Rejimin Şəki repressiyaları
Xalqa çoxsaylı yamanlıq “xidmətləri” üzündən səksəkə içində yaşayan Italiya diktatoru Mussolini tez-tez deyərmiş: “Yaşamaq qorxuludur”. Yaşamaq hamı üçün qorxulu olmur. Demokratik liderlər, dövlət başçıları – qanunçuluğa söykənən düz yollu kimsələr qorxu bilməzlər. Despot-diktatorlar, korrupsioner rejim adamları – yolsuzluq yolçuları üçün yaşamaq qorxulu olur – etdikləri çoxsaylı yamanlıqlara görə!
başlanğıcı ötən saylarımızda
Cahangir Hacıyevin cinayətləri üzündən, deyilənə görə, Şəkidə yüzdən artıq adam tutulub. C.Hacıyev bu adamların adına 10 milyon manatlarla (yüz milyondan danışanlar da var) krediti yoxa çıxarıb. Şəkidə mənə verilən bilgiyə görə, tutulanlar arasında o kredit mənimsəmələrinə gerçəkdən ortaq olanlar da var, olmayanlar da. Iş bu olub-olmamaqdan çox hakimiyətin-dövlətin özünün kriminal xarakter daşımağındadır. Korrupsiyaya qarşı mübarizə idarəsi bugünlərdə hesabat yaydı. Bu hesabata görə, Azərbaycanda ən çox korrupsiyalaşmış alanlar bunlardır: aqrar sektor, sağlamlıq, təhsil. Bəs gömrük, vergi, polis, prokurorluq, bütövlükdə məhkəmə-hüquq sistemi? Bunların hamısı başdan ayağadək korrupsiyalaşmış qurumlardır (Korrupsiya idarəsi bir il qabaq Xarici Işlər Nazirliyində böyük yeyinti-mənimsəmə faktının üstünü açmışdı). Gerçəyə qalsa, 93-dən bu yana ölkədə azman Dövlət korrupsiya piramidası yaradılıb. Bu azman korrupsiya piramidasının başında, hamının gözəl bildiyi kimi, Prezident Administrasiyası durur! Bir fakt: Böyük Britaniya parlamentinə bağlı Vergi qurumunun araşdırmalarına görə, ata-bala Əliyevlər 1993-2010-cu illərdə Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürüblər…
I.Əliyev jurnalistlərlə yubiley görüşündə çevrəsinin onu aldatdığı üçün ölkə gerçəklərini Internetdən öyrəndiyini bildirdi. Çevrəsi prezidenti aldadır, prezident də xalqı. Prezidentə baxın: polisə, KQB-yə, dövlət büdcəsindən ildə milyonlarla manat pul ayırır, sonra da ölkə gerçəklərini Internetdən öyrənir! Sonra da gedir Avropa Oyunları, Formula bir, nə bilim, daha hansı oyunlar oynamağa, keçirməyə. Saakaşvili – dünənki uşaq – Gürcüstan kimi başıpozuq, rüşvətə-korrupsiyaya bulaşmış ölkəni bir neçə ilin içində QANUNÇULUQ ölkəsinə çevirdi. Əliyevlər 45 ildir Azərbaycanda rüşvətxorluqla, korrupsiya ilə “mübarizə” yalanları içində rüşvətxorluğu, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ dönüşdürürlər. Satqın jurnalistikanı ödülləndirən, satılmaz jurnalistikaya yağı yanaşması sərgiləyən prezident gərəkən reformalara başlamaq üçün mediadan yardım umduğunu bildirir. Uzun illər sevərək bəslədiyin korrupsiya komandası ilə reforma aparmaq! Absurd deyilmi?! Bu sayaq çıxışlar prezidentin özünə “mən yaxşıyam, çevrəm pisdir” baxışı yaratması üçündür.
Saakaşvili Gürcüstandan rüşvəti yığışdırmaq faktına belə aydınlıq gətirmişdi: “Özüm rüşvət almadım”. Qısa, konkret. I.Əliyev vətəndaşları “fəal olmağa”, rüşvət-korrupsiya faktları ilə “mübarizə” aparmağa çağırır. Bu, xalqı ələ salmaqdır. Sən korrupsioner komanda yarat, korrupsioner komandaya başçılıq et, sonra da xalqı bu komandayla “mübarizəyə” çağır. Məhkəmə-hüquq sisteminin bütünlüklə korrupsiyaya bulaşmasına göz yum, sonra da xalqı arxasında dağ təki dayandığın bu sistemlə “mübarizəyə” səslə. Deməzsən: aldatdım!
Mənə Şəki icra hakimiyətinin başçısı Elxan Usubovun həyətində iki artezian olan 3 milyonluq evini göstərdilər. Varlığa nə darlıq, deyilmi?! Darlıq nədədir? Bu varın xalqı soyub-yağmalamaqla əldə edilməsində! Başqa cür desək, xalqa amansızcasına darlıq yartmaqla əldə edilməsində. Abid Şərifov Şəkinin ən gözəl yerində çoxsaylı tikililəriylə az qala Şəki boyda turizm bazası yaradıb – dövlət qulluqçusu Abid Şərifov! Demokratik dövlətlərdə jurnalistlərin yaxşı yaşayışlılar kateqoriyasından sayıldığını demişdim. Bizdə necədir? Ünlü jurnalistin bir həftə qalmaq üççün ucuz ev axtardığı Şəkidə bir sıra dövlət qulluqçuları, o sıradan, Nazirlər Kabinetinin yetkilisi Abid Şərifov, Ədliyə naziri Fikrət Məmədov milyonlarla dəyərində kommersiya-biznes obyektləri tikir – qiymətləri oğru-korrupsioner rejim normalarına uyğun obyektlər! Bunlar istər şəkililərin, istərsə də oğurluq-korrupsiya dövlətçiliyində pay yiyəsi olmayan hər hansı azərbaycanlının yaşı boyu ayaq basa bilməyəcəyi obyektlərdir – korrupsioner oliqarxiya obyektləri!
Şəki kimindir?
Dağın yamacında adına Mustafa bəy deyilən gözəl bir yer var. Sovet hakimiyətindən qabaq buralar hansısa Mustafa bəyin olub. Sovet hakimiyəti bu yeri Mustafa bəydən alıb nə etsə yaxşıdır? Pioner düşərgəsi! Bir çağlar (əliyevçi antixalq hakimiyəti ilə qarşılanmayadək!) sevmədiyimiz Sovet hakimiyəti uşaqlara belə qayğı göstərmişdi. Sovet dönəmində burada Azərbaycanın hər yanından uşaqlar gəlib yaşı boyu unutmayacağı günlər keçirərdilər. Indi bura ölkədəki bir çox başqa pioner düşərgələri kimi hansısa oliqarx-deputatın gəlir qaynağı, kommeresiya obyektidir. Indi bütün Azərbaycan uşaqlı-böyüklü orta statistik azərbaycanlıların olmadığı sayaq, Şəki də uşaqlı-böyüklü orta statistik şəkililərin deyil. Yuxarılarda milyonların, milyardların mənimsəndiyi olkədə başqa cür ola da bilməz. Müəllimin 200 manata, həkimin 150 manata, Milli elmlər akademiyası əməkdaşının – elmi işçinin 150 manata qulluq etdiyi ölkədə yalnız iki kateqoriya adamlar ola bilər: 150-200 manata qulluq edən yoxsullar, 2000-3000 min manat aylıqla dövlət qulluqçusu statusunda korrupsiyaya qurşanaraq xalqı soyub-yağmalayan, dövləti yeyib-dağıdan supervarlılar!
Rejimin “dövlət qəzetinin” yazdıqlarına baxın: “Respublika prezidenti Ilham Əliyevin davam etdirdiyi (ata kursu!) çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur”. Təkcə elə Şəki görsənişlərindən bilindiyi kimi, bunlar bütünlüklə yalandır. Ortada nə çoxşaxəli iqtisadiyat-islahat var, nə də bu yöndə hər hansı uğur. Ancaq ortada əliyevçi çoxillik hakimiyət boyunca ardıcıllıqla yürüdülən ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlər üzündən ölkənin hər baxımdan yoxsulluğa, yolsuzluğa, yoxluğa sürükləndiyini göstərən danılmaz statistika var. Az TV-lərin elə hey itib-batdığını, dağılıb getdiyini bildirdiyi “Ermənistan” elm-təhsil göstəricilərinə görə 74-cü, Azərbaycan 104-cü yerdədir. Bir çox başqa parametrlər baxımından da “batıb-gedən” “Ermənistan” bizdən qat-qat yüksəkdə durur. Rəsmi statistikaya görə, bizdəki yeniyetmələr arasında kriminallaşma faktları (daha çox soyğunçuluqla bağlı!) durmadan artır. Uşaq hüquqları liqasının başçısı Yusif Bəkirov bu faktla bağlı bildirir: “Problemin dərinləşməsinin başlıca nədəni AILƏLƏRIN, UŞAQLARIN ÖZLƏRININ sosial durumunun ÇOX ACINACAQLI olmasıdır”. Y.Bəkirovun dediklərindən: “Ailədə, evdə, bir sözlə, hər yerdə sosial durum ağırlaşdıqca, uşaqların cinayətə sürüklənməsinə gətirib çıxarır”. Ölkədə yeniyetmələrin kriminallaşmasının doğru-düzgün diqanozu budur: yoxsulluq, dolanışıq dözülməzliyi!
I.Əliyev rejimin satın aldığı yalan jurnalistləri qarşısındakı çıxışında deyir: “Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu proses bundan sonra da davam edəcək”. Korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ dönüşdürüldüyü ölkədə milli ideya gerçəyinə yalnız gerçək milli ideyanın nə olduğunu bilməyənləri inandırmaq olar! Indiki korrupsiya rejiminin yazılmamış qanunlarına uyğun olaraq uşağın doğuşundan başlayan “pul ver!” soyğunçuluğu böyüdükcə, ağlı kəsdikcə bağçadan, orta, yüksək oxuldan gedib çıxa bildiyi dövlət qulluğunadək onun bütün yaşamını bürüyür. Beləliklə, pul tapmaq, pul əldə etmək, pullu KIŞI olmaq subyektin başlıca yaşam idealına çevrilir. Bununla da toplum, ölkə, dövlət normal düşüncəli yurddaş yerinə… ən azı potensial kriminal element qazanır. Belə bir ortamda hansı milli ideyadan, milli ideya birliyindən danışmaq olar?! Elmlər akademiyasının əməkdaşı – alim Elman Şahverdiyev, dediyinə görə, Akademiyadakı kriminallaşma faktları ilə bağlı dövlət başçısı adlanan adama 1000-dən artıq (mindən artıq!) məktub yazıb, bir dənə də cavab almırsa, demək, ortada milli ideya yoxdur, korporativ gərəklər var! Bizdə indi AzTV-lərin dilindən düşməyən, xalqın baş-beynini aparan bir söyləmədə doğruluq var: “Azərbaycan Olimpiya-idman ölkəsidir”. Xalqdan oğurladıqları milyonların, milyardların bir parasını da xalqı aldatmaq üçün olimpiya-idman şouları düzəltməyə yönəldirlər. Böyük pullar bahasına alıb gətirdikləri legioner-çempionlarla xalqı sevindirib-şelləndirməyə çalışırlar.
Şəkidə olduğumuz bir həftə içində iki festival keçirildi: kulinariya-şirniyat festivalı. Başqa cür desək, qarın festivalı! Fransada xalça festivalı, Şəkidə kulinariya-şirniyat. Mən belə festivallara qarşı deyiləm, Olimpiya-idman oyunları kimi belə festivallardan da rejimin “Azərbaycanı dünyaya tanıtma” şousu olaraq yararlanma istəyinə qarşıyam. Nədən bu ölkə dünyaya min illər boyunca Azərbaycanı dünya biliminin, kültürünün önünə çıxaran, dünyanın ən gəlişmiş, yetkin uluslarından biri olaraq tanıdan-tanıdacaq bir-birindən böyük yetirmələri ilə tanıdılmasın?! Şəki kulunariya-şirniyat baxımından tayı olmayan bir yerdir. Ancaq, axı, Şəkinin Doğu dünyasında ilkin, üstəlik, ölməz dramaturgiya örnəkləri yaratmış Mirzə Fətəlisi, yüksək yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, Azərbaycandan uzaqlarda da tanınan Fuad Əbdürrəhmanovu, başqa görkəmli adamları var. Niyə onların xalqa sevdirilməsi, dünyaya tanıdılması yönündə çalışmalar olmasın?!
Şəki Ipək kombinatı
Şəkidə qabaqlar iki başlıca sənaye obyekti olub: Tütün fabriki, Ipək kombinatı. Tütün fabriki indi yoxdur, Ipək kombinatı yoxdan bir az bəridir. Adını uşaqlıqdan eşitdiyim Ipək kombinatı ilə yaxından tanışlıq üçün kombinata getdim. Jurnalist olduğumu bilsələr də, məni qapıdan içəri buraxmadılar: “Icra hakimiyətindən yazılı icazəniz olmalıdır”. Hərbi obyektə deyil, mülki obyektə gəldiyimi bildirməyim də işə yaramadı. Şəki Ipək ASC (açıq səhmdar cəmiyəti) hansı gizlinlərinə görəsə qapılarını üzümə bağladı. Mən kombinatın qapısına çatanda qapıdan bir-birilə danışa-danışa iki rus çıxdı. Məni içəri buraxmayan qoruma polisindən onların kimliyini soruşdum: “Pambıq işiylə bağlı Rusiyadan gələnlərdi”,- dedi. Şəki Ipək.., pambıq işi! – bunun bir adı da Cahangir Hacıyev – Abbas Abbasov işi, daha doğrusu, işdəyi ola bilərdi. Hə, bu sizin son çağlar yaxşı tanıdığınız Cahangir Hacıyevdir, o biri də çoxdanın bəsbəllisi Abbas Abbasovdur.
Adı bir çağlar dünyanı dolaşmış Şəki ipəyinin min ili aşan yaşı var. Şəki Ipək kombinatı yalnız şəkililər üçün deyil, baramaçılıqla bağlı az qala bütün Azərbaycan üçün böyük iş yeri olub. Kombinatda 4 min adam işləyib. Bu isə ən azı 4 min ailə deməkdir. Göründüyü kimi, Şəki təki çox da böyük olmayan bir yer üçün 4 min adamlıq – 4 min ailəlik iş yeri elə də az deyil. Hə, 4 min şəkilinin – 4 min Şəki ailəsinin əlindən tutan, belini dikəldən bu iş yeri indi yoxdur. Indi Şəki Ipək kombinatında yüzədək adam çalışır, onlar da ipəkçiliklə deyil, pambıqla bağlı. Kombinatda işləyən bir sex qalıb: pambıq sexi! Bu da sizə daha bir korrupsioner rejim absurdu!
Atamın doğmaca dayısı Məhəmməd Qocayev bir çağlar (ötən yüzilin 30-cu illərində) Şəki Ipək kombinatının direktoru olub. Məni kombinatla yaxından tanışlığa çəkən bir nədən də bu idi. Açıq səhmdar cəmiyətdəki bir sıra gizlinlər kombinatla yaxından tanış olmağıma əngəl yaratdı. Özünün dediyi kimi, “uzun illər kombinatda can qoymuş” bir mühəndislə gözlənilməz tanışlıq “Açıq cəmiyətlə” bağlı bir sıra gizlinlərə aydınlıq gətirdi.
Demək, belə. Şəki ipək kombinatı yaxın çağlaradək ildə neçə min ton ipək verirmiş. C.Hacıyev Əliyevlər ailəsinə yaxınlığından yararlanaraq kombinatı ələ keçirir. Kombinatın qara günləri də bundan sonra başlayır. C.Hacıyev Özbəkistanda biznes qurmuş Abbas Abbasovla birgə iş qurmağa girişir. A.Abbasov aralarında ermənilər də olan (ola bilsin, arvad qohumları) 30-dək özbəyi “mütəxəssis” adıyla gətirib kombinatda oturdur. Daha doğrusu, C.Hacıyevlə birgə onlar “işləri yenidən qurmaq” adıyla kombinatı bir elə parazitin əlinə verirlər – çox yüksək aylıqla! Şəkinin ən yaxşı yerlərindən birində yerləşdirilən, pul sarıdan korluq çəkməyən bu parazitlər “işləri yenidən qurmaq” adıyla üç ilədək Şəkidə yeyib-içib kef çəkirlər – gətirənlərin Mingəçevirdən Bakıyadək “Roza mamalığı” içində olmaqla! Sonra da onlar günlərin bir günü sivişib aradan çıxırlar. Sonuc nədir? Bu gün işləməyən, dağılmış durumda olan Şəki Ipək kombinatı. Kombinatın dağıdılması üzündən işini-dolanışığını itirmiş 4 min adam – 4 min ailə! Şəkililər olduqca bacarıqlı, dedikcə çalışqan adamlardır; aşağı faizli kreditlərlə, qanunçuluğu qorumaqla dövlətdən yardım olsa, onların hərəsi bir kombinat olmağı bacarar. Ancaq… neft Fondunun pullarını Avropa banklarına uzağı 4 faizə yatıran rejim bu ölkə yurddaşlarına krediti 29-44 faizə verirsə, demək, bilərəkdən, planlı olaraq adamları çətin, dözülməz dolanışıq yoluyla alverə-bazara, alıb-aldatmağa, aşındırıb…MƏNLIKSIZLƏŞMƏYƏ yönəldir!