Müqayis Verdiyev Goranboyda abadlıq işlərilə bağlı tenderi udmuş şirkətlə bağlı ilginc faktlar açıqladı
Goranboyun icra başçısı Nizaməddin Quliyev tərəfindən şərnələrək həbs olunduğunu deyən sahibkar Müqayis Verdiyev saxlanıldığı Gəncədəki 2 saylı Istintaq Təcridxanasından DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə müraciət edib.
Müqayis Verdiyev müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına yollayıb. Sahibkar müraciətində Goranboydakı abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı təşkil olunan tenderlərin qalibi olmuş “Fəqan xidmət təşkilatı” MMC-nin qanunsuz fəaliyyəti barədə məlumat verir: “Nəzərinizə çatdırıram ki, 2012-ci ilin mart ayında Goranboy rayonunda abadlıq işləri aparılması üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb. Bununla bağlı keçirilən tenderin qalibi kimi ”Fəqan" firması olub.
28.03.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə, Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 272 min 547 manat məbləğində, 21.05.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 1 milyon 352 min 704,79 manat məbləğində, 25.12.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə, Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 105 min manat məbləğində tenderi qəbul edib.
Göründüyü kimi Goranboy rayonunda abadlıq və quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində “Fəqan xidmət təşkilatı” MMC-yə qısa müddət ərzində 2 milyon manata yaxın vəsait ayrılıb".
Daha sonra “Fəqan xidmət təşkilatı” MMC barədə məlumat verən Müqayis Verdiyev yazır: “Ilk baxışda belə hesab etmək olar ki, ”Fəqan" böyük bir şirkətdir. Halbuki, həmin “şirkət”in cəmi iki işçisi, yəni müdiri və mühasibi var. Bu işlər aparılan müddətdə “Fəqan xidmət təşkilatı” MMC bir nəfər olsun belə istər fəhlə, istər usta ilə əmək müqaviləsi bağlamayıb, yəni, işlərin aparıldığı dövrdə həmin təşkilatın işçi qüvvəsi olmayıb. Bundan başqa MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri olmayıb.
Bundan başqa qeyd etmək istərdim ki, “Fəqan xidmət təşkilatı” MMC heç kəslə subpodrat müqaviləsi də bağlamayıb.
Bir neçə kəlmə də “Fəqan Xidmət Təşkilatı” MMC-nin rəhbəri, Mingəcevir şəhər sakini Məmmədov Fəyyaz Məmməd oğlu barəsində demək istərdim. Bu adamın tərcümeyi-halına diqqət yetirilsə məlum olur ki, o əvvəllər bir neçə dəfə CM-nin 179 (mənimsəmə) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunub və uzun müddətli azadlıqdan məhrumetmə növündə cəza çəkib. Belə adamın özünün bu böyük lahiyəyə rəhbərlik etməsi başadüşülən deyil.
Həmçinin Fəyyaz Məmmədovun telefon danışıqlarının antenn dairəsi araşdırılarkən məlum olub ki, o, 2012-ci ilin noyabr ayından 2013-cü ilin mart ayınadək, yəni 5 aydan artıq bir müddətdə cəmi 12 dəfə, hər dəfəsində 20-30 dəqiqə Goranboy rayonunda olub. Nəzərə alsaq ki, Fəyyaz Məmmədovun rəhbərlik etdiyi “Fəqan Xidmət Təşkilatı” MMC, Goranboy rayonunda abadlıq işləri aparmaq üçün 2 milyon manatlıq tenderi udub, o zaman Fəyyaz Məmmədov gecə-gündüz Goranboy rayonunda olmalı və işlərə rəhbərlik etməliydi. Onun isə 5 ay ərzində, cəmi 12 dəfə, özü də hər dəfə 20-30 dəqiqə Goranboy rayonunda olması sübut edir ki, bu adamın görülən işlərlə heç bir əlaqəsi olmayıb, yəni o qondarma bir şəxs olub.
Digər bir maraqlı məqam isə “Fəqan Xidmət Təşkilatı” MMC-nin tenderlə bağlı aparılan işlərin sənədləşdirilməsi ilə bağlıdır. Məlum olub ki, Məmmədov Fəyyaz Məmməd oğlu adıçəkilən sənədləri arxivə vermək adı ilə məhv edərək sübutları gizlədib.
Hesab edirəm ki, sizin tərəfinizdən aşağıda göstərilən suallara cavab almaq üçün “Fəqan xidmət təşkilatı” MMC-nin fəaliyyəti yoxlanmalıdır.
1."Fəqan xidmət təşkilatı" MMC 2012-2013-cü illər ərzində olan dövrdə fəaliyyət göstəribmi?
2.Fəaliyyət göstəribsə, hansı fəaliyyət növü ilə məşğul olub?
3.Həmin dövrdə bu şirkətin işçi qüvvəsi nə qədər olub?
4.MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri mövcuddurmu?
5.Işçi qüvvəsinin tərkibi, balansında olan avadanlıqlar və nəqliyyat vasitələri görməli olduğu xidmətləri həyata keçirməyə uyğundurmu?
6.Qeyd edilən dövrdə MMC-nin ümumi gəliri nə qədər olub və nə qədər vergi ödənilib?
7.Ayrı-ayrı təşkilatlarla debitor və kredit borcları hansı vəziyyətdə olub?
Əgər göstərilən bütün bu məsələlər araşdırılsa, ümidvaram ki, “Fəqan xidmət təşkilatı” MMC-nin dövlət büdcəsinin vəsaitlərinin mənimsəməsi faktı öz təsdiqini tapacaq".