ittiham aktını qəzet hansı maraqla tirajlayıb, təbii ki, dəqiqi redaksiyanın özünə bəllidir. Lakin bu qəzetin buna qədər də bir neçə dəfə siyasi məhbuslarla bağlı işin həlledici məqamında hakimiyyətin arqumentlərini tirajlaması ortada müəyyən qəsdin olduğunu deməyə əsas verir.
Görünür, elə X.İsmayıl da məhz buna görə qəzetin tirajladığı ittiham aktının saxtalaşdırılmış ifadələrdən ibarət olduğunu vurğulamağa ehtiyac duyub.
İnformasiya şöbəsi