Fuad Qəhrəmanlı: «Azərbaycan tərəfinin Qərbə ünvanlanan bu cür mesajlar səsləndirməsi fayda verməyəcək»
Hakimiyyət Qərblə münasibətlərin gərginləşməsi fonunda reallığı tam başqa formada təqdim etməyə çalışır. Hakimiyyət mətbuatında aparılan təbliğata görə, rəsmi Bakı Qərblə “qarşılıqlı faydalı əməkdaşlıqda” maraqlıdır. Amma “qarşılıqlı faydalı əməkdaşlıq” dedikdə hakimiyyət demokratiya və insan haqları ilə bağlı tələblərin kənara qoyulmasını istəyir. Hakimiyyətin mövqeyincə, bu istəklər bir ölkənin daxili işlərinə qarışmaqdır. Hakimiyyət Qərbin bu əməkdaşlıq təklifinə razılıq verməyəcəyi təqdirdə bunu Azərbaycana qarşı “ikili standartların” tətbiqi sayacaq.
Əslində, hakimiyyət mətbuatnın apardığı təbliğat Qərbə bir mesajdır. Hakimiyyət bununla Qərblə əməkdaşlıq istiqamətlərini bəyan edir. Həmin istiqamətlərdə isə demokratiya və insan haqlarına yer yoxdur.
Halbuki Tuskun son səfəri zamanı bəyan olundu ki, beynəlxalq təşkilatlar Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşacaq.
Bəs hakimiyyətin Qərbə qarşı apardığı bu təbliğat bir nəticə verə bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Qərblə münasibətlərin yenidən bərpası üçün Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər yeni deyil və təcrübə göstərir ki, bu şərtlər qəbul olunmur. Azərbaycanın çox israrla dəfələrlə bu mövqeyi ifadə etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, rəsmi Bakı demokratiya və insan haqlarına toxunmadan Qərblə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb: “Hətta Azərbaycan hakimiyyəti məqsədlərini gerçəkləşdirmək üçün enerji və təhlükəsizlik faktorundan bazarlıq vasitəsi kimi istifadə etməyə çalışıb. Amma Azərbaycan tərəfinin təklifləri qəbul olunmayıb. Indiki halda da Azərbaycan tərəfinin Qərbə ünvanlanan bu cür mesajlar səsləndirməsi fayda verməyəcək. Artıq birmənalı şəkildə məlumdur ki, Qərb Azərbaycana münasibətdə öz prioritetlərini dəyişmək niyyətində deyil”.
F.Qəhrəmanlının sözlərinə görə, eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan geosiyasi təhlükəsizlik baxımından əvvəlki əhəmiyyətini itirib. Artıq Əfqanıstadakı məsələlərin bir neçə il öncəki qədər önəmli olmadığını deyən F.Qəhrəmanlı bildirdi ki, Iranla əldə olunan razılaşma dünya enerji bazarına ciddi yeniliklər gətirəcəkdir. F.Qəhrəmanlı hesab edir ki, o cümlədən Rusiya ilə bağlı Qərbin apardığı siyasət bütövlükdə postsovet məkanında geosiyasi balansın dəyişməsinə xidmət edir: “Belə bir şəraitdə Azərbaycanın şərt diqtə etməsi və ya hansısa şərtlər daxilində Qərbin demokratiya, insan haqları tələblərindən geri çəkiləcəyini iddia etməsi inandırıcı deyil. Azərbaycan mövcud qlobal tendensiyaları nəzərə almağa məhkumdur. Əgər Azərbaycan qlobal tedensiyalara qarşı gedəcəksə, bundan ilk növbədə Azərbaycan hakimiyyəti zərərçəkmiş olacaq. Azərbaycana münasibətdə beynəlxalq koalisiyanın mövcudluğu görsənməkdədir. Qərb ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların koordinə edilmiş fəaliyyəti görünməkdədir. Ya hakimiyyət riskli sonluğunu nəzərə alaraq bu qarşıdurma siyasətini davam etdirməlidir, ya da qlobal tələbə çevrilmiş insan haqları, demokratiya məsələsində konstruktiv mövqe sərgiləməlidir. Başqa fəaliyyət imkanı artıq yoxdur”.
Xəyal