Rəsmi mətbuatdakı antiABŞ təbliğatı dövlət başçısının məktubunda xatırlanmadı
Azərbaycanın dövlət başçısı Ilham Əliyevin ABŞ prezidenti Barak Obamaya göndərdiyi təbrik məktubunda bir sıra məqamlar maraq doğurur. I.Əliyev Amerikanın Müstəqillik Günündə ünvanladığı məktubdakı kimi budəfəki məktubda da Azərbaycanın Vaşinqtonla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Rəsmi təbliğatda aparılan kampaniyadan fərqli olaraq hər iki məktubda Azərbaycanın ABŞ-ın dəstəyinə ehtiyac duyduğunun altı cızılır. Hətta bəyan olunur ki, Qarabağ münaqişəsinin həllində Azərbaycan ABŞ-ın səylərinə güvənir.
Bəs bu bəyanatlarında I.Əliyev nə dərəcədə səmimidir? Verilən açıqlamalar regionda baş verənlərin fonunda da maraq doğurur. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə hazırda ABŞ-la münasibətlərini yoluna qoymaqdadır. Əgər bu əlaqələr Türkiyədə seçkilər keçirilənə qədər gərgin idisə, seçkidən sonra Türkiyədə cəryan edən proseslər Vaşinqtonla əməkdaşlığı gündəmə gətirdi.
Bundan başqa, Iranla əlaqələr də yoluna qoyulmaqdadır. Qərbin Iranla münasibətləri yoluna salması region üçün yeni perspektivlər vəd edir. Bu isə Azərbaycan hakimiyyətindən də müəyyən addımların atılmasını tələb edir.
Ekspertlərin fikrincə, əslində I.Əliyevin məktubu ilə daxildə aparılan siyasət arasında ziddiyyətin olması onu deməyə əsas verir ki, dövlət başçısı Obamaya ünvanladığı ifadələrdə səmimi deyil. Çünki, daxildə yürüdülən repressiv siyasət, siyasi məhbus probleminin daha da dərinləşməsi, beynəlxalq tələblərin qulaqardına vurulması onu deməyə əsas verir ki, hakimiyyət Qərblə əməkdaşlıqda o qədər də maraqlı deyil. Bundan başqa, hakimiyyət mediası ABŞ təmsilçilərinin son zamanlar Azərbaycana intensivləşən səfərlərini əlaqələrin normallaşması kimi təqdim edir. Amma münasibətlərin normalaşması beynəlxalq birlikdən insan haqları və demokratiya ilə bağlı tələblərin dayanması demək olardı. Amma bu baş vermir. Əksinə, ABŞ təmsilçiləri Azərbaycanla əlaqələrin gələcəyinin məhz bu dəyərlərə münasibətdən asılı olduğunu vurğulayır.
Bundan başqa, dövlət başçısı məktubunda vurğulayır ki, Azərbaycan Qarabağ probleminin həllində ABŞ-ın dəstəyinə arxalanır. Amma elə bir məqamı qeyd etmək kifayətdir ki, bu tezisin də əsassız olduğu sübuta yetirilsin. Əgər Azərbaycan münaqişənin həllində ABŞ-ın addımlarını dəstəkləyirsə, bəs o zaman nəyə görə Amerikalı həmsədrin “işğal altında olan Azərbaycan torpaqları azad edilməlidir” bəyanatını rəsmi Bakı sükutla qarşıladı? Bu bəyanatdan dərhal sonra Elmar Məmmədyarov ABŞ-a deyil, Rusiyaya səfər etdi?
Hakimiyyət mətbuatında aparılan təbliğat da onu deməyə əsas verir ki, iqtidar münaqişə ilə bağlı daha çox Rusiyanın mövqeyini nəzərə alır. Elə məhz “Qarabağda aparılacaq ildırım sürətli müharibənin” Rusiyanın göz yumacağı təqdirdə reallaşa biləcəyinin altını cızır.
Məktubun səmimiliyinə daha bir “sübutsa” ABŞ-ın Müstəqillik günü ilə bağlı tədbirdə Azərbaycan hökuməti adından təbriki idman nazirinin müavininin çatdırması idi.
Hikmət