Hakimiyyət isə bu rəqəmləri minimal hesab edir
Etiraf edək ki, yaşadığımız ölkədə neqativ xəbərlər eşitmək adamları təəccübləndirmir. Hansısa nazirin milyonluq villası, hansısa icra başçısının milyonluq avtomobili, hansısa komitə sədrinin milyonluq şirkəti ilə bağlı xəbərlər gündəlik mövzuya çevrilib. Ölkədə korrupsiyanın tüğyan etməsi, korrupsiyaya qarşı mübarizənin “şou” olması isə balca uşağın da bildiyi həqiqətdir.
2 gün öncə Baş Prokurorluqda 2015-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti ilə bağlı geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov korrupsiya cinayətlərinə də toxunub. Baş prokurorun sözlərinə görə rüşvətlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmlərə göndərilib. Məhkəmələrə göndərilimş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub.
Bu ölkədə korrupsiyanın miqyası o qədər yüksəkdir ki, hakimiyyət komandası oqədər varlanıb ki, artıq 95 milyonluq korrupsiya cinayəti adi görünür. Daha dəqiq desək, 10 milyonlarla ölçülən korrupsiya cinayətlərini müsbət hal kimi təqdim edirlər. Sanki qəpik-quruşdan söhbət gedir. Amma məsələnin başqa tərəfləri də var.
Əvvəla aydın olur ki, korrupsiyaya qarşı mübarizə cəmi 30 faiz effekt verə bilir. Yəni 100 milyonluq korrupsiya cinayətinin yalnız 30 milyonu geri qaytarıla bilir. Digər tərəfdən, bu göstəricilər ən xırda sahələrdəki korrupsiya statistikasıdır. Yəni bu günə qədər hansısa tikinti şirkətindəki, sənaye obyektindəki, məktəbdəki korrupsiyanın izinə düşə biliblər. Ən yüksək göstərici isə “Aqrolizinq”lə bağlı olmuşdu. Əgər bu sahələrdə korrupsiyanın miqyası 100 milyonlarla ölçülürsə, nazirliklərdə, böyük dövlət strukturlarında milyardlarla korrupsiyaya yol verildiyi aksiomadır.
Bəli, heç kimə sirr deyil ki, bu gün ən böyük korrupsiya gömrük sistemində, vergilər sistemində, nazirliklərdə, icra hakimiyyətlərində baş verir. Hər il abadlıq işləri üçün 100 milyonlarla vəsait ayırılır, yol tikintisindən tutmuş, məktəb təmirinə qədər milyardlar sərf olunur. Amma heç vaxt iri korrupsiya cinayətləri ilə mübarizə baş tutmur. Təkcə Hesablama Palatasının hesabatlarına baxsaq, bütün sahələrdə yeyintilərin aşkarlandığını görərik. 1500-2000 manat əmək haqqı alan məmurun 10 milyonlarla ölçülən vardiatı korrupsiyadan xəbər verən faktdır. Yaxud hansısa nazirin 10-larla şirəkətə sahib olması araşdırmanı zəruri edən faktdır. Amma bu ölkədə 10-cu dərəcəli adamlar həbs olunur, xırda korrupsiya faktları aşkarlanır və məsələ bununla da yekunlaşır. Bu ölkədə heç vaxt iri korrupsionerlər korrupsiyaya qarşı mübarizə idarəsinin “qonağı” olmur. Bu mübarizənin süzgəcindən yalnız xırda rüşvətxorlar keçir.
Hətta 2015-ci ilin birinci yarımilliyində 100 milyonluq korrupsiya cinayəti aşkarlanıbsa, ümumi mənzərəni təsəvvür etmək çətin deyil. Rəsmi etiraf olunan rəqəmlər belə, bu balaca ölkədə nələrin baş verdiyini sübut edir. Bugünlərdə məlum oldu ki, 7 manat dəyərində olan preparat 61 manata satılırmış. Əslində bu da korrupsiya cinayətidir. Dövlətə 7 manatın vergisini ödəyib, milyonlarla manatı mənimsəyiblər. Yaxud iri dövlət strukturları kifayət qədər pul qazansalar da, 100 milyonlarla vergi borcları qalıb. Bütün bunlara görə isə heç kim cəzalandırılmır.
Demək istəyirik ki, korrupsiyaya qarşı mübarizənin məqsədi, iri korupsionerlərin müdafiəsin əxidmət edir. Xırda subyektləri cəzalandırmaqla görüntü yaradırlar. Hətta bu xırdalar da müəyyən “bəxşiş” qarşılığında canı qurtara bilir. Ona görə də 95 milyonluq zərərin yalnız 30 milyonu sığortalana bilir.
Azad