Sabiq deputatın şirkətində çalışan şəxsdən ilginc iddialar
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə sabiq deputat Dünaymin Xəlilovun nəzarətində olan “General Construction” şirkətinin dəftərxana işçisi Ramiz Kərimovun oğlu Cəmil Kərimov “Azadlıq”a müraciət edib.
Hər halda bu şəxs özünü belə təqdim edir və yazır ki, atası Beynəlxalq Bankla “kredit qalmaqalı”na görə həbs edilib. Onun sözlərinə görə, atası barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Cəmil Kərimov bildirir ki, atası artıq 3 aydır Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. Onun iddiasına görə, atasının həbs olunmasında birbaşa günahkar Dünaymin Xəlilovdur: “Dünyamin Xəlilov atamı ”Aztorq" MMC-nin təsisçisi etmişdi. Amma atam faktiki olaraq “General Construction”da dəftərxana işçisi idi. Məni də “Aygün Inşaat”ın direktoru təyin etmişdi. Amma mən şirkətdə elektrik işləyirdim. Məni də, atamı da DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparmışdlar. Məni 15 gündən sonra buraxdılar. Atama isə 4 ay həbs verdilər. Atamdan başqa şirkətin 7 işçisi həbsdədir. Onların heç bir təqsiri yoxdur. Pullar Dünaymin Xəlilov tərəfindən götürülüb. Bu adamlar isə sadəcə girov saxlanılır. Dünyamin Xəlilov nə vaxt pulları qaytarsa, onları buraxacaqlar".
Cəmil Kərimov xahiş edir ki, ictimaiyyət baş verən haqsızlığa diqqət etsin. “Bizim haqq səsimizin yayılmasına yardım edin. Qoy bütün ölkə, prezident də bu insanların günahsız olduğunu bilsin”, – deyə Cəmil Kərimov bildirir.