Yaxud, "Yeni Müsavat"ın naməlum transferləri
Etiraf edək ki, ölkənin gündəmi çox parıltılıdı. Hər gün yeni xəbərlər, yeni şər-böhtanlar, yeni xəyanətlər, yeni cahilliklər haqqında məlumat əldə edirik. Bir təfədən sosial-iqtisadi vəziyyətin ağırlaşması,o biri tərəfdən satılmışların yüngülləşməsi prosesi gedir. İndi neftin qiymətinin düşüb-qalxması qədər, AXCP-yə kimlərin gəlib-getməsi də önəmli məsələdir.
Məsələn, "Yeni Müsavat"ın medallı redaktoru özü üçün ayrıca bir AXCP yaradıb. Bəli, Rauf Arifoğlu qəzetini AXCP-nin həyat və yaradıcılığına həsr edib. Son günlər isə narazıların kralı kimi çıxış edən Razi Nurullayevin "qırıq qoşunu"nun BMM-dəki "parad"ı əməkdar jurnalistin fantaziyasını daha da gücləndirib. Rauf Arifoğlunun medalı o qədər güclü olub ki, yeni-yeni "cəbhəçi"lər icad eləyib. İndi də aləmə xəbər yayıb ki, AXCP-dən 5 nəfər istefa verib. Məsələ burasındadır ki, həmin 5 nəfəri partiyada tanıyan yoxdur. Deyəsən, AXCP-də "gözəgörünməz üzvlər" şöbəsi fəaliyyət göstərir və bu üzvlər ancaq Raufun gözünə görünür. Bugünlərdə eşitsəniz ki, "Yeni Müsavat" qəzeti "AXCP sədri istefa verdi" başlıqlı yazı dərc edib, təəccüblənməyin. Əməkdar olmağın belə "şedevr" görsənişləri də olur. Bir sözlə, Raufun qəzetində AXCP dağılır. AXCP -də isə hakimiyyətin darmadağın etdiyi bu əlaltılara baxıb "Allah sizə şəfa versin" deyirlər. Rauf hakimiyyətin realda edə bilmədiyini, virtualda edib təsəlli tapır. Bu medalın neçə üzü var imiş ilahi!
Amma etiraf edək ki, adam işləyir, ortaya nəticə qoyur, AXCP-ni gündəmdən düşməyə qoymur. Verilən medalı haqq edir. Bir tərəfdən AXCP-dən qovulmuşları qəzetin "müsahibə" bölməsinin qonağı edirsə, o biri tərəfdən yeni növ "cəbhəçi"lər ixtira edir.
Adamın əlində əlacı olsa Almaniyada, Fransada, ABŞ-da istefa vermiş siyasitçilər haqqında da "Con AXCP-dən istefa verdi", "Maykl Əli Kərimliyə üsyan etdi", "Tomas AXCP-ni parçalayır" başlıqlı yazılar dərc edər.
İndi həyat bütünlükdə onun gözünə AXCP kimi görünür. Bəlkə də dəfələrlə yuxudan "AXCP-dən kim istefa verdi" deyə qışqıraraq oyanıb. Çünki, bugün ona verilən dəyər, tanınan imkanlar məhz AXCP-yə görədir. O, əməkdar jurnalist kimi özünü hansısa araşdırma yazıları ilə yox, Əli Kərimliyə qarşı "sveji" böhtanları ilə təsdiqləməlidi.
Amma biz paxıl adamlar deyilik. Bu qərara gəldik ki, medallı redaktora möhtəşəm bir ideya verək. Bir halda ki, "Yeni Müsavat" qəzeti cəbhəçi olmayanları partiyadan istefa verdirir, bir halda ki, rayon şöbəsindən 5 nəfər naməlum cəbhəçini Razinin dəstəsinə keçirir, bizə də düşən bu "fədakar", "zəhmətkeş" jurnalistə yardım etməkdi. Məsləhət görürük ki, Rauf Arifoğlu qəzetin növbəti saylarında 5 nəfərin deyil, 100 nəfərin istefa verdiyini, Bakı şöbələrinin bütövlükdə Raziyə pənah apardığını tirajlasın. Yoxsa, 5-3 nəfərin istefası ilə bu boyda partiyanı dağıtmaq çətin olacaq.
Ona görə də 5 nəfəri 500 nəfərlə əvəzləsin və dincəlsin. Yaxud, səhər "Yeni Müsavat"ın manşeti " AXCP mühacirətə getdi" olsun. Beləliklə, əməkdar jurnalist virtual aləmdəki "qələbə"si ni qeyd edər və bütün cəbhəçilərin "istefa"sına nail olar.
Cənab əməkdar, sizə başqa necə kömək edə bilərik?
Bəlkə, sabah özünüz AXCP-dən istefa verəsiniz. Onsuz da istefa verənlərin də cəbhəyə aidiyyatı yoxdur. Başlıq da belə olsun " Rauf Arifoğlu AXCP-dən istefa verdi".
Deyəsən xoşuna gəldi!