Dünən “Azadlıq” qəzetində Heydər Əliyevin əmisi nəvəsinin müraciəti çap olunub. Səttar Əliyev ad-soyadlı bu yoldaş, müraciət vasitəsilə Ilham Əliyevdən qohumluq əlaqələrinin bərpasına kömək istəyir.
Ötən sayımızı oxuyanlar məsələni detallı şəkildə bilirlər, ona görə də təkrar yazıb, başağrısı vermək istəmirəm. Əslində müraciət məni xeyli pərişan elədi. Çünki biz bu saat Azərbaycanı Əliyevlərdən xilas etmək üçün əlimizdən gələni etməyə çalışırıq. Yazırıq, döyülürük, söyülürük, həbslərdə çürüdülürük, ölkədən qovuluruq, min cür məhrumiyyətlərlə qarşı-qarşıya qalırıq, amma bir ucdan da ortaya yeni-yeni Əliyevlər çıxır, bu gün başımızda oturanlar azmış kimi, onların təzə qohum-əqrəbaları da peyda olur. Bu adamda bir az ümidsizlik, depressiya yaradır. Istər-istəməz fikirləşirsən ki, mübarizə-zad boş şeydi, bunların axırına çıxmaq mümkün deyil, neft tükənər, amma Əliyevlər bitib-tükənməz.
Yeni Əliyevə Əliyevçiliyin xisləti haqqında
Səttar Əliyev müraciətində yazır ki, 93-cü ildən bəri ata-oğul Əliyevlərə dəfələrlə məktub yazsa da, heç bir cavab yoxdur. Fəhləliklə məşğul olan yeni Əliyev əmindir ki, onun məktubları heç vaxt möhtərəmlərə çatdırılmayıb, əks halda çoxdan həm ata, həm oğul Əliyev ona, onun uşaqlarına qucaq açmış, qohumluğu bərpa etmişdilər.
Səttar Əliyev səmimi-qəlbdən belə düşünürsə, əminəm ki, o, hakim tayfanın ən sadəlövh nümayəndəsidir. Onun məktubları şübhəsiz, vaxtilə Heydər Əliyevə çatdırılıb, indinin özündə isə Ilham Əliyevə çatdırılır. Bu müraciətlərin cavabsız qalmasının isə bircə səbəbi var: Əliyevlərə məxsus kin, qəzəb. Əgər Səttar Əliyev 93-cü ilə qədər ata Əliyevi bir dəfə axtarıb-arasaydı, bir baş pendir, yarım şaqqa qoyun əti götürüb Naxçıvana getsəydi, indi o hakim ailənin ən sevimli üzvlərindən idi. Amma sən 93-cü ilə qədər bircə dəfə də dahi rəhbəri axtarma, belə bir əmin nəvəsi olduğunu unut, sonra da o ikinci dəfə hakimiyyətə gəlsin, sən də qalx de ki, gəl qohumluğu bərpa edək. Burnu fırtıqlı bağça uşağı da bilir ki, Əliyevlərin bütün təfəkkürü, düşüncəsi şəxsi sədaqət üzərində qurulub. Vaxtilə bunlara bir qurtum su vermiş adamlar indi barrel-barrel nefti ona görə içə bilirlər.
Bir sözlə, Səttar Əliyev bilməlidir ki, dünən Heydər Əliyevə, bu gün Ilham Əliyevə ətək-ətək məktub yazmaq yerinə, vaxtında Naxçıvana getmək lazım idi.Və məndən yeni Əliyevə bir məsləhət
Sonda Səttar Əliyevə kiçik bir məsləhətim olacaq, baxmayaraq ki, yaşca məndən çox böyükdür, bir az yaxşı düşmür. Amma bir halda ki, bu Əliyev o Əliyevlərdən deyil, onlarla müqayisədə xeyli sadəlövhdür, inanıram, bu məsləhət ona çox yarayacaqdır.
Səttar müəllim, deyirlər, hər zərərdə də bir xeyir vardır. Madam ki, 18 ildir bütün cəhdlərinizə baxmayaraq, hakimiyyətin təpəsində oturan əqrəbanızla yaxınlaşmaq, qohumluğu bərpa etmək istəyiniz havada qalıb, gəlin bir də buna yaxşı gözlə baxaq. Deyək ki, sizin məktublarınıza müsbət cavab verildi və bunlar sizi də çəkib öz yanlarına apardılar, bəs sonra? Yəqin millətin sərvətlərinin bir tərəfindən də siz düşüb yağmalamağa başlayacaqdınız, bir ailənin talanlarına, cinayətlərinə siz də şərik olacaqdınız, adınız dürlü-dürlü korrupsiya ittihamlarına bulaşacaqdı, rejimə xalq nifrətinin və qəzəbinin ortağına çevriləcəkdiniz, gec-tez xalq sizdən, övladlarınızdan oğurladıqlarınızın hesabını istəyəcəkdi, üstəlik, Tarix və Tanrı qarşısında da sorğulanacaqdınız.Amma indi nə gözəl fəhləliklə məşğul olursunuz, alnınızın təri, əlinizin qabarı ilə bir tikə çörəyinizi qazanırsınız, adınızı heç bir çirkaba bulaşdırmamısınız, boğazınızdan haram tikə keçirmirsiniz. Məncə, siz boş verin məktubları, müraciətləri, elə bu təmizliyinizin, halallığınızın qeydinə qalın. Ki, enində-sonunda bir insandan geriyə qalan da zatən elə bunlardır.
Tale üzünüzə gülüb, indiyədək qohumluğu bərpa etmək mümkün olmayıb. Bunu qiymətləndirin, məncə. Sonra özünüz də, övladlarınız da buna görə taleyinizə çox minnətdar olacaqsınız.
Məndən bu qədər, gerisini siz düşünün, ona görə qərar verin.