Fuad Qəhrəmanlı
22 il öncə AXCP-nin xələfi olan AXC bugünkü tarixdə ilk təsis toplantısını keçirib. 22 il tarix üçün o qədər də böyük müddət sayılmasa da bu tarixi günbəgün, aybaay yaşayan nəsil üçün yetərincə uzun zamandır. Nəzərə alsaq ki, bu zaman sadəcə olaraq sivil qaydalarda keçirilən seçki kampaniyaları, gündəlik siyasi fəaliyyət çərçivəsinə sığışan tarix olmayıb; Qarabağ savaşından tutmuş, SSRI adlı imperiyaya qarşı meydan mübarizələrini, 1 illik hakimiyyətin çalxantılarından tutmuş Əliyevlər rejiminin siyasi represiyalarına qədər ölümü, həbsləri, ağır həyat mərhumiyyətlərini içinə alan və hələ də sürdürülən ağır mübarizə dönəmini əhatə edir. Onda 22 ilin təkcə bu partiyanın deyil, cağdaş Azərbaycanın siyasi tarixi olduğu gerçəyini də qəbul etməliyik. Bu yazıda biz ənənəvi yubiley mərasimlərinə xas olan “bəy tərifindən” uzaq, başqalarına subyektiv görünə biləcək cəbhəçi siyasi kimliyindən doğan hisslərlə deyil, daha çox tarixi və politoloji təhlillə AXC-nin 22 illik varolma prosesini dəyərləndirməyə çalışacağıq. Bu dönəmi yaşamış və hadisələrin iştirakçısı, şahidi olmuş insanlar üçün xronologiyalar sadalamaq, olmuşları təkrarlamağa zənnimcə, ehtiyac yoxdur.
22 il öncə AXC
22 il öncə Sovet rejiminin son illərində çağdaş Azərbaycan tarixinə ilk addımlarını atan AXC keçmiş SSRI məkanında sovet rejiminə qarşı başlanmış demokratik və milli azadlıq hərəkatı dalğasında meydana gəlmiş ilk kütləvi hərəkat idi. Kütləvi siyasi hərəkat kimi yaranan AXC Azərbaycan tarixində meydana çıxan ilk spontan inqilabi proses idi. O zamana qədər heç bir inqilabi prosesin yaşanmadığı Azərbaycanda AXC-nin meydana çıxması mövcud idarə üsuluna zidd sosial və siyasi dəyərləri özündə əks etdirən yeni bir fenomen idi. Bu fenomen Sovet ideologiyası ilə Azərbaycan xalqına sırınmış, əslində isə bizim iştirakımız olmadan Qızıl ordunun işğal süngüləri ilə bu ölkəyə gətirilmiş “Böyük Oktyabr inqilabına” qarşı Azərbaycan xalqının ilk əks inqilabı, özü də əsl xalq inqilabı idi. Bu mənada AXC-nin meydana gəlməsini XX əsr Azərbaycanının ilk inqilab tarixinin başlanğıcı kimi dəyərləndirmək olar. Çünki bu hərəkat qarşısına qoyduğu milli azadlıq və demokratik dəyərlər ilə mövcud quruluşu dəyişməyi hədəfləyirdi…
AXC nə qədər vahid strukturu olan təşkilat idisə, bir o qədər də struktur çərçivəsinə sığmayan, spontan, bir təşkilatın hüdudlarını aşaraq bütövlükdə cəmiyyətə nüfuz etmiş qurum idi. Bu baxımdan AXC bugünkü anlamda klassik partiya tərifinə uyğun olaraq bir partiyanın – hissənin deyil, sözün əsl mənasında xalqın özünütəşkil forması idi. Nə qədər doğru olub olmadığı dartışmalı olsa da, məncə, AXC totalitar siyasi rejimə qarşı meydana çıxmış xalq totalitarizmi idi. O zamanlar AXC-nin heyrət ediləcək kütlə gücünə sahib olması ona mövcud siyasi hakimiyyətdən daha geniş təsir imkanı və nüfuz qazandırmışdı. Sosial bütünləşmənin və həmrəyliyin bu formasında toplum milli şəxsiyyətə çevrilir ki, həmin dövrdə də Azərbaycan xalqının milli şəxsiyyətinin ifadəçisi və təmsilçisi AXC idi…
20 il öncə əsası qoyulan AXC-nin meydana çıxması Azərbaycan xalqının millətləşmə prosesinin əsasını qoydu. Məhz AXC ilk dəfə olaraq XX əsrdə Azərbaycan xalqını əsrin əvvəlindən Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının ortaya qoyduğu istiqlalçılıq ideyası ətrafında birləşdirərək, onu müasir demokratik dəyərlər uğrunda mübarizəyə qaldırmağa müvəffəq olmuşdu. Bu mübarizə təkcə istiqlaliyyətin və demokratik dəyərlərin əldə olunması ilə məhdudlaşmırdı, həm də Azərbaycan xalqının bu dəyərlərlə iradəsini ifadə edəcək milli dövlətə sahib olması uğrunda idi…
AXC öz yaranışı ilə Azərbaycan xalqının müasir dünyanın çağdaş siyasi mədəniyyət səviyyəsinə uyumlu, fərqli siyasi düşüncə və ideologiyaları öz bünövrəsində tolerantlıqla birləşdirən, böyük ümummilli qərarları siyasi konsensus əsasında qəbul etməyi bacaran təşkilat qurmaq yetənəyinə və səviyyəsinə sahib olduğunu, özü də bunu ən çətin və ağır şərtlər altında bacardığını nümayiş etdirdi. O zaman AXC-də millətçi, liberal, sosial demokrat dünyagörüşünün daşıyıcıları bu qədər fərqlilikləri bir arada tutaraq eyni hədəf və məqsəd uğrunda mübarizə aparırdılar. Bu özünəməxsusluğu ilə AXC təkcə bir partiya olmayıb, həm də Azərbaycanın o zamankı gənc vətənpərvər ziyalılarının yaratdığı siyasi məktəb idi…
AXC-nin yaranmasını şərtləndirən səbəblərdən biri də Qarabağın işğalı və o zamankı SSRI rəhbərliyinin buna göz yummasından yaranan qəzəbin doğurduğu ümumxalq etirazı idi. O zaman AXC-nin könüllüləri Qarabağda erməni təcavüzünə qarşı vətənlərini müdafiə edirdilər. Bu baxımdan Xalq Cəbhəsi siyasi təşkilat olmaqla bərabər, həm də xalqın özünümüdafiə qurumu idi. Bu missiyanı uzun müddət davam etdirən Xalq Cəbhəsi sıralarından yüzlərlə şəhid verərək siyasi fəaliyyətlə yanaşı, həm də vətənin müdafiəsi vəzifəsini yerinə yetirirdi. Bu baxımdan AXC öz şərəfli tarixi ilə həm də Azərbaycanın qəhrəmanlıq tarixinin salnamələrindən birinə çevrilmişdir.
AXC-dən danışıb onun ilk sədri Əbülfəz Elçibəyi xatırlamamaq mümkün deyil. O zamankı AXC ilə Əbülfəz bəy arasında o qədər doğmalıq və oxşarlıq var idi ki, sonralar AXC dəyişəndə Əbülfəz bəy bu bənzərliyi dəyişmədən onu sonadək, sadiqliklə qoruyub saxladı. Əbülfəz bəy təmənnasızlığı, xalqına olan böyük sevgisi və onu sovet rejiminə qarşı gizli mübarizənin təşkilatçısına çevirmiş qibtə olunacaq idealizmi ilə, siyasətçidən daha çox xarizmatik kütlə lideri idi. Sadəliyi və səmimiliyi ilə sadə insanların özünə daha yaxın saydığı və sevdiyi Əbülfəz bəyin xarakterindəki, bəlkə də bir çox hallarda qədərindən artıq dözümlülük, siyasətin təbiəti ilə uymayan həlimliliyi onu siyasi tərəf olmaqdan çıxarıb, hər kəs üçün qəbuledilən bir lider kimi təşkilatdaxili qruplaşmaların fövqünə qaldırmışdı. Bu, o zaman üçün AXC-nin təbiəti ilə harmoniyada olan özünəməxsus liderlik institutu sayıla bilərdi.
1 illik iqtidar dönəmi
AXC-nin 1 illik iqtidarı Azərbaycan tarixinə milli hakimiyyət dönəmi kimi daxil oldu. Bu hakimiyyətin milli olması onun müasir Azərbaycan tarixində ilk və hələ ki, son dəfə xalqın, demokratik yolla seçməsində və milli iradəni əks etdirməsində idi. Mərhum Əbülfəz Elçibəyin prezident seçilməsi, təşkilat rəhbərliyinin “hakimiyyətin qaynağı xalq olmalıdır” tələbinin Azərbaycan mentalitetində və Qərblə siyasi təmasların zəif olduğu bir dönəmdə bu ölkədə gerçəkləşdirildiyinin təkzibolunmaz dəlilidir. Hakimiyyət təcrübəsinin olmaması, bir ictimai formasiyadan digərinə keçid anının gətirdiyi siyasi, sosial, mədəni, psixoloji və s. dağınıqlıqlar dövründə AXC hakimiyyətinin atdığı uğurlu addımlar əslində bu iqtidarın Azərbaycana xidmət niyyətinin və arzusunun qarşıdakı ağır şərtlərdən daha güclü olduğunu və buna görə də bu iqtidarın təkcə qaynağına görə deyil, həm də məqsəd və fəaliyyətinə görə də xalq hakimiyyəti olduğunu göstərməkdə idi. Erməni və Rus hərbi ittifaqına qarşı döyüşərək yenicə formalaşmaqda olan ordumuzun Xankəndinin 11 km.-nə qədər gedib çıxması, təhsil sistemində test kimi uğurlu metodun tətbiqi, Rus ordusunun Azərbaycandan çıxarılması, ilk milli pul vahidinin dövriyyəyə buraxılması, kadr siyasətində və idarəetmədə korrupsiyanın aradan qaldırılması, siyasi plüralizmin və azadlıqların təmin olunması və s. çoxsaylı, əslində 1 il üçün yetərincə çox görünən uğurlar Xalq Cəbhəsi hakimiyyətinin qısa dönəm mənzərəsidir. Təkcə bu günün reallıqları baxımından çətin anlaşılan bir nümunəni göstərmək kifayətdir ki, AXC iqtidarının işdən çıxardığı keçmiş kommunist rəhbərliyinə aid yüksək vəzifəli onlarla şəxs, elə o dönəmdə məhkəmə qərarı ilə öz vəzifələrinə bərpa olunmuşdular. Bu, iəhkəmələrin müstəqilliyinin o dönəmə aid maraqlı örnəyidir. Və ya AXC-nin orqanı sayılan “Azadlıq” qəzetində elə AXC hakimiyyətinin açıq tənqid olunması, söz azadlığının və fakir plüralizminin klassik nümunəsi idi. Bu gün gözləri yağır etmiş Heydər Əliyev heykəlləri və plakatlarından fərqli olaraq mərhum prezident Əbülfəz Elçibəyin şəkli, hətta nazirlərinin iş otaqlarına belə, asılmamışdı. AXC hakimiyyətində korrupsiya o səviyyədə minimuma endirilmişdi ki, bütöv iqtidar komandasında yalnız ən aşağı eşelonda 1-2 nəfər tapmaq olardı ki, adı korrupsiyada hallansın. Müqayisə üçün yenə də qeyd edək ki, indiki Əliyevlər hakimiyyətində yuxarı eşelonda elə 1-2 nəfər tapmaq olmaz ki, adı korrupsiyada hallandırılmasın.
Gəlişi ilə idarəetməyə bir sıra yeni müsbət keyfiyyətlər, baxışlar gətirən, ölkədə demokratiyaya təkan verən addımlar atmağa başlayan AXC-nin hakimiyyəti çox təəssüf ki, o zamankı siyasi-hərbi müxalifətin, xüsusilə Heydər Əliyevin milli hökuməti gözü götürməyən iç-dış güclərlə əlbir olub, müharibə aparan bir dövlət başçısına və rəhbərliyinə qarşı qurduğu çirkin siyasi oyunlar və bunun nəticəsində 4 iyun 1993-cü ildə baş verən hakimiyyət çevrilişi səbəbindən qısa sürdü. Bununla da, Azərbaycan xalqı XX əsrin sonlarında bəxtinə düşmüş tarixi inkişaf şansını itirdi. Əvəzində isə Əliyevin avtoritar tayfa hakimiyyəti, demokratiyaya, insanlığa qarşı olmazın repressiyalar başlandı.
Demokratiya uğrunda mübarizə
1993-cü ildən başlayan müxalifətçilik dönəmi həm Azərbaycan, həm də AXC üçün olduqca çətin, ağır mərhələ oldu. Müasir Azərbaycan siyasi tarixinin yaradıcısı olan təşkilat hakimiyyətdən devrildikdən sonra çox böyük təzyiq və repressiyalarla üzləşdi. Yüzlərlə cəbhəçi Heydər Əliyev iqtidarının müxtəlif qondarma ittihamlarıyla həbs edildi, işdən çıxarıldı, ən müxtəlif formalarda təzyiqlərə məruz qaldı. AXC hədəf seçilməklə, əslində Azərbaycan xalqının gözü qorxudulmağa, bu yolla da demokratik proseslər boğulmağa çalışıldı.
Azərbaycanda müxalif fikrin intellektual ifadəsindən tutmuş, meydanlarda davamlı kütləvi aksiyaların təşkilinə qədər geniş spektrli fəaliyyət nəticəsində AXCP ictimai rəydə islahatçı, müasir tipli, rasional qərarlarla idarə olunan yenilikçi partiya imici qazandı. Belə bir həssas dönəmdə AXCP sədri Əbülfəz Elçibəyin dünyasını dəyişməsi və bunu fürsət bilən iqtidar və müxalif çevrələrin birləşərək AXCP-dəki mühafizəkar qanadı partiyadan ayrılmağa təhrik etməsi nəticəsində təkcə partiyada deyil, bütövlükdə müxalifət düşərgəsində uzunmüddətli gərginlik dönəminin yaşanmasına səbəb oldu. Əli Kərimlinin partiya sədri seçilməsi ilə bu böhranı aşan AXCP 2000-ci ildə keçirilmiş parlament seçkisində parlamentdə iştirak imkanı qazandı.
Ötən bu müddət AXCP üçün heç də əvvəlki dövrlərdən asan olmayıb. Əliyevlər rejiminə qarşı mübarizənin önündə olan partiya 2003-cü ilin prezident seçkisində müxalifətin birliyi naminə onu tanımadığın bəyan edən Müsavat partiyasının namizədini birtərəfli qaydada müdafiə etmək təşəbbüsü ilə çıxış etdi, daha sonra 2005-ci ilin parlament seçkisində əsas müxalifət partiyalarının “Azadlıq” blokunda konsolidasiyasına nail ola bildi. Bu təşəbbüsü ilə AXCP Azərbaycan siyasətində birlik düşüncəsini siyasi sistemə daşıyan və bunu gerçəkləşdirmək iqtidarında olan konstruktiv siyasi qüvvə olmasını növbəti dəfə göstərmiş oldu. Həmin seçkilərdə həmişəki kimi nəticələr saxtalaşdırılsa belə, müxalifət ilk dəfə əldə etdiyi hüquqi sənədlərlə səslərin çoxluğunu qazandığını təsdiqləmiş oldu. Bununla bağlı bir məqamı xüsusi olaraq vurğulamağa ehtiyac var ki, məhz həmin dövrdə AXCP sədri Əli Kərimlinin qərarı ilə seçki saxtakarlığına etiraz edən mitinqçilər meydanda qalmaq qərarı verdilər. Düzdür, meydan hakimiyyətin vəhşi zorakılığı ilə dağıdılsa da, əslində bu qərar Azərbaycan müxalifətini Gürcüstan və Ukraynada demokratik dəyişikliklərə yol açmış cəsarəti göstərə bilməmək ittihamlarından xilas etdi. Sonrakı dönəmdə 2008-ci ildə keçirilən prezident və 2010-cu ildə keçirilən parlament seçkilərində müxalifətin bir araya gələrək rejimin seçki saxtakarlığının ifşa olunmasında və beynəlxalq səviyyədə bu saxtakarlığın təsbit olunmasında AXCP müstəsna rol oynadı və parlament seçkisində faktiki alınmış səslərin nisbəti ilə mövcud iqtidara alternativ olaraq cəmiyyətdə böyük dəstəyə sahib olduğunu göstərdi.
AXCP-nin apardığı mübarizədə verdiyi itkilərdən biri də demokratiya uğrunda mübarizədə bəzilərinin bu mübarizənin ağırlığına sonadək davam gətirə bilməyib müxtəlif motivlərlə sınması, mübarizə meydanını tərk etməsidir. Iqtidarın bunu AXCP-ni yolundan, apardığı mübarizədən çəkindirmək vasitəsi kimi istifadə etməyə çalışmasına rəğmən, Xalq Cəbhəsi öz prinsiplərinə və demokratiya uğrunda mübarizə əzmi ilə itkilərin yerini hiss olunmadan dolduraraq özünəməxsus passionarlığı ilə mübarizə əzmini sürdürməkdədir.
Bu gün Azərbaycan cəmiyyətinin demokratik potensialını Ictimai Palata formatında səfərbər etməklə demokratik dəyişikliklərə nail olmaq uğrunda mübarizə aparan AXCP üzvləri bu yolda məhbus taleyi yaşamalı olsalar da, partiya öz liderindən tutmuş, sıravi üzvünədək qarşıya qoyduğu məqsədləri gerçəkləşdirənədək israrla mübarizəni davam etdirmək əzmindədir.