Vəfa Quluzadə: «Obama Rusiya qarşısında daha qətiyyətli mövqe sərgiləyib danışıqlarda təşəbbüsü ələ almalıdır»
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfəri neçə gündür ki, istər yerli, istərsə də xarici KIV-in əsas diqqət mərkəzindədir. Amma ilk baxışdan görünən odur ki, Lavrovun ABŞ-a səfəri zamanı Qarabağ probleminin həlli ilə bağlı elə bir ciddi nəticə əldə olunmayıb. Yayılan məlumatlarda yalnız o qeyd olunur ki, ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ məsələsində göstərdiyi səylərə görə Rusiya xarici işlər naziri Sergey Lavrova təşəkkür edib. Obama ABŞ-ın baza prinsiplərinin qəbuluna nail olmaq istiqamətində öhdəliyini bir daha qeyd edib.
Politoloq Vəfa Quluzadə bildirdi ki, əslində Qarabağ məsələsinin müzakirəsi barədə yayılan informasiyadan da görünür ki, Lavrovun səfəri nəticəsiz olub. Lavrovun görüş zamanı yenidən köhnə arqumentlərə qayıtdığını istisna etməyən V.Quluzadə vurğuladı ki, Rusiya həmişə tərəflərin status məsələsində razılığa gəlmədiyini müzakirə predmeti edir: “Ermənistan Qarabağ üçün müstəqillik tələb edir, Azərbaycan isə ərazi bütövlüyünün təminini istəyir. Və hər dəfə Amerika Rusiya rəsmilərinin reallığa səhv yanaşmasına göz yumurlar. Ona görə Obama Rusiya qarşısında daha qətiyyətli mövqe sərgiləyib reallıqları qəbul etməlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bütün bu olayların da arxasında Rusiya dayanır. Nə qədər bütün bunlar etiraf olunmur, münaqişənin həlli uzaqdır”.
Rusiyanın hələ Qarabağ probleminin çözülməsini istəmədiyini deyən V.Quluzadə bildirdi ki, ABŞ isə Qarabağ danışıqlarında təşəbbüsü tam ələ almağa tələsmir. Çünki bu zaman ABŞ Rusiya ilə başqa tonda danışmalıdır. Bunun üçün isə görünür, geosiyasi situasiya hələ yetişməyib: “Azərbaycan böyük dövlət deyil. Azərbaycan potensialına görə Ermənistandan qat-qat güclüdür. Müharibə başlayanda da belə idi. Biz erməniləri əliyalın torpaqlarımızdan çıxara bilərdik, amma Ermənistanın arxasında Rusiyanın dayanması bunu mümkünsüz etdi”.
Xəyal